“Nə qasırğalar, nə xəyal qırıqlıqları, nə kədərlər, nə ümidsizliklər, nə acılar…”

 

“Ədəbiyyat və incəsənət” portalı “Oxucuların yaradıcılığı” rubrikasında Nailə Mirzəyevanın “Bir mahnı” adlı essesini təqdim edir. 

 

Coxdandi eşitdiyim bir mahnını təkrar eşitdim təsadüfən… Amma ilk dəfəydi ki, sözlərin fərqinə vardim.

 

Mən dəhşətə gəlmişəm, 

ondan tutulub dilim.

Sən ki, gənc qalmışdın yaddaşımda,

On yeddi yaşımda.

Mən qocalırdım, sənsə cavan idin xəyalımda. 

Uzun telli, ağ bədənli, incə belli.. 

 

Sanki bu sözlər silkələdi məni..  Ürkəkcə aynanın qarşısına keçdim, amma başımı qaldırıb baxmağa sanki cəsarət etmədim. Dərin bir ah çəkərək içimdəki maraq dolu qorxunu uzaqlaşdırdım özümdən və gözlərimi qaldırdım. Qarşımdakı mən gözəl idi…

Üstufca saçlarımı açdım, amma saçlar çiyinlərimi qucaqlamağa tələsmədi. Asta-asta dağıldı boynuma. Çöhrəmə, vücuduma baxdım. Əlimi hələ də şux qalmış yanaqlarıma çəkdim. Yoox, gözəl idim. Təravətli idim. Gənc idim. Amma nəsə vardı. Adını tapa bilmədiyim o nəsə nə idi, bilmirdim. 

Bütün vücudumu nəzərdın keçirdim tələsirmiş kimi. Birdən gözüm aynada mənə təəssüflə baxan o qadının istehzalı baxışlarına sataşdı. İlahi, o gözlərdə nələr var idi, nələr. Nə qasırğalar, nə xəyal qırıqlıqları, nə kədərlər, nə ümidsizliklər, nə acılar…

Çox baxa bilmədim bayagdan gözəlliyini hüceyrə-hüceyrə axtardığım bu qadının bir cüt gözünə. Baxışıyla bütün qəlbimi  dəlib parça-parça edirmişcəsinə sinəmə batan o gözlərə çox baxa bilmədim. 

Qəlbim yerindən cıxacaqmışcasına  döyüntüləriylə beynimə durmadan həyəcan  axıtdı.. Gözlər.. gözlər idi məhz dəyişən..

17 yaşındakı alışıb yanan, ümid haykıran, sevgiylə çağlayan o gözlər artiq elə baxmırdı… Özü yaşamadığı o həyat  ehtirasını yəqin elə bu üzdən ötürə də bilmirdi, ya da ötürmək istəmirdi gözlər.  

Bir zaman hamının heyranlıqla saçlarına  baxdığı  o qız sanki bu gün özünə acıqlanıb  tez saçlarını yiğdı. Özünü ələ almağa çalışdı. Yarim qalan bütün vədlər kimi o da bu aynadakı qadından uzaglaşmağa  çalışdı. Çevrilib gedərkən özünə təsəlli verməkdən qorxdu.. 

“41 yaş. Nədir ki. Ömrümün gözəl çağıdır. Yenə gözəl qadınam… Hər şey ki qaydasındadır. Mən elə o mənəm” deyə təkrarladı. 

Bu an aynadan bir gülüş səsi onu arxadan cağırdı sanki.. Gözlərini çəkmə, dön bir də bax deyə…

 

Soyuyub sən demə əllərin,

Sən demə qocalırmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin.. Qocalmısan, gözəlim…

 

Mahnı dinlənilməkdəydi. Amma bu dəfə onun ruhunu yenə bilmirdi.

 

P.S. Ötən gün keçmişimdən gələn o yorğun, üzgün düşüncələrin burulğanına düşərkən yazdım bunları.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.