Cavanşir Yusifli: “Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansıız şəkildə tənqid edək” Featured

Bugünkü ədəbi tənqid ədəbi prosesə nüfuz edə bilirmi? Ədəbi tənqidin ədəbiyyatımızın inkişafındakı rolu nədən ibarətdir? Bu və ya digər suallarla “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı İntiqam Yaşarın müarciətinə tanınmış tənqidçi Cavanşir Yusiflinin verdiyi cavabları diqqətinizə çatdırırıq.

 

 

 

Tənqidçiyə verilən ilk sual adətən bu sayaq olur: bugunkü ədəbi tənqidin durumunu necə qiymətləndirirsiniz.

 

Adətən, bu tipli sualları tez-tez verirlər. Ona görə tez-yez verirlər ki, bu, ümumi səciyyəli bir sualdır. On il bundan əvvəlki qəzet və jurnallara nəzər yetirilsə, görərik ki,  bu, tənqidçilərə ən çox verilən sualdı. Mən birbaşa cavab verim ki, ədəbi tənqidin durumu elə ədəbiyyatın öz durumu kimidir. Konkret olaraq onu deyə bilərəm ki, bizdə ədəbi prosesdə ədəbi tənqidin yeri haqqında ən müxtəlif fikirlər, rəylər, mülahizələr var. Amma, aydın məsələdir ki, konkret yaradıcılıqda, praktikada sən gərək, öz mövqeyini təsdiqləyəsən və onunla ədəbi prosesə yeni mesaj verəsən. Məsələn, bir çox insanların fikrincə, ədəbi tənqidçi yazarla müqayisədə ikinci dərəcəli bir fiqurdur. Amma, bir şeyi unutmayaq ki, tənqid söz haqqında sözdür. Tənqidçi yazarla müqayisədə heç də ikinci dərəcəli fiqur deyil. Adətən, bunun əksini deyənlər fikirlərini assosiativ müqayisələrlə əsaslandırırlar ki, filan şey birincidir, filan şey ikincidir. Zorla tənqidi də o sıraya pərçim edirlər. Əslində tənqid necə olmalıdır?  Bu, indi sənin sualından sonra bəlkə məntiqi şəkildə doğacaq bir sualdı. Bizim cəmiyyətdə hələ o yoxdur. Hələ bizim ədəbi prosesdə onun yalnız sönük işarələri var.  Tənqidçi elə olmamalıdır ki,  kiminsə istəyi ilə sifarişli yazı yazsın. Tənqid birinci növbədə seçim deməkdir. Yəni mənim seçimim varsa, mən ayırd eləyə bilirəmsə zövq aləmində yaxşı nədir, pis nədir,  deməli, mənim seçimim var. Yerdə qalanlar bu seçimə uyğun hərəkət eləməlidirlər.  Mənim də birinci vəzifəm həmin bədii mətni əhatəli şəkildə, estetik baxımdan, poetika baxımından təhlil eləməkdi. Əks təqdirdə tənqid tərif yığnağından ibarət olur və  öz adının əleyhinə çıxır. Çox təssüf ki, indi mənim həsədlə dediyim o cəhətlər bizim ədəbi tənqiddə yoxdur. Çünki, bu, həm vicdan məsələsidir, həm də ki, uzun bir prosesin nəticəsində formalaşacaq bir işdir.
Yəni, insanın həvəsi gələr, yüzlərlə nəzəri, praktiki  kitab oxuyar. Amma, müəyyən kriteriyalar var ki, onları kitablar vermir, insanın daxilindən gəlir. İnsan daxilindən gələn səsə qulaq asmağa öyrəşərsə, buna vərdiş edərsə, ondan yazıçı olar, ondan şair olar, ondan tənqidçi olar. O səsi batırmaqla məşğul olarsa, inandırım səni, ondan heç nə çıxmaz.

 

 

Bu gün ədəbi tənqidə axın nəzərə çarpacaq səviyyədə deyil, dramaturgiya və ədəbi tənqidə axın niyə azalıb.
Ümumiyyətlə, mən sənə bir şey deyim. Bizim ədəbiyyat adamları, yazı-pozu ilə məşğul olan adamlar ümumi baxışı nəzərə alsan, görəcəksən ki, sanki, bu cəmiyyətdə gedən proseslərdən bir az kənardadırlar.  Hətta onları bir az kənarda saxlamağa çalışan qüvvələr var. Dramaturgiyadan danışaq, məsələn, teatrlar yaxşı işləyirdi. İndi yaxşı dramaturqlar barmaqla sayılacaq qədər azdı. Yaxşı teatr rejissorlarımız da həmçinin. Həm də səviyyə ortadan aşağıdır. Amma, ədəbi tənqidçilərin sayı əvvəlcədən az olub. Çünki, bu elə bir sənətdir ki, elə teatr sənəti kimi sintezi xoşlayır. Özündə bir çox bacarığı birləşdirməlidir. Yəni, müəyyən formulları, qəlibləri bilmək tənqidçi, dramaturq, rejissor olmağa bəs eləmir. Görürsən, rejissor mizan verir. Bu zaman bayaq dediyim kimi, o öz seçimi ilə, zövqü ilə razılaşır. Burda həmin yaşa qədər əldə etdiyi biliklər də zəmin rolunu oynayır. Bilik insanın daxilində bayaq dediyim o səslə qarşılıqlı münasibətdə olmalıdır. Bunlar olmayandan sonra tənqidçi olmayacaq və rejissor da olmayacaq. Ümumi səciyyəli adamlar olacaq ki, yəni, bunlara eyni zamanda bütün adları vermək olar. Bir sənətin sahibi olmaq üçün orda özünü son damlasına qədər əridə bilməlisən. Əridə bilməlisən ki, səndən yaxşı bir mütəxəssis olsun. Kitablar oxuyandan sonra, mütaliə eləyəndən sonra və dünyanı dərk eləyəndən sonra sən artıq çevrilib başqa bir adam olursan. Göründüyü kimi, bu, mən dedyimdən də ciddi bir prosesdir.

 

 

Ədəbi tənqid ali məktəblərdə tədris olunur, bu fənnin tədrisi  qənaətbəxşdirmi, bəlkə ədəbi tənqiddən qaçmanın səbəblərini elə ali məktəblərdəki ədəbi tənqid dərslərində axtarmaq lazımdı.
Universitetdə sovet dövründən bu yana qədər həmişə filologiya fakültəsində tənqid kursları olurdu. Orda ixtisas seçmə mərhələsi var. Ədəbi tənqid də o ixtisaslardan biridir. İndiyə qədər də orda ən görkəmli alimlər dərs deyirlər. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində də müxtəlif fənnlərdən, o cümlədən, ədəbi tənqiddən mühazirələr oxunurdu. Bunun azlığı, çoxluğu heç nəyə dəlalət eləmir. Tənqidçi iki nəfər, üç nəfər də ola bilər. O iki-üç  nəfər nəhəng işlər görə bilər. Məsələ miqdarda deyil, məsələ prinsipdədir. Həmin prinsiplər bizdə yoxdur.

 

 

Ədəbi tənqid sahəsinə aid dərsliklər qənaətbəxş hesab oluna bilərmi, müstəqillik dövründə ədəbi tənqidə aid yazılan əsərlərlə sovet dövründə yazılanları kəmiyyət və keyfiyyət baxımından necə müqayisə etmək olar.
Biz hər şeyi çox vaxt sovet dövrüylə müqayisə etməyə öyrəşmişik. Əslində bir şeyin normallığını, anormallığını üzə çıxarmaq üçün konkret bir əsəri onun standart halı ilə müqayisə eləyirlər. O standart isə təəssüf ki, hələ də bizdə yoxdur. İndi müxtəlif alimlər ədəbi tənqid, bədii tərcümə və s. ilə əlaqədar dərsliklər yazıb hazırlayırlar. Bunlar da ali məktəblərdə tədris olunur. Mənim müşahidə elədiyim cəhət budur ki, məsələn, adını çəkdiyimiz Yaradıcılıq fakültəsində 30 nəfər vardısa, Allaha çox şükür ki, bunların arasından ildə bir-iki nəfər imza çıxırdı. Bütün dava həmin imzalar üstündəydi. Yəni, sən gəlib bütün bu nəzəri məsələləri gözəl öyrənərsən, amma, səndən yazıçı olmaz. Mən dərs dediyim yerdən Mübariz Örən imzalı gözəl bir nasir yetişib. Onun bir neçə hekayəsi çıxıb. Onun haqqında vaxtında “Kitabçı” jurnalında da yazmışam. Yeri gəlmişkən deyim, bizdə bir pis tendensiya var, tutaq ki, vaxtaşırı olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu oqanlarını kəskin tənqid edirlər. Amma ortada, həmin o qızğın prosesin içərisində “Kitabçı” kimi bir jurnal çıxır. Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansıız şəkildə tənqid edək, amma yaxşı olan şeyi də gözümüzdən yayındıraq. Yəni, yaxşı şeyi görməzliyə vurmaq bizdə xarakterin bir komponentinə çevrilib. Bu isə faciə deməkdir.

Elə təəssürat yaranır ki, bəzən  bugünkü ədəbi tənqid axtarışda deyil, sanki, bir növ, ədəbi tənqidə təsadüflər nəticəsində tuş olan əsərlərdən yazılır.
Bayaq dediyim kimi, insan əgər ədəbi tənqidçidirsə, öz predmetini, onun mənəvi tərəfini yaxşı bilmirsə elə sən dediyin mənzərə hər addımda boylanacaq, hər addımda peyda olacaq. Onu doğru deyirsən, məsələn, ədəbi tənqid hər şeyi əlinin altında axtarır. Yəni, gözüylə, hissiyyat orqanları ilə uzaq məsafələrə baxmağa darıxır, səbri çatmır. Bir növ, müəyyən əsərləri tənqidçinin əlinin altına sürüşdürürlər,  hər yer sürüşkəndi, indi bildiyimiz kimi. Tənqidçi də başlayır ondan yazmağa. Artıq, bu bədii tərcümədə də belədir.  Tərcüməçi əsəri bir dəfə oxumadan, beş dəfə oxumadan oturur tərcümə eləməyə. Tənqidçi də əlinin altına sürüşdürülənə baxa-baxa başlayır mətn haqqında yazmağa. Bəzən heç mətni oxumadan yazanlar var.

 

 

Bu sahədə nələrin edilməsinə zərurət var, əgər, bu gün o addımlar atılmasa sabah Azərbaycan ədəbiyyatı hansı fəsadlarla üzləşə bilər?
Bu sahədə vicdanlı olmağa ehtiyac var. Mənim bir etiqadım, inamım var ki, mən işdən də çıxa bilərəm, çörəksiz, susuz da qala bilərəm. Ruzini bilirik ki, Allah yetirir. Hər kəsin evində bir baca var ki, görürsən, o bacadan ruzin gəldi və sən də onu götürüb ləzzətlə, ah çəkə-çəkə yeyirsən. Dediyim kimi, tənqidin problemləri mənəvi problemlərdi, vicdan problemləridir. İnsanlar bildiklərindən çox bilmədiklərini yazır, tanımadıqları dənizlərdə çimməyi daha çox xoşlayırlar və anlamırlar ki, bir gün həmin dənizdə boğula bilərlər. 

 

 

Son zamanlar gənclərin ədəbi tənqidə axınında müəyyən boşluqlar nəzərə çarpır. \

 

Ədəbi tənqiddə insanlardan tələb etmək olmaz ki, sən ədəbi tənqidə gəl. Özü də axın şəklində. Heç bu lazım da deyil. Yəni, bu elə bir spesifik sənətdir ki, insanın oraya yolu düşməlidir. Bu sahə ədəbiyyat haqqında mükəmməl anlayış tələb edir. Orda şagirdlik yoxdur.  Tənqid say etibarı ilə az adamın olmasını tələb edir.

 

 

Tənqidi bir yazı hazırlayarkən çox zaman tənqidçilər, əsərin keyfiyyətindən, ideya-məzmun xüsusiyyətlərindən daha çox yazıçının çəkisinə və vəzifəsinə üstünlük verirlər. Bir növ, imzanın sözünə yox, sözün imzasına diqqət yetirilər. Ədəbiyyatı bu cür xəstəliklərdən sağaltmaq üçün nə etməliyik.

 

Bu, ümumi bir xəstəlikdir ki, hələ bir neçə il bundan əvvəl bu daha pis şəkildə idi. Zəif əsəri tənqid eləmək çox asan  bir şeydir. Məziyyəti olan əsərlər haqqında tənqidi yazmaq, həm də, gözəl təriflər yazmaq dərin bilik tələb edir. Ona görə sən beş-on dəfə oxumaq istəyirsən bu əsəri. Bezmirsən, çalışırsan ki, onun içərisindən nüvəsini tapasan. Çünki, bədii əsərdə nüvəni tapmaq çox çətindir.

 

 

“Hər bir əsər məhz güclü bir tənqiddən sonra tanınır”-deyə ədəbiyyatda geniş yayılmış bir fikir var. Amma, çox zaman bunun əksini müşahidə etmək olur. Əsər çap olunan kimi tezliklə tanınır və təkrar-təkrar çap olunur. Sadaladığımız yanaşmalardan hansı daha doğrudur.

 

Hər ikisi doğrudur. Məsələn, bizdən fərqli olaraq Avropada artıq ədəbi prosesin inkişafı qanunauyğunluqları müəyyən kommersiya əsasları üzərindədir. Göründüyü kimi, dünyada  elə müəlliflər var, ildə  beş-altı kitabı çıxır və xeyli pullar qazanırlar. Bunların bəzən heç tənqidə də ehtiyacları yoxdur. Həm də o mətnlər özləri orta statistik səviyyədə olur.  Bizdə Mübariz Cəfərli imzalı bir yazıçı var. İyirmi ildir ki fəaliyyət göstərirdi və çox az tanınırdı. Onun birdən-birə üç-beş il ərzində “Bənna”, “Bərpaçı”  və “Bağban”  romanları çıxdı. Bunlar mükəmməl romanlardır. Mən onların haqqında yazdım. Mənə qədər heç kəs yazmırdı. Məndən sonra bunun haqqında yazmağa başladılar. Bunu ona görə misal gətirdim ki, görsünlər, tənqid necə həlledici rol oynaya bilər. Həm müəllifin özünə necə təsir eləyə bilər və müəllif birdən-birə görə bilər ki, heç də o, deyilən kimi itib-batan biri deyil. Gözəl şeyləri yazmaq lazımdır.

 

 

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.