“Çək günəşi şəhərin yuxulayan gözündən” – Rəvan Cavidin şeirləri Featured

Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Rəvan Cavid

 

1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakültəsini bitirib.

2016-2018-ci illərdə AYB-nin “III Gənc Ədiblər Məktəbi”nin iştirakçısı olub.

2019-cu ildə AYB-nin “Uğur” mükafatına layiq görülüb.

“7” (2017), “Mavi boyalı ev” (2020) şeir kitabları çap edilib. 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsində Türkiyənin “Zengin” nəşriyyatında “Absürt menu” esselər kitabı nəşr olunub.

Hazırda Kulis.az mədəniyyət portalında müxbir vəzifəsində çalışır.

Rəvan Cavid çox gözəl bədii lövhələr yaradır, onun şeirləri olduqca lakonikdir. “Səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin” deyir Rəvan Cavid. Gözəl deyir. Sevginin müqəddəsliyini bunca izhar edə bilmək fərqlilikdir.

 

 

Kimə desəm, inanmır...

 

Kimə desəm, inanmır –

dənizə qar yağmışdı, qağayılar mavidi,

mandarinlər çəhrayı.

Kimə desəm, inanmır –

səni çağırmaq azan, səni gözləmək səcdə,

səni sevmək bir ayin.

 

Kimə desəm, inanmır –

bu nağılın alması Həvvanın günahıdı,

Adəmin cəzasıdı.

Kimə desəm, inanmır –

Firon yenə yuxuda, Yusif yenə quyuda,

Züleyxa dözəsidi.

 

Kimə desəm, inanmır –

sənə qədər yolların izini itirmişəm,

cığırları pozmuşam.

Kimə desəm, inanmır –

Ay Günəşdə yox olub, səma dənizdə batıb,

həm gündüzəm, həm axşam,

həm Allaham, həm adam,

həm övliya, həm nadan –

kimə desəm, inanmır.

 

Kimə desəm, inanmır –

səni sevmək dünyanın ən gözəl hadisəsi,

ən bəyaz möcüzəsi.

Səni gözləməyim də səbrimin sahilinə

mirvarilər düzəsi –

kimə desəm, inanmır.

 

Biri olur, biri yox; uzun-uzadı nağıl,

Allahı yuxu tutdu? Nəsə uzanır nağıl...

Mənə bir il də möhlət, gəlib çatacam sənə,

bir əlimdə göyərçin, birində alma yenə.

 

 

Axşamüstü piyada

 

Sübhdən dua edirəm, ovcuma su yığanda,

günəşə əl eləyib səhər evdən çıxanda,

reklam lövhəsindəki gülən qıza baxanda,

elə bilirəm, gələcəksən...

 

Çək günəşi şəhərin yuxulayan gözündən,

ay işığı dənizdə, su şəhərin dizindən,

səni yenə görürəm göyün ay bənizində,

elə bilirəm, gəlmisən...

 

Kafedə soyuq çaxır, dilimlənmiş almalar,

eyni yer, eyni masa, gəlib-gedən adamlar,

hər şey eləcə köhnə, hər şey eləcə... amma...

gözlədim, gəlmədin...

 

İşığı yanan evlər, magistral, səkilər,

yorulan qarışqalar evlərinə çəkilər,

qulağımda mahnılar, telefonda şəkillər;

ümid var - gələcəksən!

 

 

***

 

bu gün sübh namazına gələ bilməyib Allah,

məscid həyətindəki sərçələrə dən atır,

müjdəli sabahların mürgülüdür sahibi,

sərçə qanadlarına xəfifcə hopub yatır.

 

ovuc-ovuc içimdə,

uzaq-uzaq hardasa...

qucaq-qucaq gecəmə

ay boyda günəş asa.

 

başı çiynimdə baxır özü yaratdığına,

Allah yaxşı Allahdı, ağlamağı olmaya,

küsüb kin saxlamağı,

cənnətə qapıları bağlamağı olmaya,

 

yoxsa yenə başlayır

qucaq-qucaq gecənin

uzun-uzun susmağı.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.