Poetik qiraət rubrikasında oxucularımıza gənc şair, Nigar Həsənzadənin “Söz” layihəsinin üzvü Cavid Qasımovun “O gün yadımdadır…” şeirini təqdim edirik. Bəyənəcəyinizə əminik.
O gün yadımdadır, qarışqalar da
Yeraltı bahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki ,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara.
O gün yadımdadır, yarasalardan
Gecənin qanını götürürdülər.
Hə, hə ..
Yadımdadır çarpayısında
uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim
Gecəni yatmayan səfil dostuma.
O gün yadımdadır, işıqforların
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin
Kimsəsiz bir uşaq qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında.
O gün yadımdadır, dostum gəlmədi ,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itgin düşmüş ata evində.
O gün yadımdadır, ağaclar hələ
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim
Meyvədən xəbərsiz əlağacından.
O gün yadımdadır, xatırlayıram
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
- Yadımda deyil...
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)