Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Cavid Zeynallı
1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. Hazırda Azərbaycan Dillər Universitetinin doktorantıdır.
Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc ədiblər məktəbi”nin məzunudur.
Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, gənc ədib kimi Prezident təqaüdçüsüdür. “Günəşi gözləyənlər”, “Leyla”və“Şükriyyə” kitablarının müəllifidir. “Coğrafya öğretmeninin ceketi” hekayələr kitabı Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunub. Əsərləri rus, ingilis, alman, gürcü və türk dillərinə tərcümə olunub. “Ölüməgedən” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qalibi olub.
Cavidin nəsri axıcı və rəvandır, dilimizin gözəllikəri burada qeyri xəsisliklə ortaya qoyulur, quru və sxematik bir şeylərə rast gəlinməz. Obrazlar canlı, dialoqlar təbiidir. Qalır, sadəcə oxuyub mətləbdən agah olasan.
Sara odu qoruyur
Bu hadisə başlayıb keçən ilin sentyabr axşamçağısından. Payız yağışları düşər-düşməz, nar ağacdan dərilər-dərilməzdən. Həmin gün Mərdəkan bazarındakı salxaq piştaxtalardan, rəngbərəng tərəzilərdən tutmuş, sarı limonlara, yaşıl-yaşıl bibərlərəcən hər şey nar qırmızısı rəngində yerə-göyə, adamlara-ağaclara gülümsəyirdi. Hələ sırtıq bazar pişiyinin gözlərinə, yağışa düşən sərçələrin islaq qanadlarına da qırmızılıq qarışmışdı. Payız axşamçağıları kədərli olur axı, hava tutqun, hava boz-bulanıq, hardansa bir dəli darıxmaq, hardansa bir qəribçilik çökür adamın sinəsinə. O qədər qəribçilik ki, nar satan arvad - o cadugər simalı arvad da pulun artığını qaytaranda məhrəmcəsinə: - Onun birini də ver, xala çəksin, - deyir. Gözlərinin öləziyən işığını tütün közərtisinə qarışdıranda ikimiz də gülürük.
- Dənizin uğultusunu eşidirsən? – O iştahası vəhşi arvadın tüstünü sinəyə çəkməsini kaş siz də görərdiniz, - Elə bil, kimsə sancı çəkir. Hansısa bədbaxt zarıyıb-zarıyıb doğub-törəyəcək. Yetimin biri də kəm olmayacaq, ey-y.
- Hər kimdirsə, dünyaya xoş gəlib.
- Əşşi, deyirsən də. Yeddisini elə mən doğmuşam. Dördü qırxı çıxmamış ölüb.
Mən diksinirəm. Və nə yaxşı anam zəng edir. Yoxsa itlərin yalavac dolaşdığı o tör-töküntülü bazarda arvad mənim falıma da baxacaqdı. Mərdəkanın axırıncı işıqforunu keçib şəhərə aparan prospektə çıxanda anamın telefondakı səsi əvvəl zəif-zəif qulağımda eşidildi, sonra artıb-çoxalıb beynimda uğuldadı.
- Evə bir az tez gəl, səni görmək istəyirəm.
Mən qapıdan girəndə bu zabitəli qadın yenə həkim hikkəsi (həm də zəhləm gedən həkim hikkəsi) ilə kiminsə başına ağıl qoyurdu. Ki, Allahın payıdır, saxla, böyüyüb sənə gözünün yağını yedirəcək.
- Sən ağlına gələni danışma, ha... Allah uşağın ruzisini də göndərir.
Abort etdirmək istəyən qadına belə-belə qədim həqiqətlər öyrətməyi, ilahi nəsihətlər verməyi anama Tibb İnstitutundakı Allaha şəkk aparan müəllimləri öyrətməyiblər. Bizim doktor xanım nənəsindən eşitdiklərini müəllimlərindən öyrəndiklərindən əskik bilmir. Bir həkim kəmşirinliyi, bir də o zəhləm gedən hikkəsi olmasa, anam qiymətsiz adamdır.
- Zəhmətkeş, mərhəmətli, vicdanlı olsanız, təkcə özünüzün yox, doğula bilməyən uşaqların, xəstələrin, şikəstlərin də əvəzinə xoşbəxt həyat yaşayacaqsınız. Siz yaxşı oxuyub onların arzularını ucaltmalısınız. Mən sizin sabahınızı aydın, gələcəyinizi işıqlı görmək istəyirəm, əziz balalarım.
90-ların acı günlərində məktəbimizdəki valideyn iclasları anamın bu sarı simə toxunan çıxışı ilə bitərdi. İndi o günləri xatırlayanda sinif yoldaşlarımı bir-bir gözümün qabağına gətirirəm. Və Nigarın, Orxanın, Məhəmmədin, elə Saranın özünün də gözündə işarıb-öləziyən müəmmanı, qorxulu sualı yadıma salıb gülümsəyirəm: “Sən belə ana ilə necə yaşayırsan? O hər gün səni döyür, hə?”. Sonra təkcə Nigarın, Orxanın, Məhəmmədin, elə Saranın özünün də anasının qarnı böyüyüb onlara qardaş-bacı sevinci gətirəndə evdə bizim doktor haqqında eşitdikləri ipisti alqışları çinədanlarına yığıb məktəbdə mənə danışardılar. Həm də gözlərində işarıb-öləziyən o müəmmanı, qorxulu sualı unudub danışardılar. Kasıbın alqışını qazanmağa nə var: cibində gözün olmasın, bir az da məhrəmlik göstər.
- Sizin sinifdəki Sara var idi e...
- Var idi.
- Dünən yanıma gəlmişdi.
- İndi Sara ilə danışırdın?!
- Hə. Onun başına niyə ağıl qoymursunuz?!
- Başa düşmədim?!
- Bir uşağı var. Üç yaşında. İndi ikinciyə hamilədir. Utanmır, gəlib yanıma ki, bunu götüzdürmək istəyirəm.
- Başa düşmədim, mən Saranın qayınanasına oxşayıram?!
(Anamın mənə tərs baxmağı. Yəni, it oğlu, sənə birini nə ilişdirərəm!)
- Sinif yoldaşlarınızla əvvəllər daha yaxın idiniz. Get-gedə soyuyursunuz. Bir-birinizə istiliyiniz qalmayıb.
- Məişət sıxıntıları, ana, məişət sıxıntıları... Qayğılar adamları bir-birinə ögeyləşdirir.
- Boş-boş danışma. Hərənizin otuz yaşınız var, indidən həyat qayğılarından dəm vurursunuz.
- Qayğı elə otuzdan sonra başlayır də. Ev, dolanışıq, əyin-baş, qohum-qonşu...
- Çünki kiçik şeylərə sevinib xoşbəxt ola bilmirsiniz. İraq olsun, elə bil beş ildən sonra öləcəksiniz. Evi, maşını, yaxşı maaşı beş ilin içində qazanmaq olmur, oğlum. Qazansan da, həyatın mənası qalmayacaq. Hər şeyin oldu, bəs sonra? Adam var, qışda qəpik yığıb yayda oğluna velosiped alır, qızına don tikdirir. İnsan səhərin açılmasından, ayın doğmasından da xoşbəxt olmalıdır.
- Doktor, insan o dediyin səhərin açılmasından ayın doğmağına qədər mağara qanunlarına tabe olmağa məcburdursa, hər gün çərləyirsə, qorxusundan ölüb-dirilirsə, necə xoşbəxt olsun? Məni danışdırma. O nardan dənələ, mən də əlimi yuyum, gəlirəm.
- Hə, bax, adam var, oğluna nar dənələyib bundan xoşbəxtlik tapır.
- Gözəl anam, işıqlı anam...
Onu özümə sıxıb öpürəm. Nə qəribədir, nə qəribə. 2003-ün elə bu vaxtlarında, elə payız axşamçağısında Saranı da özümə sıxıb öpəndə canıma eynən bu ətir yayılmışdı. Bu nə idi belə, İlahi? Gətirin gözünüzün qabağına: məktəbimizin arxasındakı çinarın başında oturan sağsağan haray salıb. Qar-qar, qarrr... Havada sazaq. Hardasa uzaqlarda xoruz banlayır. Quqqulu-quu... Yırtıq futbol topunu uşaqlar atıb gediblər, uzaqdan baxanda əlacsız adamın başına oxşayır: bir üzü ağ, biri qara. Təkcə Saranın ətrini, isti dodaqlarının tamını yox, o yırtıq topu götürüb çinarın başına atanda sağsağan qanadından qopan səsi də unutmamışam. Bir də pəncərədən bizi görüb tez də çəkilib gedən oğlanın qaraltısını yaddaşımdan silməmişəm. Bir il sonra məktəbi bitirdik. Sonra aradan məni Saradan incik salan çox sular axdı.
- Saradan danışanda niyə üz-gözünü turşudursan?
- Dəsmal hardadır? Hamama dəsmal da qoymursan.
- Yuyub qapının başından asmışam, götür.
- Səhərin açılmasından lazım deyil, hamamda dəsmal görsəm, belə xırda şeydən də xoşbəxt olaram.
İkimiz də gülürük.
- Onsuz da bilirəm ki, Saranı hələ də yadından çıxara bilmirsən.
Hə, anam düz deyirdi.
- İntəhası, dədənə oxşamısan. Dəvə kimi kinlisən.
Hə, anam bunu da düz deyirdi.
- Saranı əri atıb gedib.
- ...
- Eşidirsənməni?!
- Hə...
- Deyirəm, əri onu atıb gedib Dərbəndə.
- Hmm...
- Sara yaxşı qızdır. Uşağı götürtdürməkdə axmaqlıq edir. Gəlib gözünün yaşını tökür ki, istəmirdim, birdən ilişdim. Amma yalan deyir. Üzündə iki adamın işığı vari di.
- Sən bu kitab cümlələrini özün fikirləşirsən? Üzündə iki adamın işığı var idi, e-ey...
- İndi hamiləliyi öyrənməküçün min dənə üsul var. O vaxt nənəm adamı görən kimi deyərdi ki, filankəsin qızı hamilədir, üzündə iki adamın işığı var.
- Onda niyə əziyyət çəkib beş il oxuyurdun? Elə nənəndən öyrəndiyin işıqla yola verərdin də.
- Yaxşı, bəsdi. Telefonda danladım onu. Deyəsən, məndən incidi. Sabah zəng elə, bir az söhbət edin, fikri dağılsın.
Vurmağına Saraya zəng vurdum, ancaq təkcə telefonda söhbət etmədik, həm də görüşüb axmaqcasına bir-birimizi günahkar çıxardıq.
* * *
Əynində sarımtıl palto, üzündə limon turşluğu. Sara Nizami metrosunun qabağında yağışa düşən bir topa adamın içindən çıxıb üzü mənə tərəf gəlirdi. Yox, Sara gəlmirdi, Sara uçurdu. Məktəbdə də eynən belə idi: çəlimsiz canımı qoymağa yer tapmayıb darvazanın ağzında vurnuxanda, bir də gördün özünü yetirdi: ağacların, maşınların üstündən bir cüt əl, bir cüt ayaq, havada oynayan uzun-uzun saçlar mənə can atırdı. Amma o vaxtlar üzündə limon turşluğu görməzdin, onda daşa-divara da gülümsəyərdi Sara. Bir də anam düz deyirdi. Saranın qayğılı üzündəki iki adamın işığını mən də gördüm. Pəncərəsi Füzuli heykəlinə açılan restoranda acı lahmacun yeyib, köpüklü ayran içəndə də Saranı güldürə bilmədim. Məktəbimizin həyətindəki qızılgül kolları ilə danışan bağban Nüsrətin Qərənfil müəlliməyə vurulmağını danışdım, yenə eyni açılmadı. Açılmadı ey, açılmadı. Metrodan çıxıb mənə sarı uçmaq nə idi, bu qaşqabaq, məni günahkar çıxarmaq hikkəsinə? Görünür, Saranın dərdini başa düşmək üçün mən də hamilə qalmalı idim. Üstəlik, məni də ərim atıb getməli idi. O məktəb pəncərəsindən bizi görən oğlan...
Hamilə qaldığını nədən bilmişdi, Sara?! Vəhşi iştahasından.
- Uşaq kimi hər şeyi nəfsim çəkir. Üça damın payını yeyirəm, gözüm doymur.
Düz deyirdi, mən acı lahmacunun ikisini yeyəndə, Sara köpüklü ayranla dördünü içəri ötürmüşdü. Və hiss etmişdim, gözü hələ də qonşu masaların üstündə gəzişir.
...Qəsəbədəki avtobus dayanacağına yaxın aptekdən hamiləlik testi almağına peşman olmuşdu Sara. Əlləri əsib, dizlərinin taqəti çəkilmişdi. Hələ nə yaxşı, hamamın sürüşkən döşəməsinə ağzı üstə düşməmişdi. Həmin tutqun çərşənbəni günuzunu yatmışdı. Yatmışdı deyəndə, yerin içində ilansayaq qıvrılmışdı. Amma o qorxunun, o nigaranlığın içindən gün işığı kimi istilik boy verib Saranın saçından dırnağınacan yayılmışdı. Yayılmışdı və o istiliyin boy verdiyi yerə sığal çəkib boğazına tıxanan qəhərdən hönkürmüşdü Sara. Sonra yollanmışdı bağçaya. Evə çatana qədər oğlunu öpüb-oxşamaqdan doyardımı?! Doymazdı! Əzizləmişdi Muradı, boyun-boğazından gələn qoxunu vəhşi iştaha ilə içinə çəkmişdi. Həmin günün səhəri utana-utana gəlmişdi anamın yanına. Və deyəsən, anamın nəsihətləri işə yaramışdı, axı... Sara Bakıxanov qəsəbəsindəki xəstəxanadan Neftçilər metrosunacan olan uzun yolu pay-piyada gəlmişdi. Yolboyu da fikrində dağı arana daşıyıb yenə içindəki qorxuya əsir olmuşdu. Ki, min qayğının, min azarın içində onu necə doğacaq, onu necə böyüdəcək, Allah?! Amma içindəki istilik o tükənməz nigarançılığa üstün gəlmişdi. Evə çatıb oğlunun xırdaca əllərinə, işıqlı gözlərinə baxıb-baxıb doymamışdı. Günlər həftələri, həftələr ayları qabaqlayıb vaxt yetişəndə içindəki istilik əlli-ayaqlı adam olacaqdı. Məsələn, Məryəm çağıracaqdı onu, məsələn, Toğrul çağıracaqdı.
* * *
Sonra biz Sara ilə tez-tez görüşməyə başladıq. Mənqəzəbimi, o hikkəsini uddu. Ona gözümün qarasına, sümüyümün iliyinəcən bağlanmışdım. Niyə gülürsünüz, vallah, hə, ona gözümün qarasına, sümüyümün iliyinəcən bağlanmışdım. Bir-birini qovub ömrümüzü üzü qışa səmt edən darıxdırıcı günlərə rəng qatmaq üçün Saranı haralara aparmazdım: velosiped sürməyə, at çapmağa, balıq tutmağa gedərdik. Bir dəfə Qaradağın ləpədöyənindəki mağaraya sığındıq. Tanımırsınızsa, nişan verərəm. Mən dənizə tilov atıb balıq tutur, Sara odu qoruyurdu. Dekabr soyuğundan kükrəyən dəniz vəhşi uğultu ilə bizə sarı dartınırdı. Bizə sarı yox, qızınmaq üçün Saranın qoruduğu oda sarı. Sonra mən balıqları təmizləyir, o bişirirdi. Hamıdan, hər şeydən uzaq özümüzü xoşbəxt, məsud hiss edirdik. Bilmək istəyirsiniz ki, biz sevişirdik, ya yox? Nəyinizə lazımdır, ay adamlar?! Sara qayaların arasından üzü mağaraya sürünən kərtənkələdən qorxub-hürkməsəydi, hələ ora çox gedəcəkdik. Bəs sonra nə oldu? Sonra əri qayıtdı. Tale bizi yenə bir-birimizdən uzaq saldı.
* * *
- Bağışladım onu. Uşağımın atasıdır e, başa düşürsən? Bu gizli görüşlər bizim ikimizi də bədbəxt edəcək. O da uşağın olmağını istəmir. Deyir, çətinliyimiz çoxdur, bir-iki il də keçsin, fikirləşərik. Sonra da dedi, doğarsan, satarıq. Gör nə qədər qayğıdan xilas olarıq. Məni özünə sıxdı, ikimiz də güldük. Zarafat edirdi də. İndi mənə başqa cür bağlanıb, e. Sonra dedi, doğarsan, dostuma verərəm. On ildir həsrətindədir. Bunu deyəndə... ürəyim titrədi.
* * *
Və yanvar şaxtası. Bir də Saranın mənə rahatlıq verməyən yoxluğu. Yolları, ağacları qar tutub. Uzanıb gedən ağappaq damlar xırda təpələr kimi bir-birinin çiynindən boylanıb sıralanırlar. Bakı içində qadın həsrəti daşıyan mən biçimdə iradəsiz adama özü boyda əzab heykəli idi o günlər. Axı, Sara düz deyirdi: gizli görüşlər bizi bədbəxt edəcəkdi. Onda nədir bu yazıq duruşu? Nədir, bu məzlum siması? Hə, mən Saranı sevmişdim. Amma... amma o vaxtdan gör neçə il keçib?! On beş. On beş ildə sevgi nədir, məktəbin arxasındakı ağacda qarıldayan sağsağan da çoxdan ölüb. Onda mən niyə Neftçilər metrosundan üzüaşağı uzanan parkdakı zeytun ağacının altında siqaret sümürürəm? Niyə o binanın qartutan soyuq simasından, o pəncərədə gəzişən kölgədən gözümü çəkə bilmirəm?!
Şaxta sınan günlərdə yolum yenə Mərdəkan bazarından düşmüşdü. Gözüm nar satan arvadı axtarırdı. İstəyirdim, onunla yenə siqaret tüstülədim. Dedilər, ölüb. Beşcə gün əvvəl qalıb maşının altında. Qanı çilənib qarın üstünə. Görəsən, sırtıq bazar pişiyinin gözlərinə, rənbərəng tərəzilərə, sarı-sarı limonlara da qan qırmızısı çökmüşdümü?! Görəsən, nar qırmızısı gözəldir, qan qırmızısı?!
* * *
- Saranın əri qayıdıb.
- Gözüm aydın!
- Bu nə danışıqdır?
- Ana, sənin işin-gücün yoxdur?! Ay ana, ay ana... deyirəm, sənin işin-gücün yoxdur?
- Ayıb olsun! Bunun qışqırmağına bax! Evdə siqaret çəkməyi də yığışdır!
- Hər gün mənim yanımda niyə ondan danışırsan?
- Sara yaxşı deyil.
- Nolub ona? Nolub?
- Uşağı...
- Hə, uşağı nə?
- Uşaq ana bətnində şikəstdir. Dedim, saxlama, götürək, sənə dərd olmasın. Saldı tərsliyinə. Şikəst uşaq böyütmək... bilirsən... ağlamıram, yox... ağlamıram. Sənə noldu? Eşidirsən? Bəlkə sən onu yola gətirəsən?
* * *
Bu hadisə başlayıb keçən ilin sentyabr axşamçağısından, bitib bu ilin fevral səhərində. Kürəyimə cavan gəlinlərin pıçhapıçı dəyir. Həm də güllə kimi. Bu birinci mərtəbə, bu üç, bu yeddi... Sara sərçələrə dən verirdi. Sərçələr uçub getdilər. Uçub getdilər sərçələr. Sara əlində buğda, dayanıb qarşımda. Qış yerə-göyə, yola-rizə düşməmişdi. Qış Saranın gözlərinin ağına-qarasına düşmüşdü. Qış Saranın darmadağın saçlarına, hüznlü simasına düşmüşdü. Sara naşı əlində yonulan eybəcər heykələ oxşayırdı.
- Məni dilə tutmağa gəlibsən, hə?
- Hə...
- Onun da əlləri isti, gözləri işıqlı olacaq, vallah.
Mənə bir qucaqlıq yox, beş qucaqlıq sığındı Sara. Mən də ona bir adamın, beş adamın yox, on beş adamın uzanan qolları idim.
Görəsən, mağaraya sığınanda dəniz niyə o vəhşi səslə bizə sarı dartınırdı?! Qızınmaq üçünmü, Saranın qoruduğu odu söndürmək üçünmü?!
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)