“Bağışlayın, siz, öldürülmüş birinin ömrünü yaşayırsız...” - Ələsgər Əhməd Featured

Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Ələsgər Tərlan oğlu Əhmədov (Ələsgər Əhməd)

1997-ci ildə Bakida anadan olub. 2004-cü ildə 1 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. 2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Universiteti  bitirdikdən sonra Naxçıvan Əlahiddə Sərhəd diviziyasında 1 il tam hərbi xidmət keçib. 2020-ci ildən “Mücrü” nəşriyyatında redaktor və operator vəzifələrində çalışıb. 

Dövri mətbuatda şeirləri və məqalələri ilə çıxış edir.

Ələsgərin şeirləri həqiqətən də SW ekspertlərinin təəccübünə səbəb olub. Bu qədər dərin məzmunlu, obrazlılıqla aşıb-daşan, frazeologiya səpkili, bədii, cilalanmış şeirləri adı ədəbi dairələrdə epizodik keçən bir gəncin yazmasına təəccüblənməyib neynəyəsən?

 

ovuclar bir göz yaşı tutumudu;

gözləmək sevdanın onurğa sütunudu;

yəqinlik Allahın bəndədən əminliyidir;

bulvarın ortasında kəfənlənmiş kaktuslar

37-ci kalonda güllələnmiş məhbuslar ;

Quran ərəbcədən çox, Allahcadır; 

eşq - saçlarının qoxusunu unutmayan hafizə; 

təklik - çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi; 

azad dənizlərin düşməni akvariumlar; 

ömrün naqillərindən alo deyir

nömrəsi çevrilməmiş telefon dəstəyi;

yüklərinə tərəziyəm; 

ayaqqabı olmağa addımlayır

dərisi timsahın da;

söz - ana bətnində ölən uşaqdır...

 

 

 

1.

İtici romantika

 

Mən səni 

Anasından yem gözləyən,

yuvasında bütün varlıqları əzizləyən quşların yoxluğu qədər istədim 

 

Uşaqlığımdakı evin yeməyi olmasa da,

Getməyən anamın toxluğu qədər istədim.

Günəş gözünü,

heykəllərə qırpırdı

Sakit külək özünü,

dəstəksiz qapılara, mənzərəsiz pəncərələrə çırpırdı. 

 

Gəldin.

Həyəcanlı ikən titrəyən əllərimi gizlətdim,

saçların üsyankar dalğa idi küləkdə

Gözlətdim,

həyatımdakı qaranlıqlardan qaçırdım, ağ köynəkdə 

 

Bəlkə görə bilmək,

aşiq ola bilməkdi

Aşiq olmaq -

ona dünyanın genişliyini göstərmək üçün,

yanından çəkilməkdi 

 

Mən səni

Yaralı əsgərin ölmək,

korun eşitdiyini görmək,

Lalın həqiqətləri danışmaq istəyi qədər 

 

Beynini kələklərdən,

əynini küləklərdən qoruduğum sənə,

alışmaq istəyi qədər sevdim.

 

 

2.

Əl

 

Bir sinif şagird qucaqlamasıdı, 

ruhunun meditasiyası

Mənim üçün sənin əllərindir, Ləman 

Həqiqət zaman-zaman incidər, 

Bağlı gözlərindən gələn dodaqlarındı ağlımın mutasiyası 

Halı-sərgərdan dolaşıram, 

sənə həsrətlə baxmağa həsrət qalmamaq üçün alışıram 

 

Bütün qismətlərə 

Məmnunam, 

çünki ovuclar bir göz yaşı tutumudu 

Balıqların dərin sularda yeyildiyi kimi 

Gözləmək sevdanın onurğa sütunudu,

"Ovod"da deyildiyi kimi 

 

Mən üsyanam, 

bir balaca uğrumda vuruş. 

 

Doğulmamış övladından

vaz keçən ananın dərdində, səni tanımamağımın adı, ayrılıqdı? 

adi ayrılıqdı 

 

Ayrılıq bir nəfərin verəcəyi qərar deyil,

içindəki özündən də soruş 

 

Xatırlanmazsan hansısa qadından 

Nə gözlərindən oxşar, 

nə də yoxluğunda yaşar varoluşumdakı təlqin 

 

Qulaqlarında duyular, 

quyular, baxışlarının dərinliyidi 

Səninlə sağalaram yəqin,

yəqinlik Allahın bəndədən əminliyidir. 

 

Qaçışın ən tez nəfəsimə çatırdı 

qayıqları kifayətlərdə batırdı qarmaqlar 

barmaqlar qucaqladı əlimi

aşiq olduğum gözlərinlə baxıb dedin, ədəbiyyat müəllimi 

 

Bulvarın ortasında kəfənlənmiş kaktuslar

37-ci kolonda güllələnmiş məhbuslar 

 

Gəmi görkəmində mayak, 

yolu göstərib, gözləyən liman 

güman yerim 

 

Gəl sənə bir sirr verim: 

Yolun

ikinci addımında beş qaça bilirsənsə, ixlas, xilas

içindəki "düşmən" intiqamına

atəş aça bilirsənsə, islah, silahdı 

 

Sənin təsəvvüfündən hədiyyə, 

nəqş-bəndiyyə 

 

ilahi səfərdə yanlış addımlarımızın,

səf-arası onun rəsulu.

Dirsəyimdəki su, ruhumun qüsulu 

 

əriməklə yanğısına ağlayan şam

danmır qamətini,

qiyamətinə çevirəcək təkanı 

 

onun gözündən fitil,

mənim atəşimdən dabanımı közərdir

pəncəmə dolaşsa da 

 

Sönməyə çalışsa da,

qəbulu xatırlanır.

Axı, damlalar enməzdən öncə hazırlanır gölməçə məkanı. 

 

Göyərçinin ayağına yox,

qulağına pıçıldayıb ağlına bağlamışdım məktuba yazılanları 

 

Süleymanca tənbehləmişdim;

varlığının zikrini təsbehləmişdim 

Xarabatı təşbehləmişdim ki, baxçadı 

 

Dolaşıq düşünmə, inam fikrini 

kiçik-kiçik tapşırıqlar mühafizə

Quran ərəbcədən çox, Allahcadır. 

 

Eşq - saçlarının qoxusunu unutmayan hafizə 

Sənə göz yummaq istəyərəm, ölümqabağı 

Axı, 

Təklik -

çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi 

 

Həqiqət çılpaqlığı

O, güzgüdə görünməyəcək qədər sürətlidi 

 

Damar da ömrünün illiyi

İstərsən, axar 

 

Qoxusunu çəkdiyim telləri 

geri qaytarır çəpər əyriliyi 

 

Canın anı canandırsa,

dərin sularda üzdür söz oyunlarını 

 

Anomaliyayla doğulan təpəgözlər,

ailəvi təcridlə yaşayardı nağıllarda

Qüsur uşaq yaşlarından başlayardı, böyük ağıllarda 

 

göz səni görəcəksə, nizəyə qırpınmadan baxar 

 

Qəlbin qan ağlayanda

o, gülərsə, halın da sevgilisidi 

 

Ağıllı saydığın,

sən saydığın barmaqların dəlisidi. 

İflic qorxusudur 

dəniz heyvanlarının şüşə qəfəslərində qorxu, sudur. 

 

Başın 

bir işıq yuxusunu beşikdə çalxalandırar 

 

Azad dənizlərin düşməni akvariumlar, 

şüşə qəfəsli balaca dənizlər

Balıqların bir-birinə həsrətini dalğalandırar 

 

Keçmişin qəmlidi?

Keçmiş!

Mənim istəmsizliyimdən önəmlidir,

məni istəyənin istəyi 

 

ömrün naqillərindən alo deyir,

nömrəsi çevrilməmiş telefon dəstəyi 

 

Baxır, həyat tərəfə 

 

Jhonpardian

məsafələrin qapısında əzmkarlıqla üzünü turşutmuş qardiyan 

 

Dodaqaltı kinayələyir,

"satqındır qvardiyan" şübhələr içində - cəbhələr firqəsində

dırnağından ütülür göyərçin də, etibar dəbilqəsində 

 

Bu, ərəfə

bənövşəni

dərmədən sığallamış bağbanların ən rövşəni 

 

Kor olduğum səslərə karsan 

 

Həyatınızda biri olsun,

deyin: Mən səninlə xoşbəxt deyiləm, xoşbəxtliyin özüyəm

Məcnun səhrada divanə olmuşdu

Mən Bakıda, nə yaxşı ki, sən varsan. 

 

Yüklərinə tərəziyəm. 

 

Nə hansısa mətbəxdən pizza 

Nə də hansısa rəssamdan Mona Liza 

Başımın üstündə Məşədikazımın şəkili 

darçınlı çay dolu armudu - stəkan, 

daş nəlbəkili. 

 

Və sən.

Mən ömrünün qarğasıyam

Başladığın cümlənin arxasıyam 

 

sən mənim üçün nəfəs ehtiyacısan,

ruhun oksigen ağacısan. 

 

Səni arada elə gizlədirəm,

oğurlandığını sanıram.

Sevmək inanmaqdır, inanıram. 

 

 

3.

Fotoaparatdakı gözlərin.

 

"Sokrat kimi olmaq daha yaxşı imiş"

bəlkə özündən bezdiyindən, inkar əvəzliyindən demiş; Stüart.

 

Füsunkar gələcəyin özlüyündən, keçmiş dart.

Özlədiyin,

retro distansiyalarda

Qulların qarın qatındakı, qurdların naharı

Metro stansiyalarda gözlədiyin,

qatar sərinliyi

Dəmir pulların insanların həyatındakı dərinliyi: ovcundakı kart.

Xəmir məhsulların, standart şirinliyi -

"Nobaharı"

 

Gözlərində,

birincilik yayınmaqdır, hədəf sanı

İnciklik, məcburi aranı ayırmaqdır, sözlərində

Yalançıdır gerçəyindəki bəla-kin

Lakin, dirsəyindəki inqilabçı yaranı,

mühafizə adında qapıçı köynəyin sürtür

İçindəki çılpaqlığı örtür, nəfsani abır.

 

Doğum günlərinin vacibliyi,

beynimdəki qaranlıq cibliyi günəşləndirdi - 6 Noyabr.

Samanını saxlamayan,

zamanını anlamaz.

Kosmogen qüvvəni adlandıran,

ruhunu səccadədən göylərə qanadlandıran namaz,

Qəbuldurmu?

 

Məni görməməyin,

kefsizliyinə quldurmu?

Hissiyatlı dəqiqələr,

bir divar saatının evsizliyinə bənzədilsə,

dinlədiyim musiqilər səsinlə bəzədilsə,

 

Dünyanı sənə tapşırıb,

gözü açıq intihar edə bilərəmmi?

Barıtından boğular?

Oyuncaq evindən, uşaq arabasına qundaqlanan mərmi.

 

İkinci paraqraf.

 

"Mən ağlamıram!"

ağlasan, silərəmmi,

Uslandığım mövsümünə gələrəmmi

 

Təbəssümünə fokslandığım, fotoqraf?

 

Bir saniyə, bədənimin abı - boğulmağa dizdən:

Heyvanpərəst ulğum,

boğazımdakını yarımlayır

 

ayaqqabı olmağa addımlayır,

dərisi timsahın da

Qorxduğum dənizdən görünürsən,

su pərisi timsalında.

 

Dalğalar qışqırırdı,

bir sən yanırdın qaranquşların köçündən əmin halına

bütünlüyə varan quşların qanadında dayanırdın

İçindən qorxuluq adında,

qarğalar fışqırırdı həmin balina.

 

 

4

3-lü vəfat koloniyası 

 

Söz - ana bətnində ölən uşaqdır

Qaranlıq otaqdır,

qırmızı rəngdə

Külək kədərə ortaqdır,

ayrılıq bir azca yumşaqdır, boz çərpələngdə.

 

Anamın ovucları dualarda məzarım,

Lalların dərdidir səs buralarda

Karlar qəbahəti eşitmir deyə,

xoşbəxtdir, ariflər axmaqdır məhz buralarda.

 

Mənzərə - korların danışdığıdı

günah - Adəmlə, Həvvanın tanışlığıdı

Xəncərə təzimdə yaradılış da

Sənə pəncərədən görünən qış da

Əlcəyi olmayan ələ bəladı.

 

Birdən, müharibədir mübarizələr

Nə deyim, əzm də belə bəladı.

 

görmək istədiyin "sən" əylənir,

yelləncək kirpiyində

 

ipliyində, həyətindəki həyatın

asılıb, bir küncə qısılıb mənəviyyatın

Düşününcə görürsən,

istinad etdiyin yerlər, göylərin inşasıdır

Küləklərin ifşasıdır zəlzələlər

 

İctihad - deyəsən,

hamıdan əvvəl qaça bilmək üçün sürətlidir, kərtənkələlər.

 

Bağışlayın,

siz, öldürülmüş birinin ömrünü yaşayırsız.  

 

 

 “Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.