“Dünya başını itirib, adamlar ümidlərini...” – Tural Cəfərli Featured

Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Cəfərli Tural Vaqif oğlu (Tural Cəfərli)

 

Minimalist düşüncələr

 

Özümü kredit kartı kimi hiss edirəm,

Alış-verişdən sonra, 

Hər gün lənət oxuyur istifadəçilər mənə...

 

Oğlunu sözləri ilə qucaqlayır,

Müharibədə qollarını itirmiş ata...

 

Adamlar var üzündə maska ilə də,

Gizlədə bilmirlər qayğılarını...

 

Zibil qabına atılan dəmir qabları

Qızıl hərisliyi ilə yığırdı bir adam...

 

Doğma adamların ayrılıqları da

Doğma olur... Unuda bilmirsən...

 

Yol kənarında oturan uşaq

Əlində quru salfet uzadırdı,

Yanından keçənlərə-

Gözləri nəmli idi... 

 

Kimi unuduruqsa,

Həmişə onlar axtarır bizi...

 

 

Gəmi ömrü

 

Bu adam dolu şəhərin,

Hər yerində banklar var,

Hər yerində bankomat,

Bircə pul üçündümü?!

Bu qədər izdiham...

 

Hamı tələsir harasa,

Yollar tıxac, siqnal səsi

Bütün şəhərin içində

Ancaq ağaclardı

Tələsməyə yeri olmayan...

 

Metronun çıxışında

Limon satan qadınlar

Beşini bir manata satdığı limonla

Heç çay içibmi görən?!

 

Kitab mağazaları

Sükut içində

Oxuyurdu tənhalıq nəğməsini...

 

Dünya başını itirib,

Adamlar ümidlərini,

Bircə işıq dirəkləri

Mübarizə apara bilir

Qaranlığa qarşı...

Qalan hamı

Təslim olub...

 

Qurbağa səsində

Uzaqları yaxın edən

Keçmişlə bağlı

Nə düşündümsə

Hamısı məni xilas etdi

Peşmançılıqdan...

 

Atama, anama borcumu 

ödəyə biləcəm belə getsə,

təkcə bu banklara olan borcum

bitmir ki, bitmir...

 

 

Yaşamaq

 

Bir də görürsən ki,

ayaqlarınla yol getmirsən,

Səni aparan

əllərindi…

Ümidlərdən yapışıb

Yaşamağı öyrənirsən…

 

Bir körpə nə vaxtsa

mərmi səsini

unudacaq…

ancaq bütün səslərdən

qorxmamaq üçün

Nə qədər böyüyəcəksə,

Bir o qədər sükuta öyrəşməyəcək,

İçindəki sükuta…

 

Paxıl adamları incitməyin,

Azdırmı içində tikanlar bitirməyin

əzabları…?!

 

Hamı uzaqdan “yaxşı” görünür,

Bəlkə Allah da bizi uzaqdan “yaxşı” görür deyə,

Dünya hələ  dağılmır…?!

 

Müharibənin ölüm pəncəsindən gizlənən körpələr,

Allahın yer üzündə son ümidləridi bəlkə də…

Hər gün bir az da ümidsizlik çökür

Göyün üzünə…

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.