İran rejiminin kitab çıxarmağı yasaq etdiyi şairini təqdim edirik Featured

 

 

Portalımızın Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Kamil Qəhrəmanoğlunun şeirləri ilə tanış edir. 

 

Kamil Qəhrəmanoğlu 1974-cü ildə Xiyav şəhərinin Əhmədabad kəndində doğulmuşdur. O, fars dili və ədəbiyyatı fakültəsini yüksək maqistr dərəcəsində bitirdikdən sonra ədəbiyyat və tarix fakültəsi üzrə doktorluğunu bitirmişdir. Onun “Dumanlı sanilər gəlin gedir” (2010) adlı şeir kitabı üç dəfə çapa buraxılmışdir.

Kamil dəfələrcə şeir müsabiqələrində birinci məqamı qazansa da, onun şeirləri iran höküməti tərəfindən iranda kitab kimi nəşr olunmağa yasaqlanmışdır.

 

 

POST MODERN MANİFESTİ

 

Bu cəsəd istidir hələ

Kəfəni üşüyür yaralardan

Üşənir kəndindən.

 

Od çığırtısıdır səsimdə

Kölgələr titrəyir öfkəmi

Düşür ovcuma qışqırıqları

Barmaqlarımda misralanır qurdlar

Və liberallar manifest yazır ördəklərə

İki quru alma qaxı çeynəyir qafiyələrim

Kəlmələri başıma papaq tikirəm hələ

Nöqtələri düymə

Nöqtə ayaqları dünyadan böyük

Və...

Burda armudlar atom qoxusunu gəlir

Şimaldan cənuba

Bir kitabın köhlən kişnərtisi

Kimi diskinmələrdən...

Qarğa gözləri pəncərə xınasında batmış

Şüşə, şüşə sındırıblar

Və bədənimdən çıxarıblar məni

Darıxır məndə sözcüklər

Axır gözlərindən dağlar

Və günəş tut çiçəklərini tumarlayır tellərində.

 

Bu cəsəd istidir hələ

Kəfəni üşüyür yaralardan

Yanmış, məzarlar ölüləri.

 

Tanrının keşi qaçır dodaqlarımdan

Ağzımı İsmayıl bıçağı kəsir

Başmağımdan ulayır birisi

Ətəşin güneyliyini gəlirəm doğudan

Və... sərçə siçanlar

Yatır gözlərimi alça xoluna...

 

 

BU GÜN QARĞALAR ŞEİR OXUDULAR

 

Bu gün qarğalar şeir oxudular,

Qoxudular yer üzündə pendirləri

Oxudular şeiri qarğalar

Və qarladılar ağacları qarrr, qarrrr

Geyindilər yarpaqlar fəlsəfələri

Yedilər də gecəlikləri yavanlıqlarına...

 

Bu gün qarğalar şeir oxudular

Dilləri pəltək qarğalar

Öskürəyin beli sınmış qafiyəsində!

Sancağın qarasıl lakında

Və araba baxışında ağaclar hücumunda beləsi...

 

Şeirlərdən dəlisəl sellər

Sellərdən dəlisəl şeirlər

Ölülər mahnılarda uzanmışlar

Cəsədləri qar, qar, qarlar qarğalar

Yuxlayırlar dodaqlarında

Məsafəsiz yollar uçuşudur, qarğaların

Və küləkli kölgələr qanadları, beləsi.

 

Qarğalar şeir oxuyarlar gündə

Qoltuqlarında bir at yükü kitab

İki it hürüşü vəngilti

Sözləri düyün salırlar gözlərində

Ancaq günorta saat vaxtında

Adsız ölürlər qarğalar

Havasız kəlmələrdə

Sözsüz şeirlərdə

Və ləhləyir ağzımda

Bir...

İki...

Və... Əlli üç it balası...

 

 

ŞİŞİB ƏLLƏRİM...

 

Əllərim şişib gecənin gəbərilmiş qarnında

Boyasını udan saniyələr

Çirkinə uzanan meymunlar və...

Xiyabanlar çölə tökülür içimdən

İçimdən tökülür çölə xiyabanlar

Çölə içimdən xiyabanlar tökülür

Tökülür xiyabanlar içimdən çölə

Arıq düşüncələrdi qaçır arxam kobudluğunda

Küçələr köçürlər ayaqlarımdan

Köçürlər

Tüpürcəklərin gəmirəcəkli əllərini

Şişib əllərim..

Qabığını yemiş ilanlar

Yarpızlı günlərini qışqırır

Zeytun gözlü qızcığazlara

Yuxu görürəm ulus adlarını

Adları at olur

Atları zaman

Ağızları açıla qalır ölülər kimi

Sübh yağışının paralel küləklərində

Başmağım yel misralarına sürgün düşərkən

Asılır Kirpiklərimdən hörümcəklər

Bir yanım

Günəşin qaranlıq quyusudu

Bir yanım

Bir planetin yanmış tərəfidi

İstəyirəm çimişəm gözlərində

Niyə səsimə hamilədi əllərin?

Niyə cəhənnəmin yolağı otağımdandır

Və niyə gecə,

Gövdə divarımdan qalxır göyləri

Və qaçır gündüzlər barmağımın ucalığından

Burası aynalar dolub adamlardan

Adamlardan dolub aynalar burası

Aynalar burası adamlardan dolub

Dolub adamlardan burası aynalar...

Şişib əllərim...

Bura ağrı hava limanıdı

Boş verin məni

Ovcumun yarasında bir ah vardı qabarcasına

Tanrı qucumda

Söyüd kolunda yatıram çox günlər

Hamı söyüdlərin xərçəngi var

Cumanın saat doqquzunu çəkirəm üstümə

Və ayın çılpaqcasına kəsilmiş başını.

 

Sözcüklər yüngüllüyünü salıb üstümə

Və bir şəklin

Düyməsidir boğazımda maşın sürür

Boğazım dünyanın ikinci savaşıdır

Birinci Hitleri

Üçüncü Stalini

Boğazımdan sürünür tanklar

Və qollarımda məzar qazır Mussolini

Fransizin Gigi qızları.

 

Addımlayır yuxularım məni

Yol gedir biri qafamda

Yollar dustağıyam

Bu yollar uşaqlarını yeyirlər

Soyuq dəymiş yuxularıma, Aaaf...

 

Şişib əllərim...

Əllərim şişib gecənin gəbərilmiş qarnında.

 

 

ÖNCÜL HƏCM

 

Göylər barmağımdan su içir artıq

Göylər barmağımdı

Barmağım göylərdi

Göylər dağımdı

Qarabağımdı.

“Baltalıqdır Qarabağ Köksü, əsirlər bitirib

Xocalı kimliyi sürgündə araz yarpaqla...”

 

Göylər barmağımın şəhadət sonrasıdı!

Hanı dörd bağırlı bağlı ağ müstətil?

Hanı alnında savaş sətirli göy medialar?

Hanı barıt şəkilli qızcığazlar of?...

Hanı düşüncə planlı Leylası?

Toraxay haylası,

Bayquş qarğası?!..

Hanı?

Hanı?

Haaanıııı?!

Köynəyini hardan aldılar əynindən?!

Əynindən aldılar harda köynəyini?!

Aldılar əynindən köynəyini harda?!

Harda köynəyini əynindən aldılar?!

Barmağımı pentaqon tikirlər,

Barmağımı həra köhülü

Petronas borcu

Varşava dəkəli

Prenses banlısı

Göylər barmağımdı

Barmağımın gözünə girdim

Bit düşüb kilkəmə.

 

Bura gəlsən yal-yallı, yalnızcalı gəl

Əl apar allahın işinə

İki qollar ara yaramı dəmlə

İki fincan vətən vuraq keflicəsinə

Bu şeiri iplə ipəklə gey

Misraları çimizdir tərinə

...Və mən sarı kök səpim tellərinə.

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.