“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
6-Cİ PROSES.
MƏNİMSƏMƏ.
Bugünkü proses əvvəlkilərdən ilk öncə kulisdən gələn məlum anonsda ad-soyad çəkilməməsi ilə fərqləndi. Belə ki, bu səs özündə mücərrəd bir informasiya daşıyırdı: ”Bu gün Divan qurulan erməni mədəniyyətidir. Simvolik olaraq müttəhimlər kürsüsündə əyləşmək üçün Ermənistanın hazırkı təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan dəvət olunur.”
Ağ örpək növbəti portretin üzərindən götürüldü, üstündə dəfnə yarpağı qoyulmuş arfa aləti həkk olunmuşdu.
Üzü yüngül tüklü, qara kostyum və bənövşəyi qalstuk taxmış şəxs – erməni naziri mühafizəçilərin müdaxiləsi olmadan gəlib müttəhimlər kürsüsündə əyləşdi, əyləşərkən “Gördüyünüz kimi mən burda əyləşirəm, amma burda əyləşməyim tam absurddur” sözlərini də söylədi.
Daha bir fərq Hakimlər kürsüsündə Baş Hakimin və yaşlı hakimin olmaması idi, orada cəmi bir hakim – yaşca cavanı əyləşmişdi.
Gənc hakim auditoriyanı salamlayıb sözə başladı:
-Əziz tamaşaçılar, mənə etimad göstərib bugünkü prosesi aparmağıma icazə vermiş Divanın işlər vəkilinə, Baş Hakimə minnətdarlıq bildirərək, uzun və ağır prosesdə Baş Hakimin və qocaman hakim kolleqamın bir günlük fasilə götürmək zərurətlərlərini anlayışla qarşılamağınızı sizdən xahiş edirəm!
Məsələ belə idi: Qarşıda olduqca ağır proselər olduğundan, xüsusən ertəsi gün ən qatı erməni qulduru Andronik Ozanyanın Divanı qurulaçağından, bu prosesin simvolik proses olması fürsətindən istifadə edib əsas hakimlər bir günlük fasilə götürmüşdülər, həm də, gənclərə yol açmaq, onların təcrübə toplamasına dəstək vermək baxımından da bu addım yerinə düşürdü.
Gənc hakim sözünə davam etdi:
-Hakim kolleqalarımın və sizlərin etimadınızı doğruldacağıma inamımı ifadə edir və dərhal mətləbə keçirəm. Bu gün biz ermənilərin işğal etdikləri azərbaycanlıların əqli mülkiyyətləri barədə yarımproses keçirəcəyik. Divan qurulan erməni mədəniyyətidir, simvolik olaraq ermənilərin mədəniyyət naziri cənab Araik Arutyunyan müttəhim kürsüsündə əyləşib.
Arutyunyan gənc hakimdən “Siz milliyyətcə kimsiniz?” soruşdu, “Norveçlı” cavabını aldıqda dərhal “Mən sizin proses aparmağınıza etiraz edirəm, siz maraqlı tərəfsiniz, erməni xalqına əks danışacağınız aşkardır” deyə dirəniş göstərdi, düzü, gənc hakim duruxub qaldı, nə edəcəyini bilmədi, belədə Divan heyətinin inzibati rəhbəri Arutyunyana belə bir sual verdi:
-Cənab Arutyunyan, siz norveç xalqının erməni xalqı ilə mübahisəli bir məsələsinin, problem doğuracaq bir anlaşılmazlığının adını çəkin, biz norveçli hakimi prosesdən uzaqlaşdıraq.
Təbii ki Arutyunyan tutarlı bir arqumenti gətirə bilmədi, yenidən “Bu absurddur” deyə səsləndi, amma gənc hakim daha ona əhəmiyyət verməyərək simasına təbəssüm qondurub sözünə davam etdi:
-Mən filmlərə baxmağı çox sevirəm. Zövq palitramda ən müxtəlif səpkili filmlər var. Bir yandan intellektual və psixoloji filmlər, bir yandan dram və trillerlər, bir yandan ekşn və müharibə filmləri, bir yandan tarixi filmlər və fentezilər, yaxud detektiv və kriminallar, yaxud eşq filmləri və melodramlar... Çox yüklənmək istəyəndə Fellinidən tutmuş Kirosmaniyə qədər dühaların işlərinə, yorğun anlarımda Çaplinin lal-kar filmlərindən tutmuş müasir 4D komediyalaracan hər şeyə baxıram. Lap gənc vaxtlarım idi, tələbə yataqxanasında qalanda “Mimino” adlı bir sovet komediyasına baxmışdım, erməni və gürcü şəxslərin Moskvadakı macərasından bəhs edirdi, çox bəyənmişdim həmin filmi. Erməni rolunu olduqca komik aktyor Mkrtçyan canlandırmışdı, gürcü rolunu isə müğənni Kikabidze. Bax o filmdə Mkrtçyan Kikabidzedən dolma adlı yeməyi sevib sevmədiyini soruşur, ardınca da ermənilərin dolmasının çox dadlı olmasını izhar edir. Filmin həmin yerində, bir Bakı ermənisi tələbə yoldaşım vardı, o qayıdıb dedi ki, bizim ermənilər lap ağını çıxarıblar, axı dolma necə erməni yeməyi ola bilər ki, dolma sözü erməni sözü deyil? Ardınca mərdliklə etiraf etmişdi ki, dolma – azərbaycanlıların mətbəxinə aid yeməkdir, tənək yarpağının içinə ət qiyməsi qoymaqla hazırlanır. Dolma – doldurmaq sözündəndir. Bax ilk dəfə mən o zaman mənimsəmək üzrə erməni fantaziyasının şahidi oldum.
Auditoriya gənc hakimi uğurlu mövzu girişi münasibətilə alqışladı, Arutyunyan yerindən “Xeyir, dolma ermənilərindir” söylədisə də, onun sözü heç kim üçün bir əhəmiyyət kəsb etmədi, gənc hakimsə simasına ciddi ifadə verib sözünü davam etdirdi:
-Sirr deyil ki, bəşər tarixində ermənilər ən çox Azərbaycan xalqına zərər toxundurmuşlar. Hazırda Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqla yanaşı bu xalqın mədəni irsini mənimsəməklə də ad çıxarıblar. Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir, artıq özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi bir erməni ənənəsinə çevrilmişdir.
Ermənilər əyləşən cərgənin növbəti etiraz dalğası eşidildi, Divan heyəti onlara prosesin qaydasını anlatdı, başa saldılar ki, konkret olaraq hansı fakta etrazları olarsa bildirərlər, sübut edilməsə prosesdə üstünlük əldə edən tərəfə çevrilərlər.
Gənc hakim çıxışına davam etdi:
-Məsələnin ciddiliyi Azərbaycanın qanunverici orqanı olan Milli Məclisinin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədi şəklində təqdim də edilib, Milli Məclisin «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» adlı Bəyanatında da öz əksini tapıb. Qeyd olunub ki, «Böyük Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış Azərbaycan xalqına məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir. Konkret olaraq, Azərbaycanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi xalqın folklor nümunələrinin bir neçə mənimsənilmə və oğurluq mərhələsini sistemləşdirmişdir ki, mən diktorlardan xahiş edərdim, həmin sənədi Divan üzvləri və auditoriya üçün oxusunlar.
Bir xanım diktor tribunaya keçib sənədi oxumağa başladı:
-Salam, dəyərli Divan heyəti, salam, dəyərli tamaşaçılar. Sizə paylanan materiallarda çoxlu təkzibedilməz faktlar var ki, qədim dövrlərdən gələn Azərbaycanın Daş-balıq, Daş-qoç, Daş-at abidələrini özününküləşdirən, qədim Alban torpaqlarını və abidələrini «Şərqi Ermənistan» ərazisinə çevirmək istəyən erməni saxtakarları Azərbaycan tarixinin xristianlıq dövrünün kilsələrini, stella və xaçdaşlarını, nişan-daşları və başdaşlarını və bunlarda həkk olunmuş milli dekoru, habelə digər maddi abıdələri də mənimsəmişlər. Bunlarla yanaşı, qədim dövr tarixçiləri Musa Kalanqatlının «Alban tarixi»ni, Karakos Gəncəlinin «Tarix»ini, Muxtar Kosanın «Alban xronikası»nı və «Adət hüququ»na aid Qaydalarını da erməniləşdirmişlər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını belə alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağlamışlar.
İş ondadır ki, Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman – zaman ermənilərin öz dili ilə də etiraf olunub. Məsələn, məşhur erməni yazıçısı Xaçatur Abovyan “Ermənistan yaraları” adlı əsərində yazıb: «Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür», «Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir», «Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq», «Bızım dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi».
Ermənilərin türkdən mədəniyyət işğal etməsi faktını hətta xarici şəxsiyyətlər də etiraf etmişlər. Rus Bestujev-Marlinski və alman Haksthauzen yazıblar: «Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar», «Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə türk dilində yazırlar”, «Bu dil ilə bütün Asiyanı başdan-başa dolaşmaq olar” və s.
Haqverdiyanlar, Ağayanlar və digər erməni mədəniyyət xadimləri 19-cu əsrin ikinci yarısında «Əsli və Kərəm», «Şah İsmayıl», «Aşıq Qərib», «Koroğlu» kimi olduqca məşhur Azərbaycan dastanlarını da erməniləşdirməyə çalışmış, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində Fridrix fon Bodenştedt kimi əcnəbi tədqiqatçılar Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya erməni nümunələri kimi tanıtmışlar. Həmin Abovyan və Aqayan kimi erməni ədibləri “ermənilərin mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir», deyə-deyə, Azərbaycanın aşıq musiqisini erməni «aşıqların - «hüsanların» (türkün “ozan” sözündən gəlir) ifasında özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, ermənilərin baş aşığı sayılan Sayat Nova başda olmaqla 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar.
Gənc hakim diktor mətninə ara verdirib özü düşündüyü bir improvizasiyanı elan etdi. Erməni aşığı Sayat Novanın qiyafəsində bir aktyor səhnəyə çıxıb əlindəki kamançanı sınəsinə sıxıb ifa elədi, sonra azərbaycanca söylədi:
-Məclisimizdə nəinki türkçə yazıb-yaradan, həm də islam dininə sitayiş edən erməni aşıqlarımız çıxış edəcəklər. Ələvi-bektaşilik cərəyanının mahir söz ustalarından biri olan erməni aşığı Yeksani Türkiyə irfani ədəbiyyatının bir sıra gözəl nümunələrinin müəllifidir. Buyurub bir neçə kəlmə səsləndirsin.
Əlində saz, başında şiş papaq bir aktyor aşıq Yeksani obrazında çıxıb saz çala-çala bu bəndi söylədi:
İstəməm aləmdə qeyri-meyvəni
Dadına doyulmaz balımdır Əli.
İstəməm dünyayı versələr dahi
Qoxlasam sünbülü gülümdür Əli.
Yeksaniyəm, necə düşdüm dərdinə
Qərq oldu vücudum çilə bəndinə
Solmaz oldu könül kəndi-kəndinə
Söylər dəhanımda dilimdir Əli.
Ardınca Sayat Nova obrazı səhnəyə başqa bir erməni aşığı obrazını dəvət etdi:
-Əsl adı «Movses» olan, ələvilik dini cərəyanına qoşulduqdan sonra isə «Haqqı» təxəllüsünü götürən digər erməni saz və söz ustası da irfani şeirləri ilə təriqət içərisində böyük populyarlıq qazanmış, türk-islam düşüncəsinə uyğun sufi həyat tərzi sürmüşdür. İndi də onu dinləyək.
Digər aşıq obrazı da saz çala-çala şeir söyləməyə başladı:
Haqqa çağırır yaradan Qəni,
Dərdlərin, dərdlilərin dərmanı,
Bundan sonra çox sürərik dövranı
Yetiş Allah, ya Məhəmməd, ya Əli!
Tamaşaçılar səhnəni çox bəyəndilər, alqışladılar, diktor mətni davam etdirildi:
-Uzun illər Azərbaycan xalqının iradəsindən asılı olmayaraq bu oğurluq faktlarının üstündən sükutla keçilmiş, istər Çar Rusiyası zamanında, istərsə də sovet dövründə folklor nümunələrinin və müəllif əsərlərinin oxşarlığını, hətta eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyası münasibətlərlə izah etmişlər. XX əsrin 80-cı illərində erməni tədqiqatçıları Təhməzyan, Sigsiyan və başqalarının «çalışmaları» nəticəsində saxtakarlıqla dolu «böyük erməni» mədəniyyəti röyası yaradılmışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında Şirinin milliyətcə erməni şəhzadəsi olması, Xosrov Pərvizin saray musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis olması barədə, hətta dünyaşöhrətli tədqiqatçı olan Bertelsi təhrif etməklə «araşdırmalar» aparılmışdır və ümumiyyətlə Ermənistanı mədəniyyət beşiyinə çevirmək üçün erməni mədəniyyətinin bütün Şərq xalqlarına təsiri barədə nağıllar belə uydurulmuşdur. Qəribədir ki, kəskin etirazlarına baxmayaraq, ermənilərin öz musiqilərində istifadə etdikləri musiqi alətlərinın belə adları türkcədir: saz, səntur, kaman, bağlama və s. Onlar utanıb çəkinmədən bu musiqi alətlərini də öz adlarına yazırlar. Erməni tədqiqatçısı Brutyanın «Erməni muğam ifaçıları Bakı və Şuşadan çıxmışlar» etirafına baxmayaraq, hazırkı dövrün bir sıra erməni musiqişünasları, o cümlədən Brutyan özü “ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolun”dan danışır, avantüraya əl ataraq muğamın kökünü erməni monodiya musiqisınə bağlamağa cəhd göstərirlər.
Xanım diktoru əvəz edən digər xanım diktor oxunuşu davam etdirdi:
-Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məşhur «Arşın mal alan» operasını oğurlayan ermənilər əsl müəllif dünya ictimaiyyətinə sübut olunandan sonra, 80-ci illərdə radio və TV vasitəsilə SSRİ hüdudlarında tanınmış erməni bəstəkarı A.Babacanyanın vasitəsi ilə yenidən Üzeyir Hacıbəyova basqı etmiş, bu dəfə onun iki komediyasını Qarabağın hansısa erməni kəndinin melodiyaları kimi təqdim etmişdilər.
Tarixlərini iki min il yarımdan çox hesab edən ermənilər, ən qədim mədəniyyətə, o cümlədən folklorun mühüm bir hissəsi olan atalar sözlərinə malik olmaları ilə qürurlanırlar. Onlar 1967-ci ildə SSRİ EA-sının «Elm» nəşriyyatı vasitəsilə oğurlanmış Azərbaycan atalar sözlərini «Armyanskiy folklor» adı altında təqdim etmişlər. Halbuki, dərhal nəzərə çarpırdı ki, bu məsəllərin erməni dili ilə bağlılığı yoxdur. Çünki məsəl yarandığı xalqın dilində poetik forması, anonim və antonim sözlərin dərin məna çalarlığının müqayisəsi ilə seçilir, tərcümə olunduğu dildə isə informasiya yüklü adi cümlə formasında olur. Fikir verin, kitabda verilmiş rusca «Senu zolota znaet tolko yuvelir» məsəli erməni dilində də adi tərcümə xarakteri daşıyır, amma azərbaycanca «Zər qədrini zərgər bilər» şəklində - zər və zərgər sözlərinin poetik rədifliyi ilə zövq oxşayır.
Bu izah publikanın çox xoşuna gəldi, onlar bunu alqışlarla büruzə verdilər. Diktor alqışların bitməsini gözləyib mətn oxunuşunu davam etdirdi:
-Azərbaycan tərəfi ermənilərin məntiqə sığışmayan aşağıdakı uydurmalarından da Divana şikayətçı düşüb ki, bunlar da erməni oğurluğunun və plagiatının ana xəttini təşkil edir: Azıx, Qobustan, Gəmiqaya - bu adlar Azərbaycanın müxtəlif regionlarına: Qarabağ, Şirvan və Naxçıvana aid qədim mədəniyyətin parlaq nümunələridir. Məsələn, Gəmiqayadakı daş təsvirləri qədim Naxçıvanda e.ə. IV-I minilliklərdə yaşayan azərbaycanlıların, onların türk köklü ulu babalarının həyat tərzini, məşğuliyyətini, məişətini, dini və kosmoloji görüşlərini, totemlərini, mənəvi mədəniyyətini əks edən təsvirlərdir. Bunlar Qobustan təsvirlərinə (15-10 minilliklər e.ə.), habelə hazırda erməni işğalı altında olan Kəlbəcər qaya rəsmlərinə uyğundur. Bütün bunlar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin inciləridir. Lakin, erməni Ayvazyan Rusiya mətbu orqanlarında bunların ermənilərə məxsus olmasını çox canfəşanlıqla isbat eləməyə çalışıb. Yeganə «sübutu» isə ondan ibarət olub ki, erməni xalqı qədim xalqdır və yalnız hayklar bu gözəllikləri yaratmağa qadirdirlər. “Gəmiqaya Nuh gəmisinin təsviri kimi yalnız ermənilərin ola bilər” deyən ermənilərin “Noyev kovçaq” sərsəmləməsini kim eşitməyib ki?
Xanım diktorlar yenidən yerdəyişmə etdilər:
-Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisində yerləşən Azıx mağarasında ibtidai insan - «azıxantrop»un kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə çatdırılması erməniləri sakit qoymur. Mkrtıçyan soyadlı başqa bir erməni tədqiqatçı bütün bunları erməni mədəniyyətinin kökləri elan edir, onun «sübutu» isə bundan ibarətdir ki, erməni dilində «turş üzüm» «azox» kimi səslənir və bu səbəbdən də mağaranın və ibtidai insanın adları Azox və azoxantropdan təhrif edilərək Azıx və azıxantrop olmuşlar..
Başqa bir mənimsəmə faktı: «Kitabı Dədə Qorqud» abidəsi Azərbaycanın, ümumən türkçülüyün nadir eposudur. Yunanlar Homer poemalarını yunan eposunun inciləri kimi, almanlar «Nibelunqlar haqqında mahnı»nı, fransızlar «Roland haqqında mahnı»nı, ruslar «Bılinaları»nı qoruduğu kimi, türklər də «Dədə Qorqud»u türk xalqının qəhrəmanlıq abidəsi kimi əsrlərdən – əsrlərə keçirib bugünki nəsillərə çatdırıblar. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən bu eposun erməni təəssüratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və eposun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər.
Növbəti mənimsəməyə cəhd faktı: ermənilər Azərbaycanın Eldəniz hökmdarlarının sifarişi ilə məşhur memar Əcəmi Naxçıvaninin yaratdığı «Möminə Xatun» abidəsini də erməniləşdirməyə cəhdlər göstəriblər. Xaçaturyan soyadlı erməni memar bu xatirə kompleksində «erməni memarlıq üslubu» hiss olunduğunu bəyan edib. Ümumən, ermənilər tarixən Azərbaycan mədəniyyətinin saxtalaşdırılması, kontafaksiyası və mənimsəməsı niyyətləri güdərək erməniləşdirmə xəttini götürüblər.
Diktorlar mətnləri oxuyub qurtardıqdan sonra gənc hakim onlara minnətdarlıq bildirib sözü ekspertlərə vermək istədi, amma cənab Arutyunyan söz demək istədiyini bildirəndə Divan üzvləri ilə məsləhətləşib ona söz verdi.
Bahalı odekalonunun qoxusu hətta ön sırada əyləşmiş tamaşaçıların belə burunlarını qıdıqladığının fərqinə varan, Müttəhimlər sırasında əyləşmiş Kim Qardaşyanın “hansı ətirdir?” sualına “Şeyxdir” deyə cavab verən Arutyunyan sözə başladı:
-Qədim Ermənistan dövlətinə və qədimdən qədim erməni xalqına aid qədim erməni mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir. Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI-V əsrlərdən başlayır və bu, daha da qədim Urartu mədəniyyətinin davamıdır. Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir.
Yerdən fit səsləri, etiraz sədaları ucalsa da natiq özünü o yerə qoymadan davam etdi:
-Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ - orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir. Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir. Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur...
Yerdən kiminsə “Belədirsə, bəs sizin Nizami Gəncəviniz niyə yetişməyib?” replikasını qulaqardına vuraraq natiq çıxışını davam etdirdi:
- XV-XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən Ermənistanda mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövlətinin yaradılması ilə...
Bu yerdə gənc hakim natiqin mikrofonunu söndürməli oldu, söylədi ki, bu danışılan mətləbin prosesə heç bir aidiyyatı olmadığından Divanın bu cəfəngiyyatı dinləməsinə lüzum yoxdur, odur ki, cənab Araik Arutyunyanın özünü yormadan yerinə keçməsi məqbul olar. Araik Arutyunyan “Bu absurddur” söyləyib yerinə keçdi. Gənc hakim sözü ekspertlərə verdi, ekspertlər bir arayış təqdim etdilər:
-Ermənilərin dəqiq dəst-xətləri duyulan bir siyasətlərini müəyyənləşdirmişik: onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşır, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətlərinə göz dikir, imkan daxilində onu öyrənir və geniş istifadə edirlər, daha sonrakı mərhələdə isə Azərbaycan mədəniyyətini mənimsəyir və nəhayət, onu öz milli mədəniyyət nümunələri elan edirlər.
Erməni sırasından “Sübut edin!” deyə çığırtılar eşidildi, çıxışçı ekspert “Sübutlar mətnin içərisindədir” deyə cavab verib mətn oxunuşunu davam etdirdi:
-Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün bir sıra ənənəvi üsullar və prosedurlar işlədirlər: - Intellektual fırıldaqçılıq və plagiatlıq bir coğrafi ərazidə yaşayan qonşu xalqların mədəni ənənələrinin yaxınlığı ilə izah edilir; - birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında tirajlanır və yayılır; - Azərbaycanın ədəbi folklor nümunələri və digər əsərlər erməni transkripsiyasına çevrilir, maddi daşıyıcılara köçürülür və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra, oradan «qədim erməni əsərləri» kimi çıxarılır və daha çox xarici dillərə tərcümə edilərək yayılır. Bir sözlə əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi prosesi gedir. - Azərbaycan folkloru əsərlərindəki süni surətdə erməniləşdirilmiş personajlara həsr olunmuş «tədqiqat əsərləri» nəşr olunur və «elmi işlərdə» erməni şəklinə salınmış bu və ya digər Azərbaycan mədəniyyət nümunəsinin erməni mənşəyinin və ya ona ən azı erməni təsirinin sübut olunması üçün saxta dəlillər yapışdırılır. Nəticədə Azərbaycanın folklor nümunələri və müəllif əsərlərinin qeyri – qanuni istifadəsi, saxtalaşdırılması və qarət edilməsi halları geniş vüsət alaraq nəşr olunur, fonoqram və videoyazılarda istehsal olunur, media şəbəkəsində, o cümlədən internetdə geniş yayılır. Beləliklə, bu «informasiya mübarizəsində» ermənilər beynəlxalq ictimaiyyətin rəyini çirkin niyyətlərinə istiqamətləndirməyə çalışırlar.
Ekspert ermənilər əyləşən sıraya bir qovluq kağız yolladı, söylədi ki, buyurun, bütün mənbələrin bir nüsxəsi də qoy sizdə olsun.
Sonra davam etdi:
-Nəzərə alaq ki, BMT-nin mədəniyyət komissiyası - YUNESKO «Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında» Konvensiya qəbul edib və burada folklor nümunələrinin beynəlxalq qeydiyyat sistemi tezliklə fəaliyyətə başlayacaq. Beynəlxalq ictimaiyyətin folklor nümunələrinin qorunması və saxlanılması məqsədlərinə diqqətinin artdığı bir şəraitdə və bununla birlikdə bu sahədə məsələləri tənzimləyən beynəlxalq hüquqi qorunma alətinin olmadığından istifadə edərək, erməni tərəfi bütün mümkün üsullarla Azərbaycan mədəni irsinin nümunələrini, o cümlədən folklor janrına məxsus əsərləri özününkü kimi qeydə almağa və yaymağa çalışmaqla misilsiz saxtakarlığa imza atır. Azərbaycan folkloru nümunələrinin qarət edilməsində və mənimsənilməsində «əvəzsiz» xidmətləri olan «Ani-rekords» adlı erməni studiyasının qeyri-qanuni hərəkətləri barədə müvafiq qaydada Azərbaycan tərəfinin şikayəti öz bəhrəsini vermişdir. Artıq «Ani-rekords»un fəaliyyətinin dayandırılması haqqında Rusiyanın «Mətbuat və televiziya verilişləri üzrə Nazirliyinin» qərarı KİV-də yayılmışdır. «Ani-rekords»un intellektual oğurluqları haqqında, o cümlədən «Vağzalı», «Tərəkəmə», «Yallı», «Uzundərə», «Qazağı», «Mirzəyi» kimi Azərbaycan xalq rəqslərinin, «Xanbacı», «Dəli-Ceyran» və digər xalq mahnılarının, müəllif əsərlərinin oğurlanması haqqında etiraz məktubları müvafiq Rusiya strukturlarına çatdırılmışdır. Eyni mövzuda məsələ Azərbaycan xalq musiqiləri əsasında yaradılmış «Vokaliz» əsəri ilə bağlı da baş vermişdir. Ermənilərin bu mahnıdan qeyri-qanuni istifadəsi nəticəsində «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanunun tələblərinin, həm də Bern Konvensiyasının müəllifi məlum olmayan, o cümlədən folklor əsərlərinin qorunmasını nəzərdə tutan müvafiq maddəsinin, həmçinin aranjemanın və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını nəzərdə tutan müvafiq maddələrinin tələbləri pozulmuşdur. Məlum olduğu kimi, Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Pakta qoşulmuşdur və öz mədəni irsinin qorunmasında maraqlı tərəfdir.
Arayış oxunduqdan sonra ekspertə minnətdarlıq bildirib gənc hakim növbəti improvizasiyasını təqdim etdi, özlüyündə fikirləşdi ki, yəqin Baş Hakim bu barədə eşidəndə onu çox dəstəkləyəcək.
Səhnəyə erməni təcavüzünə məruz qalan Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirmək üçün muğam triosu və xanəndə dəvət olundu. Möhtəşəm muğam səsləndi, tamaşaçılar ayaq üstündə bu ecazkar musiqini alqışladılar.
Paralel olaraq muğam barədə bilgi də verildi:
-Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir.Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir.Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır
Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Nəhayət, gənc hakim yekun sözünü söylədi:
-Beləliklə, burada təkzibedilməz faktlarla ermənilərin azərbaycanlıların mədəniyyətini mənimsəmə faktları sübuta yetirildi. Bütün bu deyilənlərə onu da əlavə etsək ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb, bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb, məsələ tam aydın olar. Bir xalqın digər xalqa yönəli bu qeyri-etik davranışı şiddətli qınağa məruz qalmalıdır. Bu davranış yolverilməzdir, bir xalqa qarşı istila cinayəti, digər xalqlara qarşı isə yalansırıma cinayətidir. Ona görə də cənab Araik Arutyunyan üçün xoşagəlməz xəbər olsa da, Divan bu işdə əli olan simvolik məhkuma – erməni mədəniyyətinə qeybedilmə cəzası təyin edir. Bugünkü proses bitmiş hesab edilir.
Araik Arutyunyanın “Bu absurddur” sədaları altında səhnə və Baş meydan boşalmağa başladı.
Gənc hakim “afərin”, “halaldır”, “əla proses apardın” nidaları altında şad-xürrəm evinə yol aldı.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)