“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında təbrizli şair, portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla oxucularımızı güneyli yazarımızla hər həftə tanış edir. Bu arada il ərzində portalımızda ən çox oxucu sayı qazanan güneyli yazarlarımızı sizlərə tanıtmaq istərdik: sırada şairə Mərcan Mənafzadədir.
Mərcan Mənafzadə 1970-ci ildə Üskü şəhərində doğulmuşdur. O, fars ədəbiyyatı üzrə Təbriz dövlət universitetində təhsilini bitirmişdir. Mərcanın şeirləri daima Təbriz və Bakının qəzet və jurnallarında yayımlanmaqdadır.
MƏN QUZEY ŞAİRİYƏM
Mən quzeydən gəlirəm
Bir şair baxışının darıxmalı kədərində
Ruhumun ağırlığı üstümdə,
Mən quzeydən gəlirəm.
Quzey dağlarının sal qayalarından
Bənövşə zəmilərindən
Mərcan mahnılarından gəlirəm.
Mən alıram şeirimin ruhunu sulu qərənfillərdən
Mən quzey şairiyəm.
Yasaqdır şeirlərim, saçlarım kimi
Mən gəlirəm
Əllərimi torpağa bağışlayam...
EY MAVİLİYİM
Səndən gəlir ağrılarım
Günəş damlalanır səsindən
İşıqlar çələngi
Ağacların
İsti gülüşüdür səsin
Polislərin qalabalığı
Yaşıl sətirlərin sözcüyüdür səsin.
Ah... Səni hardan alım?!
Şirin yuxu kimisən
Əmlik quzu kimisən.
Söylə...
Neçə göz yaşı bitir gözlərində
Neçə?
Neçə?
Neçə?
Əllərin məhşər saatımdı
Qiyamətimdi... Ey maviliyim...
ADIM
Gülüşlərimi sağ qoltuğunda saxla
Sol qoltuğum didərgindi özümdən
Dodaqlarımın şifrəsini saxla
Ürəyində
Ürəyinin çapılmışında
Mən yaralar mərcanıyam.
Sən olmayanda...
Mutlu yellərin ətəyində köçür adımı
Adım kölgələrin işıq çibanıdı
Boylu buludlar kölgələnir beynimə
Səni günəşə tapşırsaydım
İtkinləməzdin kəndini.
Səni
Tanrıya tapşırdığım gün itirdim
Sən itən gün
Mən vəhşət namazı qıldım
Əlhəmdi çeynədim sınıq dışlərimlə,
Tanrı yoxa çıxdı
Və ulduzlar
Yağışlı buludların arxasında batdılar...
Kefli gözlərim
Həsrətini sağır mənə.
Qara hörümcəklər
Saçlarımda addımlayır
Necə ki izini mən
Necə ki, izin məni
Mən şeirimin mərcanıyam heeeey...
Baxışım,
Kül göyərir
Göyərir kül, kül, kül...
Çicəklərim bir şəhid alma
Və tellərim küləklər yuvası
Mən mor şəfəqlər mərcanıyam.
YAŞIL YANLIŞIM
Sən sevimli yanlışımsan
Ən sevdalı və bilimli
Dişlənmiş almanın sağ üzü
Sən, şaftalının gəlin gedən alay dodağı
Yanlışımın başbaxanısan,
Bakirəsi
Kələmələr səsimi geyinib
At üstə gedir indi...
...Sən sevimli yanlışımsan
Arxanca səpdiyim suda boğulur incəliyim
Suda can verir şeirim
Kələmələrin gözləri dolur suda
Suda
Suda
Yarpızların göz yaşı bilinmir suda...
Necəki mənim
Necəki əllərimdə fatihə olur söyüd ağacı
Və necəki sən
Mənim yaşıl yanlışımsan!
Sən sevimli yanlışımsan
Sənə görə tərsinə oxuyuram Quranı
Adımı da yanlış yazıram
Sigara tüstüsündə quylanmış adımı, səsimi də...
Sən sevimli yanlışımsan
Almalar da quşların dimdiyin sevir
Quşlar uçmurlar burda
Yelpənəklərin uçuşuna həsrətlə baxırlar
Almaların qoxusu gəlmir
Almalar
Bu bağın ağaclarının ağzında dartılır
Dəhşətli bir olayda!
Almalar
Ancaq almalar dartılır
Qoxusu damarlarda dolaşır
Arvinin burnundan qan açıldı
Laxta-laxta göy alma
Mən doğuluram.
MƏNİ TANIYIRSINIZMI?
Mən qadınam
Neçə yol ayrımına çatarkən
Çizilmiş, incə, buruq
Sevgi ilə yoğrulmuş bir yola vardım.
Mən bir türk qadınam
Min bir yerə parçalanmış gövdəm var
Bir yarı həsrət
Bir yarı sevgi
Bir yarı nisgil
Bir yarı dilək
Və... Bir yarı vətən.
Bir yarımı səbir çəni bürümüş
Bir yarıma həsrət buludları yağır
Bu mənəm...
Mən bir azərbaycanlı qız
Körpəcik sevgimi
Nə ayaqlar altında əzib keçməklərinə izin verə bilirəm
Nə qoruyub, əmişdirə bilirəm
Minnətlərində boğulanlara
Bağıra bilmirəm, lal gəlir sözüm
Dilimə qıfıl rəsmi salır beynim
Dodaqlarımı kimin barmağı barmaqlıqlarda dustaqlayıb?
Ürəyimdə devrim havası
Xəyalımda intihar qoxusu
Bu mənəm...
Mən bir qadınam
Ürəyim parça-parça iki vətən
Bir parçası sevgidən yaralı
Bir parçası yoxluğundan qabarlı
Bir parçası keşgələr tapdağında qançıl
Bir parçası ölən arzulara yaslı
Bir parçası mərcan daşıdır, al geyinib.
Bir parçası buğdalıqlardan, səmadan iz almış...
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)