5-Cİ PROSES: YEPİSKOP MESROP Featured

 “Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

 

 

-Qalxın, Divan gəlir!

Vaxt nə tez keçir belə. Sankı Mkrtıçla bu dəqiqə vidalaşmaları təəssüratı yaşayırdı Axirət insanlarında, Divan tamaşaçılarında, artıq Mesrop gəldi.

Tamaşaçılar qalxıb hakimlərin yerlərinə keçmələrini gözlədilər. Hakimlər yerlərinə keçdilər, kürsülərində rahatlandılar, Baş Hakim səsini arıtlayıb sözə başlamaq istədi, amma yaşlı hakim yüngülcə onun çiyninə toxundu. Yəni ki, gözlə, diktor elanı gəlsin, sonra danışarsan. Ümumiyyətlə, Baş Hakim hərdən çox səbirsiz olur, bu, onun prosesə alüdə olmasındandır, istəyir, hər şey tez həll olunsun. Hətta bir dəfə həmkarlarına etiraf edib ki, mənimçün həyatda ən ağır şey prosesin davamının növbəti günə keçirilməsidir.

Bu adamı qoy, saatlarca yemədən, içmədən, yorulmadan, usanmadan proses aparsın. Amma proseslər isə mütləq fasilə tələb edirlər, qalxan temp, yeri gələndə mütləq enməli, yeri gələndə işin xeyrinə dayanıb nəfəs dərilməlidir. Qızğın başla, birnəfəsə taleləri həll etmək olmaz. Soyuqqanlı olmaq üçünsə mütləq emosiyaları susdurmalısan, beyinə rahatlaşmaq imkanı verməlisən.

Kulisdən diktorun səsi gəldi:

-Bu gün müttəhimlər kürsüsündə Yepiskop Mesrop əyləşir. Yepiskop Mesrop kürsüyə gətirilsin.

17 portretdən növbətisinin üzünün ağ örpəyi götürüldü, sifətini olduqca iri, pırpız qaşları, bir də enli burnu əsla görünməz edən, sinəsindən asılmış olduqca böyük xaçı parıldayan keşiş qiyafəli şəxsin simasını görcək hamı bir-birinə baxmağa başladı. Nə Yepiskop Mesrop adı, nə də bu sima onlara heç nə demirdi.

Yepiskop Mesropu mühafizəçilər gətirib Müttəhimlər kürsüsündə əyləşdirdilər, o, sağına-soluna baxdı, altındakı kürsünü rahatladı, sonra səmaya tərəf boylandı, sonda da gözlərini Divanın Baş Hakiminə zillədi.

Baş Hakim danışmaq məqamı çatdığı üçün mikrofonunu açıb sözə başladı:

-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Yəqin ki, Yepiskop Mesrop adı sizə heç nə demədi. Heç bizə də heç nə demir. Divanı qurulan 17 erməni arasında o, ən az tanınan, ən az adı çəkilən şəxsdir. Haqqında heç bir mənbədən heç nə tapmaq mümkün deyil. Heç fotolarını belə tapmaq mümkün deyil. Adını müasir Ermənistanda əsla çəkən yoxdur. Unudulub bu inkoqnito şəxs. Amma erməni millətçiliyinin rişələnməsində, qol-budaq atmasında, “Böyük Ermənistan” xülyalarının təşəkkül tapmasında, terror və işğalçı müharibə xətti tutmaqda bu şəxsin hədsiz rolu olub. 19-cu əsrin sonlarında “Daşnaksütun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri olmuş yepiskop Mesropun Rusiya İmperiyasının antimüsəlman siyasətində, Qafqazın erməniləşdirilməsi siyasətində böyük xidmətləri olmuşdur. Mən dərhal sözü bu şəxsə vermək istəyirəm.

Üzünü təqsirləndirilənə tutdu:

-Yepiskop Mesrop, bu qədər xidmətləriniz olan yerdə, sizin unudulmağınız sizcə, nəylə bağlıdır? Erməni millətçiliyi olduqca qədirbilən qurumdur, burada – prosesdə iştirak edən 17 nəfərin axirətə düşənlərinə abidələr qoyulub, adlarına küçələr salınıb, adları tarix kitablarına salınıb, Droya hətta ziyarətgah da salıblar, halbuki sizin adınız heç yerdə hallanmır, sizi müasir Ermənistanda heç kəs tanımır. Bunun izahı varmı? Niyə unudulmusunuz?

Yepiskop Mesrop nəhəng gövdəsinə tam uyğun olan gur səsiylə bəyan etdi:

-Mənim elə bir xidmətim olmayıb ki, adım əbədiləşsin, mənə heykəl qoyulsun. Adi partiya fəalı olmuşam, kilsə xadimi olmuşam, vəssalam.

Baş Hakim növbəti sualını verdi:

-Siz İrəvan quberniyasında müsəlmanların sıxışdırılması, orada erməni əhalinin say nisbətində müsbət dinamikaya sahiblənməsində əhəmiyyətli rol oynamısınız, siz Rusiya İmperiyasının Qafqaz üzrə səlahiyyətli nümayəndəsi, Çar 3-cü Aleksandrın yaxın dostu Qraf İllarion İvanoviç Vorontsov-Daşkovdan erməni millətçiliyinin təşəkkül tapmasını təmin edən həlledici qərarlar qopara bilmisiniz, bu tarixdir, tarixi nə gizlətmək, nə təkzib etmək olar.

Yepiskop Mesrop əvvəlki soyuqqanlıqla davam etdi:

-Qafqazı erməniləşdirmək, müsəlman əhalini sıxışdırmaq nə deməkdir? Mən gözümü açdığım və xidmət apardığım Tiflis şəhəri büsbütün erməni şəhəri olub, gözümü açandan hara getsəm erməni dilində danışıq eşitmişəm, bazar, qəhvəxana, karvansara, meydanlar – hamısında doğma haylarımı görmüşəm. Gürcülərə aid Tiflisdə olduğu kimi müsəlmanlara aid Bakıda da eynisi yaşanıb. Orda da aborogen millət ermənilər olub. Siz bunu qoyub İrəvanın, guya, Çar Rusiyası tərəfindən erməniləşdirilməsindən dəm vurursunuz, müsəlmanlar yaşayan İrəvan xanlığı termini yanlışdır, İrəvan – əzəldən erməni şəhəridir, biz ermənilərin anası Vandırsa da, atası da İrəvandır.

Baş Hakim üzünü ekspertlərə tutdu. Söylədi ki, “Zəhmət olmasa, 19-cu əsrin əvvəllərində - Çar Rusiyasının Türkiyə və İranla müharibə zəfərlərindən sonra Qafqaza yiyələnməsi dövrünün əhali statistikasının həqiqətə ən uyğun olanını səsləndirin.”

Bu vaxt yaşlı hakim müdaxilə etdi:

-Mən xahiş edirəm ki, arayış oxunmazdan əvvəl mənə icazə verilsin, mən qısa bir şərh vermək istəyirəm. Belə ki, türklərin sıxışdırılaraq ermənilərin Qafqazlara yerləşdirilməsi kimi uzun və ziddiyyətli bir prosesə bu şərh tam işıq tuta bilər.

Baş Hakimin “Buyurun” razılığından sonra yaşlı hakim şərhini səsləndirdi:

-Proseslə bağlı bizə düz 6 ay öncədən xəbərdarlıq edilib, şəxsən mən bu 6 ayda 30 qalın kitab, 240 iri məqalə oxumağa macal tapmışam. Mənbələrin birində çox maraqlı bir məlumat dəyib gözümə, oxumuşam ki, ”18-ci əsrin birinci yarısında Rusiyanın taxt-tacında əyləşmiş 1-ci Pyotr hakimiyyətə gəlişindən Qara dənizə, Ağ dənizə, Qafqazlara və Xəzəryanı ərazilərə yönəli bir imperialist siyasət yürüdürdü ki, bu siyasətin də sonucunda Şimali və Cənubi Azərbaycanın Dərbənd, Gilan, Mazandaran kimi əraziləri zəbt olunmuşdu. 1711-ci ildə Prut yürüşü əsnasında Pyotr türk qoşunlarının mühasirəsinə düşür, sağ qalmaq üçün paşalara yalvarır. Danışıqların effektiv olması üçün o, türk sərkərdəsi Mehmet paşanın yanına arvadı 1-ci Yekaterinanı yollayır. Paşanın hərəmində 3 gecə qalan Yekaterina Pyotrun azad edilməsini təmin eləyə bilir.”

Bu epizodla türklərə qarşı bir işğalçı siyasəti yürüdən 1-ci Pyotr həm də bir qisas və nifrət siyasəti də yeritməyə başlamışdır.

Yerdən kiminsə “Sübutunuz varmı” nidasına yaşlı hakim əlindəki kağız qalağını yuxarı qaldırmaqla cavab verdi:

-Buyurun, bud a sübütlar. Bir yox, bir neçə. Götürüb baxa bilərsiniz.

Sonra çıxışını davam etdirdi:

-Rusların Qafqaza yönəli siyasətinin bir faktı da 1-ci Pyotrdan sonra hakimiyyətə gəlmiş 2-ci Yelizavetanın 1796-cı ildə Azərbaycana yürüş etmiş ordunun başında dayanan rus generalı  Qraf Valerian Zubova belə bir tapşırıq verməsi idi: ”Muğanı ələ keçirdikdən sonra orda bir qala tikdir, adına Yelizavetaserd (Yelizavetanın ürəyi) qoy, orada iki min cavan rus əsgəri məskunlaşdır, hamısını da erməni və gürcü qızları ilə evləndir, xüsusi torpaq sahələri ilə təmin elə.”

Türkiyə və İran üzərində növbəti illərdə qazanılan qələbələr, 1813 və 1828-ci il müqavilələri ilə Çarizmin Şimali Azərbaycana yiyələnməsi Pyotrların, Yelizavetaların arzularına çatmasını təmin etmişdi. Sonrakı illərdə, Divan boyu təbii ki, bu barədə geniş şərhlər olacaq, ermənilərin məskunlaşdırılması ilə bu torpaqların azərbaycanlı əhalisinin sıxışdırılması isə rusların Qafqazdakı bir imperiya siyasətinin astar tərəfi olmuşdur. Xüsusən bolşevikləşmə dövründə - 19-cu əsrin əvvəllərində bu siyasət daha geniş vüsət almışdır. Mərkəzi bolşevik hökumətinin nümayəndəsi rus hərbçisi N.Y. Solovyovun bolşeviklərin lideri Vladimir Leninə 1920-ci ilin may-iyun dövrü barədə yazdığı hesabatı isə bu mübarizənin ilk tam nəticəsi sayıla bilər: ”Ermənistan Respublikası yarananda onun hüdudlarında 250 müsəlman kəndi olmuşdu. Onların hamısı məhv edilmişdir, artıq bir müsəlman kəndi belə qalmamışdır.”

Yaşlı hakim şərhini bitirdikdən sonra Baş ekspertin tapşırığı ilə ekspertlərdən biri, ortayaşlı türk qovluqdan ən üstdəki sənədi götürərək tribunaya çıxdı və oxumağa başladı:

-Arayış. Osmanlı İmperiyası zamanında düzənlənmiş vergi listələrindən əldə edilən bilgilərə görə, Çukursedin (İrəvan və Naxçıvan əyalətlərinin) əhalisi 1590-cı  ildə 120 min nəfər, 1728-ci idə isə (İrəvan, Naxçıvan ve Şuragel əyalətləri) 183 min nəfər olmuşdur. 1590-ci ildə bütün əhalinin 77,5 faizini türklər, 22,5 faizini ermənilər təşkil ediblər. 1728-ci ildə isə 76,5 türklerin faizi, 23,5 ermənilərin faizi olmuşdur.

1801-1811-ci illərdə Pembek və Şurageldə 100-dən çox Azərbaycan (Türk) köyü boşaldılmışdır. 1801-ci ildə Pembekdən İrəvana 14 Türk köyü (5-6 min nəfər) köç etmiş, 1803 və 1804-cü illərdə isə bir o qədər əhali də diğər bölgələrə köç etmək zorunda qalmışdır.  Pembeklilərin bir bölümü Qarsa və Şuragelə qaçmışlar.

Eyni zamanda tərk edilmiş köylərə İrəvan və Qarsdan gətirilən ermənilər yerləşdirilirdi. 1804-cü ildə ruslar İrəvandan 357 erməni ailəsini Pembekə köçürdülər. Bir il sonra isə buraya İrəvandan 40 erməni ailəsi daha gətirilmişdir. Yenə 1807-ci ildə Qars səfəri zamanı ruslar Pembekə 500, Şuragelə isə 170 erməni ailəsi gətirmişlər, 1810-cu ildə isə 40 erməni ailəsi daha bu bölgələrə köç etdirilmişdir. 1823-cü ildə Türkiyədən Şuragelə daha 368 Katolik erməni ailəsi gəlmişdir.

1804, 1805, 1826, 1827 və 1832-ci illərdə rus qaynaqları, erməni ruhanilərinin əhalinin siyahıyaalınma listələri və 1801-1823 illərindəki köçlər də diqqətə alınaraq 1801-ci ildə Pembek ve Şuragelin etnik tərkibi bəlirlənmişdir: Azərbaycan türkləri 87,3 faiz, ermənilər 12,7 faiz.

1801-1823 illəri arasında 6.000 Azərbaycan türkünün ailələri ilə buradan qovulmaları və onların yerinə 1.500 erməni ailəsinin yerləşdirilməsi Azərbaycan türklərinin  27,5 faizə qədər azalmasına səbəb olmuşdur.

1829-1832 illəri arasında rusların hazırladığı əhali sayı listəsində Çukurseddə 196.450 nəfər, Pembek ve Şurageldə 32.000 nəfər qeydə alınmışdır. 1832-ci ildə vergi listələri düzənlənirkən Çukursed sakinlərinin 45 faizi, Pembek Şuragel əhalisinin isə 50 faizi – məhz Azərbaycan türkləri siyahıdan kənarda qalmışlar.

XV-XIX yüzildə Azərbaycanın bu bölgələrində ermənilərin kiçik bir azlıq təşkil etməkləri tarixi bilgilərlə isbatlanmışdır. Bugünkü Ermənistan ərazisində belə ermənilər tamamən azlıqda idilər. Osmanlı idarəçiliyi zamanında düzənlənmiş vergi listələrindən götürdüyümüz bilgilərdəki rəqəmləri təkrarən diqqətinizə çatdırırıq: Bir diqqət edin: Çukursedin əhalisi 1590-cı ildə 120 min nəfər, 1728-ci ildə isə 183 min nəfər olmuşdur. 1590-cı ildə bütün əhalinin 77,5 faizini türklər, cəmi 22,5 faizini ermənilər təşkil etmişlər. 1728-ci ildə bu rəqəmlər hələ oxşar olmuşdur: 76,5 faiz türklərin, 23,5 faiz ermənilərin olmuşdur. Çox təəssüf ki, XIX yüzilliyin başlarında Rusyanın Qafqaza soxulması Çukursedin ve onunla sərhəddə olan diğər Azərbaycan əyalətlərinin yüz illərcə öncədən formalaşmış olan etno-demoqrafik tarazlığını pozmuşdur. Bölgədə hüquqlarını əzən yeni hakimiyyətə tabe olmamaq istəyi, eləcə də tətbiq edilən zor Azərbaycan türklərinin buradan toplu surətdə çıxıb getmələrinin əsas səbəbi olmuşdur.

Təbii ki, ermənilər əyləşən sıra bu qədər sakit qala bilməzdi, vəkillərdən biri əhalinin say nisbətinin erməni mənbələrindən oxunması barədə vəsadət qaldırdı, Baş Hakim “Biz erməni saxtakarlığını ifşa etdiyimiz prosesdə erməni saxtakarlığından mənbə kimi necə istifadə edə bilərik?” ritorik sualı ilə vəsadəti rədd etdi. Ekspert mətn oxunuşunu tamamladı:

-1827-1828-ci illərdə yaşadıqları Çukursedi tərk edərək sərhədin o tərəfinə keçmiş mühacirlərin sayı indiyə qədər əsla bəlirlənməmişdir. Bu problemi, ilk olarak İ. Şopenin verdiyi bilgilər əsasında G. Bournoutian dərindən araşdırmışdır. O, İrəvan Xanlığında öldürülmüş və ya köç etmiş olan müsəlmanların sayını 5.000 ailə və ya 26.000 nəfər olaraq qeyd etmişdir. Bu, xanlığın toplam müsəlman sayının 1/3-ni təşkil etmişdir. Amma Qafqazın ordu komandiri Paskeviçin, sadəcə 1827-ci ilin birinci yarısında 2.000 köçkün Azərbaycan türkü ailəsinin və 3.000-dən artıq kürd ailəsinin İrəvanı tərk etdikləri haqqında verdiyi bilgilər G. Bournoutianın diqqətindən qaçmışdır. Bu bilgilərin qarşılaşdırılması 1827-1828 illəri arasında İrəvanın müsəlman əhalisinin 10.000 ailədən çox azalmış olduğunu anladır.

Naxçıvan Xanlığı (2.400-ə qədər ailə), Pembek ve Şuragellə birlikdə Çukursedin öldürülmüş ve köç etmiş olan Türk-Müsəlmanlarının toplam sayı 13.500 ailəyə və ya 75-80 min adamlıq bir rəqəmə çatmışdır. 1801-1831 illəri arasında Quzey Azərbaycanı aşağı-yuxarı 112.000 Azərbaycan türkü ve 35.000 kürd tərk etmişdir.

Eyni zamanda ruslar müsəlmanların tərk etdikləri yerlərə dışarıdan gətirdikləri xristianları (əsasən erməniləri) yerləşdirirdi. Böyük dəyişikliklərə uğrayan rəsmi bilgilərə əsasən ruslar İrandan 1828-ci ilin Mart ve Sentyabr  aylarında 8.249, Türkiyədən isə 1829-cu ilin sonları və 1830-cu ilin əvvəllərində 14.044 ailəni  bu torpaqlara köçürmüşlər. Köçürülənlərin say hesablamalarında hər bir ailənin ortalama 5-7 nəfər olaraq qəbul edilməsi ilə əlaqədar dəyişik rəqəmlər ortaya çıxmışdır. İrandan 40 min ilə 60 min arası ve Türkiyədən 84 min ilə 100 min arası - dəqiq olmayan rəqəmlərin göstərilməsini nəzərə alsaq, demək, 1828-1831-ci illər arasında Cənubi Qafqaza köç etmiş bütün xristianların sayı haqqında çeşidli fikirlər (150.000 nəfərdən 200.000 nəfərə qədər) mövcüddür. Bunun da, 90 faizi ermənilər olmuşdur. Arayış tamamlandı.

Baş Hakim türk ekspertə minnətdarlıq bildirib üzünü Yepiskop Mesropa tutdu:

-Kifayətdir?

Yepiskop Mesrop özünü bilməzliyə vurdu, guya bu arayışın haradan peyda olması ona qaranlıqdır, guya burda faktlar təhrif olunub, guya burdakı rəqəmlər havadan götürülüb, belə olanda Baş Hakim ona başa saldı ki, adətən insan miqrasiyası və irriqasiyası barədə ən dəqiq rəqəmləri tarix kitabları deyil, ərazi idarəçiliyinin insan məskunlaşması siyahıları verir, ona görə də bu siyahını təkzib etmək qeyri mümkündür. Və əlavə də etdi ki, Divanda ermənilərin Qafqaza məhz Çar Rusiyası tərəfindən köçürülməsi barədə daha 1008 səhifəlik mənbə var, təkid edirsinizsə bunlar da oxunsun.

Yepiskop Mesrop saymazlıqla “Oxunsun” söyləyəndə tamaşaçılar hiddət və qəzəblə yerbəyerdən səslərini ucaltdılar, əlbəttə ki, görünən dağa bələdçi nə lazım, fakt açıq-aşkar sübut olunduğu halda keşişin bu dirənişi, əlavə sənəd oxutdurmaq tələbi xoşagəlməz idi, bu qədər vaxt itirmək və bu qədər cansız rəqəm dinləmək yorucu idi.

Baş Hakim tamaşaçıları “Yalançını mənzilinə kimi qovmaq” lüzumuna görə bir qədər səbr göstərməyə çağırdı, sonra da ekspertlərdən əlavə sənədlərin oxunuşunu təmin etmələrini xahiş elədi.

Bu sənədlərin oxunuşu tam 4 saat çəkdi, arada fasilə də elan olundu. Sənəd oxunuşu bitdikdən sonra yorğun Baş Hakim Yepiskop Mesropdan fikrini soruşdu, həmsöhbəti fikir bildirmək istəməyəndə o, dəqiq bildiyi bir faktı söyləməklə məsələnin nöqtəsini qoymuş oldu:

-Diqqətlər monitora. Xahiş edirəm Dağlıq Qarabağın hazırda adı dəyişdirilərək Mardakert qoyulmuş Ağdərə rayonunun Marağa kəndindəki abidənin görüntüsü monitora gətirilsin.

Dərhal monitorda 30 kvadratmetrlik nəhəng bir abidə canlandı. Adi qırma çay daşlarından bulaq başında qızların əks olunduğu bir mozaika idi. Mozaikanın hər iki tərəfində sütün və bulaq var idi. Birinci sütuna 1828, ikinciyə 1978 rəqəmləri həkk olunmuşdu. Abidənin önündə isə erməni əlifbası ilə yazı və 150 rəqəmi həkk olunmuşdu. Monitor abidənin görüntüsünü bir müddət saxlamış oldu, həmin müddətdə Baş Hakim sözünü davam etdi:

-Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevralında Türkmənçay adlı ərazidə sülh müqaviləsi bağlanması ilə sonuclananda İran dövlətinin tabeçiliyində olan ovaxtkı Azərbaycan əraziləri ikiyə bölündü. Cənub hissəsi İranda qaldı, Dağlıq Qarabağ da daxil olmaqla müasir Azərbaycanın ərazilərindən ibarət Şimal isə qalibiyyət yaşamış Rusiyanın işğalına keçdi. Müsəlmanların say nisbətini xristianların hesabına azaltmaq məqsədi ilə elə həmin müqavilə əsasında da İranda yaşayan erməni əhalinin bir qismi 1828-ci ilin fevralının sonlarında Dağlıq Qarabağa köçürüldü – tam 200 erməni ailəsi. Bu, Qarabağın erməniləşdirilməsinə yönəli Rusiya İmperiyası siyasətinin başlanğıcı oldu. Həmin bu abidəni də ermənilər Qarabağa köçürülmələrinin 150 illiyi münasibəti ilə inşa ediblər, azərbaycanlılara bu abidə vasitəsi ilə sonsuz minnətdarlıq bildiriblər. 1992-ci ildə Qarabağ müharibəsi alovlananda ermənilər bu abidəni partladıblar, bununla da tarixin izini itirdiklərini düşünüblər. Amma dəvəquşu başını qanadları arasına soxanda necə ki, gizləndiyini zənn edir, əslindəsə tam göz önündə qalırsa, erməni millətçiliyi də eləcə, bu yollarla tarixi saxtalaşdırdıqlarını düşünsələr də gülüş hədəfinə çevrilirlər.

Auditoriya alqış sədaları ucaltdı, Baş Hakim “Yepiskop Mesrop, indi nə söyləyəcəksiniz?” sualını müttəhimlər kürsüsünə yönəltdi, keşiş başını aşağı salıb susurdu, belə olduqda Baş Hakim qalib ədasıyla üzünü auditoriyaya tutdu.

-Yepiskop Mesrop, siz din xadimisiniz, Rusiya İmperiyasının Qafqazdakı baş şəhəri olan Tiflisdə xristianlıq məbədinə rəhbərlik etmisiniz. Bəs necə olur ki, din xadimi olaraq minlərlə insanın məhvinə fərman verilməsini təmin etmisiniz? Məgər xristian dini, “Bibliya” beləmi buyurub?

Yepiskop susurdu, Baş Hakimsə danışmaqda davam edirdi:

-Ermənilərin böyük əksəriyyəti Ermənistan Apostol kilsəsinin xristianlarıdır, bu kilsəyə də erməni xalqının milli kilsəsi statusu verilib. Mən xahiş edirəm ekspertlər dini tolerantlıqla bağlı ayrıca arayış təqdim etsinlər.

Ekspertlər bir neçə sənəd arasında seçim edib birini sənədlər qovluğundan araladılar, diktorlara uzatdılar. Kişi diktorlardan biri arayışı oxumağa başladı:

-Arayış. Dini mənsubiyyətin təqib edilməsinin yolverilməzliyi barədə. Biz din dedikdə insanın mənəvi mədəniyyətinin mühüm elementlərindən birini nəzərdə tuturuq ki, bunun da əsasını insanın ilahi qüvvəyə - bir olan Allaha inamı təşkil edir. İstər xristian olsun, istər müsəlman olsun, istər yəhudi, hamısı eyni Allaha səcdə edir. Din insanların mənəvi birliyidir. Dinin cəmiyyətdə və məişətdə rolu böyükdür. Diqqət edin: Bu gün  Qərbin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində kilsə, xüsusilə katolik kilsəsi özünü böyük bankir, torpaq sahibi kimi apararaq siyasətə, tərbiyəyə, məktəb təhsilinə, mədəniyyətə, həyatın bir çox digər sferalarına təsir göstərir. Varlı müsəlman dövlətlərində də belədir, məscid bütün başlıca dövləti qərarların çıxarılmasında öndə gedir. Ümumi mədəniyyət və maarif səviyyəsinin aşağı olduğu, inkişafa başlayan ölkələrdə isə dinin təsiri daha böyükdür. Dini mənsubiyyətlərin öyrənilməsi dünyanın ayrı-ayrı regionlarının iqtisadi və sosial coğrafiyasının xüsusiyyətlərinin dərindən anlaşılmasına yardım göstərmirmi? Dinlərin coğrafiyası bütövlükdə dünya sivilizasiyasının, ayrı-ayrı ölkələrin, xalqların mənəvi mədəniyyətinin inkişafı ilə əlaqədar mürəkkəb prosesləri özündə əks etdirir. Xristianlıq, onun Katoliklik qolu Avropa, Şimali və Latın Amerikası ölkələrində, Asiyada (Filippində), Protestant qolu Avropa, Şimali Amerika ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Afrikada (Cənubi Afrika Respublikasında, Böyük Britaniyanın keçmiş müstəmləkə ərazilərində), Pravoslav qolu Şərqi Avropa ölkələrində - Rusiyada, Bolqarıstanda, Çexiyada, Slovakiyada, Serbiyada, Ukraynada, Belarusda və s. yayılmışdır. Milyard nəfərdən ibarət İslam dini mənsubiyyətliləri Avropa ölkələrindən Albaniyada, Makedoniyada, Bosniya və Hersoqovinada, Türkiyədə, Rusiyada, eləcə də Asiya, Şimali Afrika ölkələrində yaşayırlar. İudaizm isə İsrail dövlətinin, yəhudi millətinin dinidir. Xristianlığın beyni Vatikan, İslamın beşiyi Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri, iudaizmin beynisə Qüds hesab olunur.

 Ardınca, bir qədər statistika incələndi:

- Yer kürəsində 1990-cı ildən bəri müsəlmanların sayı 880 milyondan artaraq 2015-ci ildə 1,5 milyard nəfərə çatmışdır. Deməli, bu, ən yüksək sürətlə artan dünya dinidir. Avropada, əsasən də Fransada müsəlmanların sayı durmadan artmaqdadır. Asiyada 850 milyon nəfər müsəlman yaşayır. Dindarların sayına görə ən böyük müsəlman ölkələrindən biri İndoneziyadır. Həmin ölkədə 150 milyona yaxın müsəlman yaşayır. Afrikadakı müsəlmanların sayı 400 milyon nəfərdir. Avropada 50 milyon, Amerikada 9 milyon, o cümlədən ABŞ-da 5 milyon müsəlman yaşayır. Unutmayaq, bir vaxtlar ABŞ Prezidenti Barak Obama Fransanın Canal+ telekanalına verdiyi müsahibədə demişdi ki, Amerika Birləşmiş Ştatları dünyada ən böyük islam ölkələrindən biridir. Müsəlmanların sayı Avstraliya və Okeaniyada 1 milyon nəfərdir. Avropa ölkələri arasında Rusiya müsəlmanların sayına görə öncüldür, orada 14 milyon müsəlman yaşayır.

Bir sıra Avropa və Amerika alimlərinin konsepsiyasına görə, müsəlman dininin dirçəlişi, islamın Şərq xalqlarının iqtisadi, siyasi, mənəvi həyatında rolunun kəskin şəkildə artmasının səbəbi islamın cavanlığı, müsəlman dininin həyatiliyi və çevikliyi, totallığı, sadəliyi, anlaşıqlığı, fanatizmidir. Faktdır ki, müsəlman dini digər dini sistemlərdən xeyli sonra meydana gəlmişdir. Və buna görə də onun həyata keçirə biləcəyi imkanları tükənməzdir. İslam həmişə tərəqqidə olduğu üçün müasir dünyamızda fəal rol oynayır. Məhəmməd peyğəmbər Allahın yer üzündəki axırıncı elçisidir və bəşəriyyətə əsl həqiqətləri o, çatdırmışdır. Bütün dünya müsəlmanları eynihüquqludur. Buna görə də müsəlmanlar yaşadıqları ölkələrdən asılı olmayaraq bir-birlərinə məslək qardaşlığı münasibətləri bəsləyirlər. Onlar xristianlardan da bunu gözləyirlər, yəni ki, “insan insanın dostu, yoldaşı, qardaşıdır”, ideya budur.

Auditoriya arayışı coşqu ilə qarşıladı, xüsusən müsəlmanların alqışı uzun müddət səngimək bilmədi.

Baş Hakim “Din barədəki arayışdan sonda mütləq İslam barədə dünyanın məşhur adamlarının dəyərli sözlərini də xatırlatmaq yerinə düşərdi” söyləyib ekspertlər səmtə baxdı. Ekspertlər darhal belə bir material tapıb  diktorlara ötürdülər. Publikanın fanati olduğu ecazkar diktor xanım mətni oxumağa çıxanda auditoriya uzun müddət susmadan “bravo”lar səpələdi.

Xanım diktor xoşbəxtcəsinə gülümsədi, bu gün o, adəti üzrə yenə uzun libasdaydı, amma tünd deyil, açıq rəngliydi libası.

Xanım diktor oxumağa başladı:

-Dahi Rusiya yazıçısı Lev Tolstoy: "İslam özünün zahiri formalarına görə kilsə pravoslavlığından müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdə durur. Əgər xristian etiqadlı şəxsin qarşısında məsələ qoyulsa ki, kilsə pravoslavlığı dalınca getmək, yaxud islamı seçmək yaxşıdır, ağıllı adam əlbəttə ki, Məhəmmədin dinini seçməyə üstünlük verər. Çünki islamda əsas ehkam bir olan Allah və onun Peyğəmbəridir. Xristian dinində isə üç üqnum (troitsa), günahı təmizləmə, dini mərasimlər, övliyalara və onların rəsmlərinə təzimlər və digər mürəkkəb ibadətlər çox çətin və anlaşılmaz məqamlardır. Əgər mənə xeyirxah Məhəmməd dininə mənsub adam kimi baxsanız, onda hər şey yaxşı olar".

İsveç kralı III Qustav: "İslamın əsası çox sadədir - Allahdan savayı ibadət etməli Tanrı yoxdur. Məhəmmədə də bu həqiqət göndərilmişdir. Müqəddəs kitab olan Quranda indiki dövrün elmlərinə zidd gələn heç nə yoxdur. Bu din ardınca getməyə layiq dindir".

 Almaniya imperiyasının birinci kansleri Otto fon Bismark:"Ay Məhəmməd! Sənin müasirin olmadığıma görə çox kədərlənirəm. Bəşəriyyət ancaq bir dəfə sənin böyük gücünün şahidi olmuşdur və onu bir daha görməyəcək. Sənə heyran qalmışam".

Görkəmli ingilis yazıçısı Bernard Şou: "Əgər Məhəmməd kimi bir adama indiki dünyanı təkbaşına idarə etmək imkanı verilsəydi, onun bütün problemlərinin həllini bacarardı, nəticədə dünyada əmin-amanlıq və xoşbəxtlik hökm sürərdi".

Baş Hakim diktora “Bu gün həmişəkindən daha çox gözəlsiniz” sözləri ilə kompliment söyləməklə minnətdarlıq bildirib üzünü Yepiskop Mesropa tərəf tutdu:

-Divanın fikrincə, sizin - özündə ən nəcib keyfiyyətləri aşılayan xristian dininin xidmətkarı olan bir şəxsin dini fəqrinə görə on minlərlə müsəlmanı mərhumiyyətlərə məruz qoymağınız Allah qarşısında, Kilsə qarşısında tam yolverilməzdir və böyük günahdır. Bunun fərqinə varırsınızmı?

 Yepiskop Mesrop dəvə səbri nümayiş etdirib bu dəfə də susdu, belədə Baş Hakim onu cızığından çıxaracaq addımını atdı:

-Möhtərəm tamaşaçılar, indi istəyirsiniz, mən Yepiskop Mesropun niyə erməni mənbələrində adının gizlədildiyinin, erməni xalqı tərəfindən unudulduğunun əsl səbəbini söyləyim?

Hava qaralmaq üzrəydi, proses, xüsusən uzun-uzadı statistik göstəricilərin səslənməsi hamını yormuşdu, prosesin bu hissəsi yorğun olsalar belə, insanlarda hədsiz maraq oyatmış, onları yenidın canlandırmışdı. Hamı bir ağızdan “söyləyin” deyə səsləndilər, Baş Hakim “Yəqin bu söylədiklərim Yepiskop Mesrop üçün də maraqlı gələcək” atmacasından sonra sözü yanındakı yaşlı hakimə verdi:

-Mən sözü həmkarıma vermək istəyirəm, erməni məsələsinin mahir bilicisi olaraq o, inanılmaz faktlar aşkarlayaraq ortaya qoyub, buyurub özü açıqlasın.

Yaşlı hakim Baş hakimə minnətdarlıq edib mikrofonunu işə saldı:

-Möhtərəm auditoriya! Sirr deyil ki, erməni xalqı siyasətdə “yataq texnologiyasından” bacarıqla istifadə etməkdədir. Biz prosesin ilk hazırlıq iclasında dünyaşöhrətli tarixçi və sosioloq Karl Marksın bir fikrini səsləndirmişdik, xatirinizdədirsə. Marks söyləyib: “Ermənilər yeganə xalqdırlar ki, yaşamaq üçün öz qadınlarını başqa xalqların kişilərinin altına itələmişlər.” Bu fikrin isbatı olaraq onlarca fakt göstərmək olar, biri dərhal ağlıma gəldi. 1-ci dünya müharibəsi dövründə Osmanlı İmperiyasını çökdürmək üçün Antanta ittifaqına hər cür üzgörənlik edən, hər cür xidmət göstərən erməni ideoloqu var idi, Poqos Nübar adında. Həmin Poqos Nübar Misir dövlətində yüksək post tuturdu, antitürk addımlar atılmasında Misir dövlətinin dəstəyindən də tam istifadə etməkdəydi. Bax həmin Poqos Nübarın dünyaya gəlişi üçün onun Anaid adlı erməni anası Misirin naziri ilə yatağa girmiş, ondan dünyaya övlad gətirdikdən sonra təhdidlə Misiri bu nüfuzlu nazirin köməyi ilə müntəzəm olaraq erməniləri dəstəkləyən antitürk qərarlar verməyə məcbur etmişdi. Sonradan oğlunun Misirdə mənsəb sahibi olmasını da təmin etmişdi. Bu xətt bizə məlumdur, ermənilər daim təkzib etsələr belə bu xətt tarixə həkk olunub. Ermənilər “yataq diplomatiyası” anlayışını onlara şərəf gətirmədiyi üçün həmişə gizlində saxlayır, hər vəclə üzə çıxmasına maneçilik törədirlər. İş ondadır ki, Yepiskop Mesrop məsələsi də məhz “yataq diplomatiyası” nümunəsi olaraq tarixdə gizlədilir.

Auditoriyanın təəccüb, hiddət notlarının əhatəsində Yepiskop Mesropun “Siz nə danışdığınızın fərqindəsiniz? Mənim atam da, anam da təmizqanlı ermənidirlər, mənim anam heç bir əcnəbiylə yataq bölməyib. Siz mənə şər atırsınız” nidaları ərşə ucaldı. Sakitlik yaranmasını gözləmədən alovlanmış hakim çıxışına davam etdi:

-Bəli, Yepiskop Mesrop, sizi ananız əcnəbidən dünyaya gətirməyib, sizin “yataq diplomatiyanız” digər ermənilərinkindən fərqlənir, amma, fərqlənsə belə, bu da “yataq diplomatiyasıdır”. Qafqazın canişini Voronsov–Daşkovun erməni dairələrinin təsiri altında olması faktı tarixdə geniş yayılıb. Amma səbəbini heç yerdə tapmaq olmur. Bu, bir xaçpərəst xalqın nümayəndəsinin digər xaçpərəst xalqa adi simpatiyası deyil, gəlin yanılmayaq. Bunun başqa, daha dərin səbəbi var, “yataq diplomatiyasına” dirənən çox dərin bir səbəbi var.

Yepiskop Mesrop “Mən etiraz edirəm” sədaları ilə yerindən dik atıldı, “Lütfən susun, danışmayın” deyə hakimdən yalvarış tərzində rica etdi, auditoriya uğuldadı, onun susmasını, hakiminsə danışmasını təvəqqe elədi.

Hakim qalib ədası ilə çıxışına davam etdi:

-Hansısa erməniyə düşmən, yaxud neytral mənbəyə də deyil, erməni tədqiqatçısı Anahid Lalayana müraciət edirik.  “Əksinqilabi “Daşnaksütun” və 1914–1918-ci illər imperialist müharibəsi” məqaləsində bu şəxs yazır ki, Voronsov-Daşkovun arvadı Yelizaveta Qriqoryevna “Daşnaksütun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop Mesropun məşuqəsi idi. Odur ki, Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları Voronsov–Daşkovun yataq otağında hazırlanırdı.

Auditoriya uğuldadı, bu uğultunun sədaları altında Baş Hakim hökmünü səsləndirdi:

-Divanın hökmü ilə on minlərlə Qafqaz müsəlmanının qətlində, şikəst qalmasında, yüz minlərlə müsəlmanın öz ev-eşiyindən didərgin düşməsində müstəsna xidmətlər göstərmiş, Xristian dininə kölgə salmış Yepiskop Mesrop qeybedilmə cəzasına məhkum olunur! Xahiş edirəm hökm dərhal icra olunsun!

Və Müttəhimlər sırasından Müttəhimlər kürsüsünə adlamış növbəti bir cinayətkar öz cəzasını almış oldu. Cinayət əksərən cəzasızlıq mühitində törədilir, yaxud, cəzasızlıq ehtimalı böyük olanda törədilir. Amma Axirət dünyası deyilən məfhum var, Haqq dünyası da adlandırılan bu məkan Əsas dünyanın səhvlərini düzəltməyə, onu korrektə etməyə xidmət edir. Bütün cinayətlər öz cəzası ilə birgə doğulur. Sadəcə, bu cəzanın cinayəti haqlaması bəzən dərhal baş verir, bəzən bir qədər gecikir.

Amma bu, hökmən baş tutur!

 

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.