Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Ulucay Akif oğlu Məmmədov (Ulucay Akif)
Kölgə
bu qədər savaş və qanın
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə
şeir yazmaq - bacardığım ən gözəl biçimdə
şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində
ey sən
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən
gecələr hansı otaqlarda gizlənir?
ey sən
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də
şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də
səni üşüdən küləyi də
tanıyıram səmanda uçan quşları
tanıyıram bütün səndə unudulmuşları
demirəm ki, o Günəşi, quşları
o küləyi, o küçəni, şəhəri
demirəm ki, mənə ölkəni göndər
heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər
Xarıbülbül
bir əsgər şəhid olub
ovcunda torpaq
yaxasında bayraq
cibində xarıbülbül
ürəyində sevgisi
bir əsgər şəhid olub
ovcunda sıxdığı
torpaq onun öz torpağı
o torpağa sancılan
bayraq onun öz bayrağı
bir əsgər şəhid olub
amma heç kim bilməyib
o gül kimin üçünmüş
kimə imiş sevgisi?
alnında güllə izi...
Revolver
səni sevsəydim orta əsrdə
mütləq bir at belində
cəng meydanında
sıyırıb qılıncımı qınından
şığıyardım düşmən üstünə
sənin uğrunda
ya da belimdə "Revolver"
bir duel meydanında
başı dik atılmış on addımdan sonra
cəld tərpənsəm də düşməndən
çıxarıb silahımı
atəş açardım havaya
son addımdan sonra
Nə yaxşı ki
Nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin
bir az da geciksəydin
yəqin nişan pozardım
otuzumda bəlkə də
bezərdim, boşanardım
qırxda gəlsən, qızımdan
üzr də istəyərdim
həyat yoldaşıma da
özümü pisləyərdim
əllidə gəlsən, yəqin
məşuqluq eyləyərdik
altmışımda gəlsəydin
bilmirəm, neyləyərdik?
nə yaxşı ki, tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin.
“Ədəbiyyat və incəsənət”
(19.12.2022)