Edamlara rekviyem

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Yusif Nəğməkarın “Edamlara rekviyem” şeirini təqdim edir. 

 

Edamlara rekviyem

 

        (İranda edamlar davam edir)

 

Vaxt içrə itib gedirik,

Boş qalır könül damımız...

Zamanı ötüb gedirik;

Ötən zaman -- edamımız...

 

...Dar ağacı təpələnir

Arazın sağ sahilində.

Hiddətimiz ləpələnir;

Çağlayırıq su dilində...

 

Qəzəbim can çökümüdür,

And keşiyində durmuşam...

Hər misram ölüm hökmüdür;

Edama edam qurmuşam!..

 

Günümüz geri köçündə --

SƏTTƏRXAN anımındadır.

Edamlar için içində,

Nicat xalq qınamındadır!..

 

Qəzvin...Gilan... qadağalar...

Urmiya...Ərdəbil...Zəncan...

Təbrizdədir yad yağılar...

Halına can, AZƏRBAYCAN!..

 

Azadlıq eşqinə görə

Sussun irtica -- işvari!..

Ruhuyla meydana girə

XİYABANİ, PİŞƏVARİ!..

 

Düşünürəm acı-acı:

Yara yanan yar az oldu...

Ümidimə dar ağacı --

İçdiyim dərd ARAZ oldu...

 

Addım at, and içilməzlik;

Adam əməl adamıdır...

Haqq nahaqdan seçilməzlik

Ədalətin edamıdır!..

 

"KƏLMEYİ-ŞƏHADƏT" - deyə

Cəllad qan çiləyir dində

dildə RƏBBİ öyə-öyə,

Şeytan fitnəsi qəlbində...

 

Həddi yoxmudur cəzanın?!

Hərə bir cür ölür müdam...

Suçu nə alın yazanın?!

Allah əmri deyil edam!..

 

...Mən də "müqəssir" adında

yanıb, qora çəkilirəm...

Min yol xəyal qanadında

qalxıb dara çəkilirəm...

 

Bəlkə dönüb TANRI üzü;

Hikkəlidir yerdən yana?!.

Hara baxır GÖZÜN gözü --

Sahib yoxmu bu cahana?!

 

Hüzur qəsri qurdurmayan

Yerin, Göyün kor süsüdür...

Edamları durdurmayan

Dünya edam kürsüsüdür!..

 

 “Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.