Türkiyənin Antalya şəhərində Azərbaycanın və türk dünyasının görkəmli şairi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mediaya açıqlamasında deyilir. AZƏRTAC-a bildiriblər ki, Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova və Antalya Türk Ocaqlarının sədri Abdullah Uysal qonaqları salamlayıblar. Onun əsərlərinin təkcə Azərbaycanda deyil, türk dünyasında da çox sevildiyi, “Çırpınırdın, Qara dəniz” şeirinin Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adı ilə məşhur olduğu nəzərə çatdırılıb. Bu şeirə dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi musiqini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün çox sevdiyi, ilk dəfə dinləyərkən gözlərinin yaşardığı vurğulanıb.
Sonra şairin ömür yoluna həsr olunmuş sənədli film göstərilib.
Tədbirdə məruzəçi qismində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və BDU Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova repressiya qurbanı olmuş şairin həyatı və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Onun şeirlərində və məqalələrində dövrün aktual məsələlərini işıqlandırdığına, türk xalqına məhəbbət hissini tərənnüm etdiyinə diqqət cəlb edilib.
Tədbirin bədii hissəsində Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının üzvləri Əhməd Cavadın şeirlərini səsləndiriblər.
Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)