“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
Bu da prosesin üçüncü günü və ikinci mühakimə. Baş Meydandakı stulları dolduran tamaşaçılar kulisdən gələn səslə (“Bu gün 13-cü əsr erməni tarixçisi Vardan Aravelsiyə Divan qurulur”) eyni vaxta təsadüf edən 17 fotodan ikincisinin üzünün açılması prosesini maraqla izlədilər. Təbii ki, 13-cü əsrdirsə elə belə də olmalıdır: başında qara fəs, əynində qara surtuk, ağappaq saqqallı orta yaşlı bir şəxs.
Müttəhimlər kürsüsü bu gün iki idi. Eynən şəkildəki görkəmdəki şəxsi mühafizəçilər gətirib Müttəhimlər kürsüsünün birində əyləşdirdilər, digərində isə kostyum-qalstuklu bir müasir şəxs keçib əyləşdi.
Baş Hakim hamının yerini tutmasını gözlədikdən sonra niqinə başladı:
-Hörmətli Divan üzvləri, hörmətli izləyicilər. Əslində, Divan dünən tarixi ardıcıllığa riayət etməklə məhz bu proseslə başlamalı idi. Amma “erməni terroru” anlayışının nə olduğunu qabartmaq Divan üçün daha önəmli olduğu üçün biz ilk prosesi terrorçu Zatikyana qarşı keçirdik. İndi də tarixi xronologiyaya riayət edərək əzələ qayıdırıq. Bu gün Müttəhimlər kürsüsündə erməni tarixçisi Vardan Aravelsi əyləşib. Əlbəttə, biz saxta erməni tarixi iddiasını məhz onunla başlayırıqsa, demək buna əsaslı arqumentlərimiz var. Bir baxın. Erməni mənbələri Vardan Aravelsiyə qədər neçə məşhur erməni tarixçisinin adlarını qeyd edir. Bunlardan 5-ci əsrdə yaşamış Movses Xorenatsini, Yeqişe və Lazar Perpetsini, 11-ci əsrdə yaşamış Aristakis Lastivertsini göstərmək olar. Amma bu tarixçilərin Qədim yunan, alban, bizanslı olması, bəzən hətta onların uydurma şəxsiyyətlər sayılması barədə də çoxlu təkzibedilməz faktlar olduğundan biz Vardan Aravelsi ilə başlamışıq. Düzdür, onun da alban əsilli olmasını, əsərlərində də erməni yox, məhz alban xalqından bəhs etməsini iddia edən mənbələr var, bununla belə, hər halda, Divan məhz Vardan Aravelsinin üzərində dayanır, belə ki, hazırda bütün dünyada cövlan edən erməni millətçiliyinin ideoloqu məhz bu şəxs hesab edilir. Necə ki, “Mayn Kamp” kitabı ilə nasist Almaniyası faşizm azarına tutulub, eləcə də “Ümumi tarix” kitabı ilə erməni millətçiliyi təşəkkül tapıb. Beləliklə, bu gün Böyük Vardana Divan qururuq. Axirət dünyasının qanunlarına görə 800 yaşı olduğu səbəbindən bu şəxslə mövcud dövr arasındakı nəhayətsiz zaman fərqi mövcuddur deyə və bu fərq anlaşmaqda və konsensus əldə etməkdə böyük problemlər yaradır deyə onun əvəzinə proses boyu sözçüsü danışacaq. Sözşüsü isə hazırkı Ermənistan Elmlər Akademiyası tarix institutunun rəhbəri Aram Melkonyandır. Mən yubatmadan sözü diktorlara təqdim edirəm ki, məhkumumuz barədə bilgiləri tamaşaçılarımıza təqdim etsinlər.
Baş Hakimin sözünə bənd imiş kimi bir kişi diktor bircə anda tribunaya keçib əlindəki qovluğun içində olan vərəqi oxumağa başladı:
-Vardan Aravelsi Böyük Vardan adı ilə tanınır, ən böyük erməni tarixçisi hesab olunur, 1198-ci ildə Kilikiyada, Berdzrabed əyalətində anadan olub. O, tarixçi olmaqla yanaşı, həm də çoğrafiyaşünas, filosof, tərcüməçi, pedaqoq, kilsə xadimi və ictimai xadim olub. Ermənistan tarixində iz qoymuş Qevorq Skevratsi, Ovanes Erznkatsi, Esai Nçetsi, Nerses Mşetsi kimi tarixçiləri yetişdirib. Erməni xalqının tarixinin qızıl fondunu təşkil edən “Ümumi tarix” kitabının müəllifidir.
Bu yerdə özünü təqdim edən, azərbaycanlı akademik Ziya Bünyadov olduğunu bildirən nurani görkəmli bir şəxs auditoriya mikrofonuna yaxınlaşıb Baş Hakimə sual etdi:
-Cənab Baş Hakim, bir baxın, müttəhimlər sırasında əyləşmiş 15 nəfərin, müttəhim kürsüsündəki bu tarixçini müşayiət edən şəxsin, eləcə də dünən cəzasını alan şəxsin, üstəlik buradakı erməni vəkillərin, müdafiəçilərin, şahidlərin - hamısının soyadı yan şəkilçisi ilədir. Bütün ermənilərin soyad sonluğu –yan-dır, bunu kim bilmir ki? Yalnız rus təsiri ilə 20-ci əsrdə ov soyadlrı da yayılıb, vəssalam. Amma siz adını çəkdiyiniz qədim tarixçilərin hamısının soyadı i şəkilçisi ilə bitir. Bilirsiniz, bu xalq aşkar gözə kül üfürməklə məşğuldur, bu i soyadlı tarixçilər hamısı milliyyətcə albanlardır. İndi də alban xalqı həmin bax bu cür soyadları daşımaqdadır. Necə ki, ermənilər alban məbədlərinə erməni məbədləri deyir, eləcə də alban tarixçilərini öz adlarına çıxırlar. Əsil rüsvayçılıqdır.
Publika azərbaycanlı akademiki alqışlara bürüdü. Erməni sırası isə sükuta büründü, heç kəs cınqırını çıxarmadı.
Kişi diktor Baş Hakimdən mətnin davamını oxuyub oxumayacağını soruşdu, Baş Hakim “Hər halda oxu” söyləyəndə oxunuşu davam etdirdi:
-Vardan Aravelsi ilkin təhsilini vətəni Kilikiyada alıb, Nor Qetik monastırında onun müəllimi Mxitar Qoş olub. Sonra Ermənistana köçüb, Xoranaşat monastırında təhsilini davam etdirib, qrammatikanı, İlahiyyatı, kitab işini öyrənib. Vardan gənc yaşlarından erməni dili ilə yanaşı Suriya ərəbi, fars, ivrit və latın dillərini də mənimsəyib. Vardapet fəxri elm dərəcəsini aldıqdan sonra o, 1235-ci ildən etibarən səylə elmi-tədqiqat fəaliyyətinə başlayıb, paralel olaraq Keyenaberddə Müqəddəs Andrey monastır-məktəbini yaradıb. 1239-cu ildə Qüdsə səfər edib, geri dönəndə Çar Xetumun dəvəti ilə Kilikiyaya gedib. Vardan həmin illərdə ictimai-siyasi fəaliyyətə qoşulub, Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulub.
Ekspertlər masasında əyləşmiş Baş ekspert bu yerdə aydınlıq gətirdi ki, “Bunlar hamısı təxminlərdir, erməni qaynaqlarının əsasında yazılmış xronologiyadır, bayaqkı azərbaycanlı akademikin irəli sürdüyü ehtimal çox ağlabatandır, mən özüm də həmin versiyaya inanıram, odur ki, publika mətni, tutalım, “Vardan Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulub” kimi eşitsələr də, “Erməni mənbələrində Vardanın Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulması bildirilir” kimi qəbul etsinlər”.
Sonra diktor mətni dvam etdirildi:
-1252-ci ildə Ermənistana qayıdan Vardan müəllimlik fəaliyyətini davam etdirib, 1255-ci ildə Xor Virapda məktəb yaradıb ki, həmin məktəbdə də antik fəlsəfə, məntiq, qrammatika tədris olunub. Həyatının bu dönəmində dəyərli əsərlər yazması ilə yanaşı, onun siyasi fəaliyyəti də diqqət çəkib. 1264-cü ildə Vardan Təbrizə yollanıb, monqol-tatar hökmdarı Hülaki ilə danışıqlar aparıb və Ermənistanda böyük səlahiyyətlər yiyəsi olub, üstəlik, Ermənistanda əhalidən vergiləri yığmaq hüququnu da əldə edib.
1271-ci ildə Vardan Aravelsi Xor Virap əyalətində dünyadan köçüb.
Diktor çıxışını bitirəndə Baş Hakim üzünü Vardan Aravelsinin mumiyaya bənzər tərpənməz vücudunun yanında əyləşmiş və ləzzətlə qəhvə qurtumladan Aram Melkonyana verdi:
-Cənab Melkonyan, erməni xalqı üşün Vardan Aravelsi kimdir?
Aram Melkonyan cəld ayağa sıçradı:
-Ooo, bu cür dahi şəxsiyyət barədə oturub danışmaq böyük qəbahət sayılar. Vardan Aravelsi erməni xalqının atası, ruhu, canıdır.
Bunu deyib özü özünə əl çaldı və əlavə etdi:
-Dünyaşöhrətli erməni bəstəkarı, adaşım Aram Xaçaturyanın bilirsiniz, ən böyük qəbahəti nə olub? O olub ki, o, Böyük Vardan barədə gözəl bir simfonik əsər yazmayıb. İstəyib, cəhd edib, bəlkə də başlayıb, amma tamamlamayıb. Hər halda, indi bizim əlimizdə bu əsər yoxdur. Amma mən fəxrlə onu da deyim ki, erməni tarixçiləri pleyadasında onun adını tək çəkmək də günahdır, bizim çox böyük tarixçilərimiz var, onlarla fəxr edirik, qürur duyuruq. Erməni tarixinin babası isə Movses Xorenatsidir. Möhtərəm cənab Baş Hakim bayaq bir yanlışlıq etdi, dedi Movses və digər qədim erməni tarixçilərinin başqa xalqlara aid olmaları ehtimalı da mövcuddur. Bəli, yanlışlıqdır. Paxıllıq və qibtədən irəli gələrək digər xalqlar onları öz adlarına çıxarmaq istəyirlər. Erməni xalqı böyükdür, siz Allah, çıxarın adınıza. Onlar tək bizim yox, bütün bəşəriyyətin başındadırlar. Elə tək bu faktın özü bizim xalqın böyüklüyündən xəbər vermirmi?
Baş Hakim ironiya ilə Melkonyana səsləndi:
-Əminəm ki, siz yumor hissinizi nümayiş etdirirsiniz.
Melkonyanın növbəti sicilləməsini isə “reqlament” söyləyərək kəsdi, prosesin bu saatında söz ekspertlərə verilməli idi, verildi də.
Ekspertlər ümumilikdə 21 nəfərdirlər, aralarında hər bir xalqın nümayəndəsinə rast gəlmək olar, ingilis, fransız, amerikalı, alman, italyan, yəhudi, yapon, ərəb, fars, yunan, hindus, rus, polyak, türk, isveç, şotland, macar, rumın, özbək, gürcü, həbəş...
Hər bir mövzu öncəsi hər biri öz ölkəsindəki mənbələrdən çıxarış eləyir, sonra bütün çıxarışlar müzakirəyə qoyulur, mənbələrin ciddiliyinə xüsisi diqqət yetirilməklə ən zəruri, vacib olanları birləşdirilərək yek bir sənəd ortaya qoyulur. Müzakirələri çox gərgin, şiddətli debatlar şəklində keçir, hətta sözləşirlər, bir-birilərini aclılayırlar da. Amma ümumi mənafe baxımından sonda fikir ayrılıqlarını dəf edə bilir, konsensusa gəlirlər. Böyük Vardanla bağlı fikir ayrılıqlarını da dəf edə bildilər, onun şah əsəri sayılan “Ümumi tarix” (digər adı da “Tarixi toplu”) əsərində ermənilərinmi, yaxud yunanların, bizanslılarınmı təsvir olunması sualını açıq saxlayıb arayışlarını hazırlamağa müvəffəq oldular.
Ekspertlər qrupuna başçılıq edən olduqca yaşlı, amma gənclik şövqlü yəhudi qarşısındakı hazır vərəqləri üç kürsü aralıda əyləşmiş polyak ekspertə verib gülümsəyərək “uğurlar” söylədi, polyak ekspert də kürsüyə çıxıb vərəqləri oxumağa başladı:
-Böyük elmi-ədəbi irs qoyan tarixçi Vardan Aravelsinin bu günə 120 əsəri gəlib çıxır. Onun “Psaltrın izahı”, “İyirmi peyğəmbərin mövludu”, “Qriqor Narekatsinin nəğmələr nəğməsinin izahı”, “Danilanın kəlamı” kimi əsərləri orta əsrlərdə erməni xalqının (bir daha təkrar edirik ki, olsun da ki, alban xalqının) tarixi, sosial-iqtisadi münasibətləri, məişət və mədəniyyəti barədə bilgilər verir. “Ümumi tarix” əsəri isə onun şah əsəridir, Xor Virap monastırında yazılması ehtimal edilən bu əsəri erməni mənbələri erməni tarixşünaslığının ümumdünya tarixi yazmaq cəhdində ən əsas halqa hesab edirlər. Əsər Ön sözdən və 100 hissədən ibarətdir. Proses ərəfəsində hissələr ekspertlərimiz arasında bölünərək tam şəkildə oxunub. Əsər əfsanəvi Babil qülləsinin tikilməsindən, Hayk və Bel arasındakı müharibədən başlayır, ta ki 1267-ci ilədək – erməni katalikosu Kostandin Berdzrabetsinin ölümünə qədər olan bir dövrü əhatə edir. Bəri başdan deyək ki, bizim peşəkar heyət bu nadir inci sayılan əsərlə tanışlıq zamanı bəzi hissələrin ümumi ansambla uyğun gəlmədiyini, ümumi ritmi pozduğunu hiss ediblər, elə adıçəkilən Hayk barədə, Kostandin Berdzrabetsi barədə olan hissələr buna sübutdur, amma ümumi qənaətə görə Divan bu tarixçini və əsərlərini mühakimə obyekti seçdiyindən sözügedən dərinlikləri bəllirtiləməkdən vaz keçib sözümə davam edirəm.
Əsərdə erməni xalqına aid siyasi, iqtisadi, dini və mədəni hadisələr digər qonşu xalqlarla paralelləşdirmə şəklində təqdim olunur, ilkin mənbə kimi müəllif Movses Xorenatsinin, Mateos Urxaetsinin, Kirakos Qandzaketsinin, Koryunun əməklərindən istifadə etdiyini söyləyir. Eləcə də bol sənədlərdən, şifahi və yazılı mənbələrdən iqtibaslar olunur. Ən əhəmiyyətli olanı 12 və 13-cü əsrlərə aid tarixi faktlardır ki, burada monqol-tatarların Qafqaza yürüşü, onların vergi siyasəti, Hülaki dövləti, erməni-monqol münasibətləri barədə bilgilər yer alıb.
Vardanın “Tarix”i ilk dəfə 1861-ci ildə erməni naşir M. Emin tərəfindən çap olunub, həmin ildə Emin əsəri ruscaya çevirərək çap etdirib, ardınca Düleri əsəri fransızcaya, Andreasyansa türkcəyə çevirib. Yenə təkrarlayıram, olsun ki, əsərə yamaq kimi görünən bəzi hissələr, təbii ki, söhbət ermənilərə aid hissələrdən gedir, əsərə naşir tərəfindən sonradan əlavə olunub.
-“Mən etiraz edirəm”, - söyləyib Aram Melkonyan cəld yerindən sıçradı, əlavə etdi ki, “Siz burada qədim və zəngin bir xalqa iftira yağdırır, hörmətsizlik nümayiş etdirirsiniz”.
Bu məqamda Divanın hakimlər kürsüsündə oturmuş yaşlı hakim yerindən Melkonyana irad bildirdi:
-Cənab Melkonyan, Eminin sözügedən kitabın nəşri barədə xatirələrini yəqin ki, oxumamış deyilsiniz, həmin kitabda o özü qeyd edir ki, əsərin redaktəsi uzun aylar aldı, belə ki, onun dilini sadələşdirmək, müəyyən düzəlişlər və əlavələr etmək lazım gəldi.
Aram Melkonyan çaşıb qaldı, amma bircə anda özünü ələ alıb gülümsər ifadə ilə söylədi:
-Hakimcan, Emin bilirsiniz nəyi dəyişib? Vardan erməni xalqını necə var böyük göstərib, onun zəngin mədəniyyətini, döyüş qabiliyyətini, ucsuz-bucaqsız torpaqlarını, var-dövlətini necə var göstərib. Eminsə gözə gəlməyək deyə bunları bir az kiçildib.
Baş Hakimin “Cənab Melkonyan, mən sizin yumor hissinizə heyran olmağa başlayıram” sözləri ilə tamaşaçılar arasına bir canlanma gəldi, yetərincə insan da gülüşdü.
Baş Hakim ekspertlərdən “Böyük Ermənistan” barədə Vardanın sözügedən əsərində və digər erməni mənbələrində gedən, yaxud, sonradan dürtülən hissələr barədə bilgi vermələri üçün növbəti arayış verməyi xahiş etdi.
Bu dəfə şotland ekspert kürsüyə çıxdı:
-Sözügedən mövzu Şapax Baqratuninin “Ermənistan tarixi”, Ovanes İmastaserin “Türklərin mənsəbi”, habelə Baqram Rabuninin “Tatarların yaranma tarixi” əsərlərində də yer alıb. Amma Vartanin “Tarix”i daha öncə yazılması ilə əhəmiyyət kəsb edir. Vartanın “Jxlank” əsərində də “Böyük Ermənistan” mövzusunun ruşeymlərinə rast gəlinir: burada qədim erməni əlifbasının, dilinin, musiqisinin təşəkkül tapması tarixi verilir. Mənbələrin iddiasına görə, bu əsəri Vardan Çar Xetumun tapşırığı ilə yazıb, ermənilər əsəri dünyada sonradan yetərincə təbliğ edə biliblər. Sonrakı “Aşxarasuys” əsərində Vardan “Ermənistan, İberiya və Albaniya” hissəsi ilə qədim Ermənistanın hüdudsuz sərhədlərini göstərir, coğrafiyasını geniş izah edir, oxucunu Ermənistanın şəhər və kəndləri, kilsələri, elmi-mədəni ocaqları ilə tanış edir. Bu əsəri də ermənilər əcnəbi dillərə tərcümə edib yetərincə yayıblar. Sonra Vardan “Nitq hissələri” adlı əsərində erməni dilinin sintaksisini tam açır, lüğət tərkibinə, əlifbasına yer verir, amma elə burda da “qədim və müzəffər xalqın nailiyyətləri” kontekstində Böyük Ermənistan mətləbi yer alıb.
Aram Melkonyan yerindən durub uca səslə Baş Hakimə müraciət etdi:
-Hakimcan, “Nitq hissələri” çox dahi əsərdir, 10 dəfə oxumuşam, on min insana zorla oxutmuşam. Böyük Vardan orda bilirsiniz nə yazır? “İlk kobud dil yarandı öncə, sonra bu kobud dildən yüngül Ellin və əzəmətli Roma dilləri, ardınca qorxunc Hun, yalvarıcı Suriya ərəbi, zəngin fars, gözəl alan, dərin misir, çığırtılı hind, güldürən qot və gömgözəl, dadlı-ləzzətli erməni dili yarandı. Bu dillər, rənglər kimi bir-birini tamamladı, gözəlləşdirdi.”
Melkonyan özü-özünü alqışladı, dərhal yeni bir mətləbə keçdi:
-Dahi Vardanın “Aşxarasuys” əsərini də 10 dəfə oxumuşam, orada isə...
Baş Hakim onun sözünü kəsdi:
-Cənab Melkonyan, bəs reqlament? Axı sizin çıxışa cəmi 3 dəqiqə, replika və müdaxilələrinizə 30 saniyə vaxt verilir. Bir də ki, siz ekspertin sözünü kəsib prosesin gedişatına maneçilik törədirsiniz, bunun fərqində olun!
Sonra çıxışı yarımçıq qalmış ekspertə “Lütfən davam edin” deyə müraciət etdi, ekspert də çıxışını tamamladı:
-Vardanda və onun ardıcıllarında “Böyük Ermənistan” bu cür vəsf olunur: “Böyük Ermənistan”, “Qüdrətli Ermənistan” kimi adlanan torpaqlardan bəhs etdikdə, Ermənistan adlanan dağətəyində yerləşən, eramızdan əvvəl 190-cı ildən eramızın 428-ci ilinə qədər – 600 ildən artıq mövcud olan bir İmperiyadan söhbət gedir. Bu dövlətin sərhədlərinin Kür çayından İordan dənizinədək, Aralıq dənizindən Xəzər dənizinədək uzandığı, ümumən 312 min kv km əraziyə malik olduğu bildirilir. Əhalisi isə 3 milyona yaxın imiş. İlk dəfə bu imperiyanın ərazilərini Artaşesidlər dövründə genişləndirdiyi, xüsusən 2-ci Tiqranın dövründə Qədim Roma İmperiyası ilə birlikdə dünya hökmranı olması bildirilir. Sonrakı dövrlərdə - 2-ci Artavazd, 2-ci Artaşed sülaləsi dövründə get-gedə zəifləməsi, Arşahidlər sülaləsi dövründə isə süqut etməsindən bəhs olunur. Qeyd edilir ki, “Ermənistan” termini ilk dəfə eramızdan əvvəl 521-ci ildə, fars şahı 1-ci Dara dövründə Bexustun yazılarında işlənib. İlkin mənbələrdə Qərbi Ermənistan və Şərqi Ermənistan adlarına, sonrakılarda isə Böyük və Kiçik Ermənistan adlarına rast gəlinib, Əhəmənilər şahlığının Makedoniyalı İskəndərin hücumundan sonra süqutu Qədim Ermənistana qismən müstəqillik gətirib. E.ə. 316-cı ildə Satrap Ayrarat çarlığını yaradıb. Tezliklə çar 3-cü Antipx Van gölü ətrafından ta ki Fərat çayına qədər uzanan Selekvid çarlığını Ayraratla birləşdirib, e.ə. 3-cü əsrin sonu- 2-ci əsrin əvvəllərində bütün bu ərazilərdə ermənilər məskunlaşıblar, məhz bu ərazi də tarixi Ermənistan adı alıb.
Şotland ekspert bu yerdə nitqini dayandırıb elan etdi ki, mətnin “Böyük Ermənistan” hissəsini ingilis ekspert hazırladığından həmin hissəni o özü oxuyacaq.
Şotland ekspert yerinə keçdi, ingilis ekspert kürsüyə çıxıb izləyicilərlə salamlaşaraq nətn oxunuşunu davam etdirdi:
-Erməni mənbələrinin iddiasına görə, “Böyük Ermənistan” adı eramızın 77-ci ilində Qarnidəki yunan yazılarında işlənir, Çar 1-ci Trdat həmin ərazinin çarı kimi göstərilir. Yaxud 2-ci əsrə aid Roma mənbələrində Çar Bakur “Böyük Ermənistan” çarı adlandırılır. Ermənilər özləri bu yaxınlarda Aparanda qazıntılar aparıb 4-cü əsrə aid mənbə tapdıqlarını iddia ediblər, iddiaya görə orda “Böyük Ermənistan” çarı 3-cü Trdadın adı qeyd olunub. Erməni mənbələri onu da iddia edirlər ki, çoxlu latın, fars, gürcü, rus mənbələri var ki, orda da “Böyük Ermənistan” adı keçir.
Erməni mənbələrinə görə, “Böyük Ermənistan”da dövlət quruluşu mütləq monarxiya imiş. Bu dövlətin paytaxtı müxtəlif illərdə Artaşat, Tiqranakert, Dvin və Vaqarşapat olub. Dinə gəldikdə, iddia edilir ki, 4-cü əsrədək burada zərdüştiliyə itaət ediblər, 4-cü əsrdən xristianlıq qəbul edilib.
Dövlətin 120 min nəfərlik daimi Çar ordusu olub. Həmin dövrə aid erməni qəhrəmanları arasında sərkərdə Vardan Mamikonyan Ermənistanda çox məşhurdur. 4-cü əsrdə yaşamış, İran Sasanilərinə qarşı vuruşub sücaət göstərmiş bu şəxsə abidələr qoyulub, adına küçələr salınıb, ən yaxşı erməni konyakı da onun adınadır.
Prosesin ağırlıq yükünü nisbətən yüngülləşdirmək üçün Baş Hakim replika atdı:
-Bax, Böyük Ermənistandan fərqli olaraq bu təkzibedilməzdir, erməni konyakı çox gözəldir!
Dərhal sıralarda bir canlanma əmələ gəldi. Ekspert mətninin davamı yenidən hamını sükuta qərtq etdi.
-2-ci Tiqran “Böyük Ermənistan”ın ən məşhur şəxsidir, sözügedən dövlətin əsas qurucusudur, Böyük Tiqran deyə ermənilərin sevə-sevə vəsf etdikləri bu şəxsin adı da kifayət qədər əbədiləşdirilib. Erməni tarixində bir də ən çox vəsf edilən qəhrəman 8-ci əsrdə Ərəb xilafətinə qarşı döyüşən Sasunlu David olub.
Baş Hakim ekspertə minnətdarlıq bildirib sözü yanında əyləşmiş yaşlı kolleqasına verdi. Söylədi ki, əks arqumentləri kolleqam səsləndirəcək.
Yaşlı hakim Baş Hakimə minnətdarlıq bildirib üzünü erməni nazirə tutaraq söylədi:
-Cənab Melkunyan, mən sizi pərişan edəcəyəm. Yanınızda əyləşmiş və 800 il əvvəl yaşamış, bəlkə də heç erməni də olmayan, alban olan, yazdıqlarını təhrif edib Böyük Ermənistan xülyanızın başlanğıcı hesab etdiyiniz şəxs belə məni indi duya bilirsə, onun durub sizin üzünüzə tüpürmək istəyəcək həddinə qədər sizi pərişan edəcəyəm. 17 qədim tarix mənbəsindən çıxarışa görə, Ermənistan Krallığı - İran mənşəli Artaşeslər və Parfiya mənşəli Arşakilər sülalələrinin hakimiyyətindəki torpaqları nəzərdə tutan termindir. Günümüzdə bu termindən erməni ideologiyasının təşəkkül tapması və erməni ekspansiyasını vurğulmaq üçün istifadə edilir. Mənbələrə görə "Böyük Ermənistan" ifadəsi iki mənada işlədilir: coğrafi və siyasi mənalarda. Həmin ifadəni coğrafi mənada 1800-cü ildə erməni Qriqoryan kilsəsinin ortaya atması sübut olunub. Mənbələrə görə, III Antiox Selevki Ararat çarlığını işğal edərək həmin ərazini Ermənistanın əsas ərazisi olan Van gölü ətrafı ilə birləşdirmiş, “Böyük Ermənistan” ifadəsi də o vaxt yaranmışdır. Yəni indiki ermənilərin – hayların həqiqi ermənilərlə - ərmənlərlə və ya armanlarla heç bir bağlılığı yoxdur. “Böyük Ermənistan” deyib iddia etdikləri qədimi dövlət də hətta mövcud olsa belə, indiki ermənilərin - hayların qurduğu bir dövlət deyildir. Haylar bu əraziyə daha sonrakı tarixi dövrlərdə Şimali Fərat hövzəsindən gəlmişlər. Dəqiq tarixi qaynaqlara görə, ermənilərin iddia etdikləri kimi “Böyük Ermənistan” heç də dənizdən-dənizə - Aralıq, Qara və Xəzər dənizlərinədək hüdudsuz ərazidə olmamışdır. “Kiçik Ermənistan” (Van gölü ətrafı) ifadəsini də erməni kilsəsi ortaya atmışdır.
Müttəhimlər sırasından gələn etriaz səsləri o qədər yüksək həddə çatdı ki, Baş Hakim prosesə fasilə verməli oldu. Sözçülər replikalar atır, vəkillər vəsadətlər qaldırırdılar. Hətta sıradan təhqir və söyüşlər də ucalırdı. İş o yerə çatdı ki, Baş Hakim orada əyləşənlərə su şırnağı ilə islatmaq hədə-qorxusu da gəlməli oldu. Amma bu insanların heç cür sakitləşmədiyini gördükdə Baş Hakim Müttəhimlər sırasının ətrafına Divan mühafizəçiləri düzdürüb orada əyləşənləri söz verilmədən çıxış edəcəkləri təqdirdə cəzalandıracağını elan etməli oldu. Paralel olaraq da ekspertlərdən bir neçəsi “üsyankarların” qarşılarına çıxıb hansı mövzuda deyirlərsə o mövzuda fikir mübadiləsi aparmağa hazır olduqlarını bildirdilər. Yalnız bundan sonra sakitlik bərqərar oldu və yaşlı hakim çıxışını davam etdirdi:
-“Böyük Ermənistan” ifadəsi siyasi anlayış kimi e.ə. II-I əsrlər üçün, Artaşesin və II Tiqranın hakimiyyət başında olduqları və “Böyük Ermənistan”ın öz qüdrətinin ən yüksək zirvəsinə çatdığı dövr üçün xarakterikdir. Buna görə də “Böyük Ermənistan” ifadəsi yalnız e.ə. II-I əsrlərdə həm coğrafi, həm də siyasi ifadə kimi haradasa özünü doğruldur. Ancaq II Tiqran imperiyasının süqutundan sonra, yəni e.ə. 65-ci ildə “Böyük Ermənistan” da öz ömrünü başa vurdu və Ermənistan ərazicə yalnız Ərmən yaylası hüdudlarında qaldı. Coğrafi mənada isə bu ifadə erkən orta əsrlərə qədər işlədildi. 21-ci əsrdə bu ifadəni yenidən gündəmdə saxlamaq, qonşu dövlətlərə torpaq iddiası yürütmək, qonşu əraziləri işğal etməyə çalışmaq – bunlar əxlaqla, humanizmlə, dinc yanaşı yaşama təlimləri ilə əsla bir araya gəlmir.
Üçkilsədəki alban əlyazmalarını təhrif etməklə, qədim alban tarixçilərini də öz adlarına çıxmaqla ermənilər çox yalanlar yayırlar, bu isə, cənab Melkunyan, mənim opponentlərim olan xanımlar və cənablar, bir xalqa heç də şərəf gətirməməlidir.
Tamaşaçılar hakimin çıxışını alqışlarla qarşıladılar, Melkunyan dərhal mikrofona sarıldı:
-Mən kəskin etiraz edirəm.
Texniki heyət Melkunyanın mikrofonunu işə salmaq istəməyəndə Baş Hakim onlardan xahiş etdi ki, Melkunyana son söz deməsi üçün şərait yaradılmalıdır.
Yaranan şəraitdən daha səmərəli istifadə etmək üçün Melkunyan hədsiz sürətlə sözləri yanaşı düzməyə başladı:
-Möhtərəm Divan, burda bizim hüquqlarımız taptanır. Baxın, mən ötən il bizim Ermənistanın “Kovçeq Noev” qəzetinə müsahibə verərkən bir görün nələri söyləmişəm. Yaxud bizim Reqnum agentliyimizə verdiyim müsahibəmə bir baxın. Mən türk-azərbaycanlı saxtakarlığından danışmışam. Bu xalqlar bizim əzabkeş xalqımıza bir görün nə qədər məhrumiyyətlər yaşadırlar. Erməni genosidi bəs olmadımı bunlara? Torpaqlarımızı işğal etməkləri bir yana, tariximizi də saxtalaşdırmağa cəhd göstərirlər. Baş hakimcan, o biri hakimcan, bu biri hakimcan, tamaşaçıcanlar, bütün dünya birləşsin, qədim, zavallı, ən əsası, xristian bir xalqı müsəlman barbarlardan xilas etsin, xahiş edirəm.
Baş Hakim müdaxilə etdi:
-Cənab Melkonyan, mətləbə keçin. Əlahəzrət faktlara istinad edin.
Melkonyan bir qədər kəkələyərək sözünü davam etdi:
-Baxın! Azərbaycanlı müəlliflər Vediyeva və Hüseynzadə heç bir obyektivlik göstərmədən biz erməniləri Qafqazda gəlmə xalq adlandırırlar, saxta dəlil-sübutlar gətirirlər. Guya, bizim əcdadlar Frakiya vadilərindəndirlər, bizim dilimiz Qafqaz dil ailəsinə aid deyil, guya bizdə digər Qafqaz xalqlarındakı kimi kişi yox, qadın hegemonluğu hökm sürür, guya...
Baş Hakim yenidən onun sözünü kəsdi:
-Məgər belə deyil?
Melkonyan lap özünü itirdi:
-Mən bunu demək istəmirəm, demək istəyirəm ki... Demək istəyirəm ki...
Baş Hakim yorğun baxışlarla Melkonyana nəzər yetirib “Nə demək istəyirsiniz axı, cənab Melkonyan?” deyə soruşdu.
Melkonyan anidən özünə gəlib yenə sürətlə danışdı:
-Ermənilərin guya Qafqaza gəlmə xalq olduqlarını türk-azərbaycanlı alimlər erməni tarixçı Yüzbaşyanın “9-10-cu əsrlərdə ermənilərin Bizansdan köçüb gəlmələri” fikrinə istinad edib deyirlər. Bu üzdəniraq alimlər hətta ermənilərin Qafqaza Cənubi Azərbaycandan gəldiklərini iddia edirlər, İran dövlətinin ərazisinə Azərbaycan adı qoyub öz işğalçı xislətlərini...
Baş Hakim yenidən onun sözünü kəsdi:
-Cənab Melkonyan, Yüzbaşyanın iddiaları tam sübut olunub, İranın şimal hissəsi isə rəsmən Azərbaycan əyaləti adlanır. Və sizin vaxtınız da bitdi. Biz artıq hökmü elan edirik.
Erməni nazirin etirazlarının müşayiəti ilə Divanın hökmü səsləndi:
- Tam saxtakarlıqdan ibarət olan, xalqlar arasında düşmənçilik yaradan, nifaq toxumları səpən, Türkiyə və Azərbaycan dövlətlərinə konkret torpaq iddiaları ilə sonuclanan, digər xalqların tarixi nailiyyətlərini mənimsəyən, üstəlik, erməni xalqının özünü məhrumiyyətlərə düçar edən “Böyük Ermənistan” xülyası tarixçi Vardan Aravelsinin timsalında qeybedilmə cəzasına məhkum edilir.
Hökmlər müxtəlif olur. Bir insana, bir zaman kəsiminə aid olanları əksəriyyət təşkil edir. Bəzən isə hökm min illəri əhatə edən yüzlərlə insana kəsilir, belə hökmlər adi hökmlər olmurlar, onlar əbədilik statusuna yiyələnirlər.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)