prof. Ramazan SİRACOĞLU
Professor Ramazan Siracoğlu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Daha sonra Azərbaycan SSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1986- 1993-cü illərdə Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi işləyib. 1994-2018-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. Hazırda Karabük Universitetinin professorudur.
Tərəddüdsüz qeyd etmək lazımdır ki, türk, ərəb və fars ədəbiyyatında Hürufi məzmunlu şeirlər yazmış heç bir şair— Gülşəni, Nədimi, Ərşi, Muhiti, Kəlimi, Niyazi Misri, Gül Baba, Qasım Ənvar və başqaları heç vaxt Nəsimi səviyyəsinə yüksələ bilməmişlər. Ən yaxşı halda, onlar Nəsimini zəif şəkildə təqlid etmişlər.
Nəsimi öz ustadı Fəzlullah Nəimidən öyrəndiklərini az sonra Mənsur Həllacın fikirləri əsasında dərinləşdirmişdi. Taleyin işi qəribədir: Nəimini hürufiliyə görə, onun tələbəsi Nəsimini isə Mənsur Həllacın fikirlərinin təbliğinə görə ittiham edib qətlinə fərman vermişdilər:
چو حق بنوشت بر رویش تمامی اصل قرآن را / رخ او مصحف خوبی و خطش ترجمانسـتی
Çün Həqq üzünə tam yazmış bütün Quranın əslini
Xub çöhrəsi müshəfdürür, xətti onun tərcümanı.
Haqqında bir-birinə zidd xəbərlər söylənilən, təvəllüdü və vəfatı haqqında müxtəlif mənbələrdə fərqli tarixlər təsbit olunmuş Nəsimi qısa zaman içində Azərbaycanda çox məşhurlaşmışdı. İnsanlara azadlıq və ədalət təbliğ edən hürufiləri Teymurilər öz xanədanlıqları üçün böyük təhlükə mənbəyi olaraq görürdülər. Teymurilərin müşahidəsinə görə, hürufilər başqa dərvişlərdən fərqli idilər, vird oxumur, zikr etmirdilər. Əlincə qalasını özlərinin həcc yeri adlandırması, onun ətrafına dövrə vurmağı özlərinə borc bilmələri, hər səhər “Baba” adlandırdıqları təriqət başçısını ziyarət etmələri, dini mətnləri öz tərzlərində “təvil” adlanan üsulla açıqlamaları, hərfləri gizli mənaları dərk etmək vasitəsi saymaları Teymuri xanədanlığını ciddi əndişələndirirdi. Buxara ilahiyyatçıları (fəqihləri) Nəsiminin bu beytini yanlış şərh edərək Əmir Teymuru qəzəbləndirməyi bacarmışdılar:
لوح محفوظ است پیشانی وقران روی دوست / كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لاریب اندر شان اوست
(Yarın alnı Lövh-əl-məhfuz, çöhrəsi Quran ayəsidir, “Qəsas” surəsinin 88-ci ayəsindəki “Onun özündən başqa hər şey yox olacaqdır” hökmü, şübhəsiz ki, dostun üzünə görədir. )
Miranşah atası Əmir Teymurun israrı ilə bir qrup üləmanı toplayıb Fəzlullah Nəiminin və ardıcıllarının zındıq olması barədə hökm verdi. Maraqlananlar üçün xatırlatmaq lazımdır ki, hürufiləri zındıq adlandırmanın hüquqi əsası yoxdur. Ərəblər atəşpərəstlərə “məcusi”, Zərdüştə aid edilən “Zənd” kitabına iman gətirənlərə isə “ زندیق -zəndiq” deyirdilər. Əslində, bu söz pəhləvicədir- “زندیك – zendik”. Sonralar batində islami ehkamları qəbul etməyib zahirən özünü müsəlman kimi göstərənlərə də “zındıq” deyilməyə başlamışdı. Ümumiyyətlə, islam hüququnda islam dininə qarşı çıxan fərqli qruplara müəyyən tanımlamalar var: mürtəd, mülhəd, müşrik, kafir, laməzhəb, asi vs. ( Bax: المزهر سیوطی و المعرب جوالیقی ص 166 )
Hurufilərin ALLAHa inanmaması haqqında irəli sürülən mülahizələr doğru deyildir. Hətta bir ara bizdə də belə bir yanlış fikir irəli sürülmüşdü ki, “Nəsimi “Məndə sığar iki cahan” yox, “Məndə sığar ikən cahan” yazıb. Axı o dinə inanmırdı, iki cahan deməzdi” (!?)
Fəzlullah Nəimi və onun xələfi İmadəddin Nəsimi Şirvani də daxil olmaqla bütün hürufilər iliklərinə qədər müsəlmandırlar. Sadəcə, onların mütləq həqiqət olan ALLAHa qovuşmaq prinsipləri ənənvilikdən fərqlidir. Hürufilər təsəvvüfdə mövcud olan “ صحو بعد المحو - Səhv bə’d-əl- məhv- Yox olduqdan sonra oyanıb özünə gəlmək“ prinsipini qəbul edib onu daha da dərinləşdirmişdilər. Sufilərin (və də hürufilərin ) etiqadına görə, ilahi eşqin on mərtəbəsi var: məhəbbət, iradət, şəbabət, ğəramət, vədadət, şəğavət, eşq, tətəyyüm, təəbbüd, hüllət. Hüllət, sonuncu mərtəbə, “- فناء فیاللّه وبقاء باللّه fəna fillahi və bəqa billahi – ALLAHda yox olub ALLAHda əbədi qalmaq” dərəcəsidir. Həmin dərəcəyə yüksələ bilənlər ALLAHa qovuşub onda yox olub əbdiyyətə qovuşurlar. Hürufilərin düşüncəsinə görə, insan əngin ümmana qovuşduqdan sonra yox olmuş kimi görünən çaya bənzəyir. Başqa sözlə, çay ümmana qovuşduqda, həm də ümman olursa, Haqqa qovuşan insan da Haqqın bir zərrəsi şəklində həm də Haqq olur. Bu mənada hürufilər Mənsur Həllacın məşhur “ اناالحق - Ənə-l- Həqq- Mən Haqqam” fikrini qəbul etmişdilər. Nəsimi az sonra bu fikri “Haq mənəm, haq məndədir, haq söylərəm” şəklində poetikləşdirmişdir.
Xanədanlığa xidmət edən, rəsmilərin verdiyi pulla fəaliyyət göstərən ilahiyyatçılar fürsət düşdükcə hürufiləri vurmağa, xalq arasında onları nüfuzdan salmağa çalışır, bacardıqları dərəcədə onları zərərsizləşdirmək üçün bütün mümkün bəhanələrdən yararlanırdılar. Belə bəhanələrdən biri, hürufilərin istinad gətirdikləri “ من عرف نفسه فقد عرف ربه - Mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəhu- Özünü dərk edən, əslində Rəbbini dərk edər” hədisi oldu. Din rəsmilərinin iddiasına görə, həmin hədisi hürufilər qəsdən dəyişdirmiş, İnsanı əzəmətli, güclü, heç bir şeyə möhtac olmayan, heç nədən asılı olmayan varlıq olaraq göstərmiş və beləliklə, avam kütləyə insanın ilahlaşdırılmış bir varlıq olduğu fikrini aşılamağa çalışmışlar. İddiaya görə, o hədis əslində tam fərqli şəkildəymiş:
من عرف نفسه بذلها وعجزها وفقرها عرف الله بعزه وقدرته وغناه الله من بعد– Özünün zəifliyini, dəyərsizliyini və acizliyini dərk edən şəxs, gerçəkdən də, ALLAHın əzəmət, qüdrət və zənginliyini idrak edər”. Hürufilərin düşüncəsinə görə, bütün varlıqların görüntüsü, həcmi, ölçüsü, çəkisi olduğu üçün bu xüsusiyyətlər Mütləq Varlığın özünə də aiddir və ALLAH özünü hərflər və o hərflərin tələffüzü zamanı yaranan səslər şəklində təcəlli etdirmişdir. İstinad olaraq da İslam Peyğəmbərinin dilindən söylənmiş bir hədisi gətiridilər. ( Bax: خياوي، روشن؛ حروفيه تحقيق در تاريخ، آراء و عقايد، نشر آتيه، اول،1379هـ ش، تهران، ص215 )
Miranşahın əmri ilə Nəimi Əlincə qalasında xüsusi amansızlıqla qətl edildikdən sonra Nəsimi Kiçik Asiyaya gedir.
Bursa şəhərində gələn Nəaimini zındıq elan etdikləri üçün çar-naçar oranı tərk edib Ankaraya, Hacı Bayram Vəlinin yanına gəlir, bir müddət sonra Hələb şəhərinə getməyə qərar verir….
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)