…Söndür dodaqlarını Featured

 

“Ədəbiyyat və incəsənət”in Poetik qiraət rubrikasında Əlizadə Nurinin “Söndür dodaqlarını…” şeirini sizlərə təqdim edirik. 

 

…Gəldin, bir az düzəldi,

Bu dünyanın donqarı.

İsidir bu gecəni

Göydə ulduz tonqalı.

 

Tanrı yanımızdadı,

Göy üzü də yaxında.

Bizə yer də saxlayıb

Payız öz qucağında.

 

Bu darıxan əllərim,

Sənə yeriyib gəlib.

Yorulan barmaqlarım

Saçlarında dincəlir…

 

… Yel əsir, bu yarpaqlar,

Uçur çərpələng kimi.

Asılıb ay işığı

Yaxandan çiçək kimi…

 

O göy mənim göyümdü,

O ulduzla tanışam.

Qolumdakı saatı

Kənara tullamışam…

 

..:Bu  gecədi, bir də biz,

Bir də bir quş yuvası.

Yağışa yalvarmışam

Bir az göydə yubansın.

 

Səhra kimi susuzdum,

Boş idim bir qab  kimi.

Götür ay işığını

Üzündən niqab kimi.

 

Vaxt da susub… səhəri

Ya yubatmaq istəyir?

Sənə verib dünyanı-

Ay da batmaq istəyir…

 

… Söndür dodaqlarını-

Bu  görüşdən sağ gedək.

Yığıb pıçıltıları,

Gecədən asaq gedək…

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.