prof. Ramazan SİRACOĞLU
Professor Ramazan Siracoğlu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Daha sonra Azərbaycan SSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1986- 1993-cü illərdə Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi işləyib. 1994-2018-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. Hazırda Karabük Universitetinin professorudur.
Məzhəb və təriqət mənsubları tarix boyu əhalinin iqtisadi-siyasi problemlərindən yararlanıb öz ideyalarını əhali arasında yaymağa çalışmış, tərəfdarlarını məqsədyönlü şəkildə həmin istiqamətə yönləndirmişlər. Bu baxımdan Teymurilər xanədanlığı zamanında təşəkkül tapıb böyük bir sürətlə yayılan hürufilik hərəkatı da istisna deyildir. Hürufilər batini və zahiri bütünlüyə çox diqqət edir, davranışlarında ciddiyyətlərini qoruyur və xarizmatik görünməyə çalışırdılar. “İnsan bütün varlıqların əşrəfidir” düşüncəsinə sarsılmaz inam bəslədiklərindən mümkün qədər qüsursuz olmağa, forma və məzmun vəhdətindən qopmamağa üstünlük verirdilər. ( Bax: حسین میرجعفري، تاریخ تحولات سیاسی اجتماعی اقتصادي و فرهنگی ایران در دوره تیموریان و ترکمانان .تهران: انتشارات سمت، 1379 ،ص 207 ـ
Tarixi mənbələr göstərir ki, XIV əsrin 80-ci illərində Bakı şəhəri hürufiliyin geniş yayıldığı məkana çevrilmişdi. Fəzlüllah Nəimini Bakıya gətirən başlıca səbəb də məhz bu amil idi. Nəsimi təxminən 16-17 yaşlarında Bakıda Nəimi ilə tanış olanda Fəzlullah 50-ni haqlamaqdaydı. Nəiminin şövq ilə şeir söyləməsi, bəlağətli rəvan və təsirli nitqi onu dinləyənləri, o cümlədən gənc Nəsimini heyran eləmişdi. O zamanlar dost- tanışları bu gənci hələ əsl adıyla— Əli kimi tanıyırdılar. Ona “Seyyid” adını Nəimi əlavə etmiş, gənç Əli də heyranı olduğu ustadın təxəllüsünə uyğun olaraq özünə Nəsimi təxəllüsünü götürmüşdü. ( Bax: راوندی،1378، بخش1ج8، 627). Nəiminin sözlərinə görə, ALLAH bütün adları Adəmə öyrətdiyi, onu bütün canlılardan üstün yaratdığı üçün, mələklər və şeytan İnsan qarşısında həmişə acizdir. Nəimi iddia edirdi ki, Bəqərə surəsinin 30-cu ayəsində ALLAH bütün mələklərə “ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً – İnni cailu fi-l ardi xəlifətən— Mən Yer üzərində bir xəlifə yaradacağam” buyurduğu üçün və həmin surənin 31-ci ayəsində- وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا – Və əlləmə Adəmə-l- əsmaə kulləha- Və Adəmə bütün adları öyrətdi”- bəyan edildiyinə görə, İnsanın özü ən böyük dəyərdir.
Nəimi böyük bir ustalıqla gənc Nəsiminin təsəvvürlərində İnsanı ucaltmışdı. Nəimi öz müridlərini inandırmışdı ki, insanın sifətində açıq-aşkar ALLAH sözü yazılıb: burun “əlif” hərfidir, burun pərləri “lam”, gözlər isə “hə”dir. Onun məntiqinə görə, mələklər sadəcə öyədilənləri bilirlər, İnsan isə həm də özü öyrənib özünü təkmilləşdirmə qabiliyyətindədir. Mələklər də özlərinin məhdud bilik sahibi olduqlarının fərqindədirlər. Nəimi öz iddialarını doğrulamaq üçün yenə də Qurani-kərimə istinad etmişdi: قَالُواْ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا - Qalu lə ilmə ləna illa ma əlləmtəna- Dedilər sənin bizə öytətdiyindən başqa bir biliyimiz yoxdur” (Bəqərə, 32). İnsan özü bir kiçik aləmdir (aləmi- səğir ), insanın üzü ilahi kitabdır, əslində, İnsan “ALLAHın danışan kitabıdır” (کتاب االله ناطق - Kitabullahi natiq ). Hürufilərdən başqa heç kim bu həqiqəti bilmir. Hürufilər səbr və əzmlə bu həqiqəti insanlara izah etməlidir.
Gənc Nəsimi böyük maraq və heyrətlə Nəimini dinləmişdi:
Ərş üstündə mələklərlə hər gecə “yahu” söylərəm
Sufi olanlar “la” deyər, mənsə “illahu” söylərəm.
Mən bayquyam, divanəyəm, yüz şəhərlik viranəyəm
Qıy vuraram saraylarda, şah tacında “qu” söylərəm.
Mənim yanımda Qazi kim? Müfti neylər dərgahımda?
Göz olmasan məkanımdan hökmlə “yarğu” söylərəm.
Ey karvan, ey sariban, gecə oğrusu deyiləm
Pəhləvanam əldə qılınc, sözü “rubəru” söylərəm.
Nəiminin söylədiyi fikirlər Nəsimini bütün günü düşündürmüşdü: Aləm üç mərhələyə bölünür— 1-ci mərhələ nübubuvvət mərhələsidir, Adəmlə başlamış, Həzrəti-Muhəmməd əleyhüssalamla tamamlanmışdır; 2-ci mərhələ imamətdir, Əmir-əl möminin Həzrət Əli ibn Əbu Taliblə başlamış on birinci imam Həsən Əsgəri ilə tamamlanmışdır; üçüncü mərhələ uluhiyyət mərhələsidir ki, Fəzlullah Nəimi ilə başlayır. Nəimi sözarası əlavə etmişdi ki, Mehdi Sahibi-əz- Zaman elə onun özüdür.
Nəsimi ertəsi gün utancaq bir tərzdə yənicə yazdığı şeiri Nəimiyə təqdim etmişdi:
Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi...
Bağım, İrəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.
Nəimi bu gənc şirvanlı balasının istedadı qarşısında heyrətini gizləyə bilməmişdi: “Ustadına bərəkəllah! Sən yaxın gələcəkdə hürufilərin əmiri olacaqsan”. Həqiqətən də, çox qısa bir zaman içində Nəsimi öz qabiliyyəti və şəxsiyyəti sayəsində Nəiminin ətrafında olan bütün mürüdlərini, o cümlədən, Əliyyü’ əla kimi məşhurlaşmış Əbu’l Həsən İsfahanini, Nəiminin ən yaxını sayılan İzəddin Əbdülməcidi, Kamal Haşimi və Mahmud kimi tələbələrini ötüb keçmişdi.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)