“50-yə çatmaq necə bir olaydı, Səlimdən öyrənəcəm…” Featured

 

Səlim Babullaoğlunun 50 yaşına dost sözü

 

Əkbər Qoşalı yazır

 

Səlimi uzun illərdir tanıyıram. İndi ikimiz də gəlib 50-ni haqlamışıq – o məndən 4 ay böyükdü və beləliklə, 50-yə çatmaq necə bir olaydı, bir az da ondan öyrənmiş olacam. Riyaziyyatda 50-dən sonra 51 gəlir, ədəbiyyatda, sənətdə sanki 50-dən sonra 100 gəlir (bunu 50-ni haqlamış başqa dostlar haqqında yazarkən də ifadə etmişəm ola bilərəm)… Ustadlar ustadı Aşıq Alı demiş, əllini aşırdın, yüzə nə qaldı?.. Xalq şairi Osman Sarıvəllisə, “Kim ki yüz il yaşamadı, günah onun özündədir” deyirdi. Ancaq yaşamaq var, yaşamaq var – o ömür ki, dolu-dolu, zehnü-zəhmətlə, yaradıcılıqla donatılmadı, burax başını getsin. Necə deyərlər,

“Harda başlar, harda bitər bir ömür? –

Bir ömürdə bəzən bir ömür,

Bir qələmdir, bir ağ dəftər, bir ömür,

Bu yığvaldı, elə-belə gəlməyib”…

Azərbaycan ədəbiyyat aləmində 50-nin həssaslığının bir digər səbəbi “Səməd Vurğun yaşı” olması ilə sıx bağlıdır. Belə bir məzmuna ortaq ola bilərik ki, yaradıcı insan 50-yədək şöhrət zirvəsini fəth etmədisə, ciddi ədəbi-ictimai xidməti ilə seçilmədisə, 50-dən sonrası ya nəsib… Əgər “40”-ı “xatalı yubiley” yaşı sayar və xüsusi qeyd etməzlər deyə duymuşuqsa, 50-ni qutlamaq bir vəfa borcundan ziyadə, ömür təntənəsi kimi gəlir mənə. Dövlətə də, cəmiyyətə də, sənətçiyə də təntənə lazım olur. 50 yaş şair ömrünün bayramıdır, hesabatıdır, 100-ə boylanışıdır. 50 zarafat deyil, bütün zarafatları digər aralıq yubileylərə saxlayıb, 50-ni sanballı keçirmək, ədəbiyyatçının dostlarının mənəvi öhdəliyidir.

Çox şükür Səlim 50-yə sağ-salim və dolu-dolu gəlib çıxıb. Bəs Səlimin özəllikləri nədədir, onu fərqli qılan nələrdir? Mənə elə gəlir, şair Səlim Babaullaoğlu adının yanında ilk yazılmalı söz səliqə-səhman, nizam-intizam və ədəbiyyatçı, ictimai xadim məsuliyyətidir. Hərçənd ədəbiyyatda zövqlər dartışılmaz deyilir, yenə olsun, onun ədəbi zövqü ilk növbədə, qurucusu olduğu “Dünya ədəbiyyatı” dərgisində - özü də, yalnız mətn-mündəricədə deyil, illüstrasiya, poliqrafiya anlamında da təcalla edir. Səlim yalnız şair kimi deyil, zövqlü dizayner, tələbkar redaktor, həssas naşir kimi seçilir.

Səlim Babullaoğlu çoxşaxəli fəaliyyət özkeçmişinə malikdir, ancaq həmişə məhz ədəbiyyat cəbhəsinin, ədəbi-bədii yaradıcılığın çoxşaxəliliyi içində olub.

O, 90-cılar ədəbi nəslinin öz ədəbi kredosuna sadiq olan azsaylı yazarlarındandır. Səlim “hərşeyşünas”, nə olur olsun, adım orda olsun “düşüncə”sində olanlardan deyil.  Bilirsiz, məhz bu ampulada qalmaq heç də asan məsələ deyil. Səni görməyə bilirlər, sənin yanından ötə bilirlər, sabun köpükləri ilə şişə bilirlər və sən sanki gözdən, könüldən uzaq qala bilirsən. Üstəlik, o sabun köpüyü sıradan çıxınca da, sağdan-soldan üstünə qaramat yağdıra bilirlər. Sanki demək istəyirlər: “Sən niyə ayaq üstəsən, niyə yıxılmırsan axı”?! – Bəli, “başarı bədəl istər” (N.Gənc)…

Səlim Babullaoğlu çətin anlarda kübarlığını saxlamağı bacaran dostlarımızdandır. Onun yanında baş verən anlaşılmazlıqlara benzin tökməz, tanıdıqlarının savaşmalarından həzz almaz, anındaca, kübarca müdaxilə edib, xoşməramını nümayiş etdirər.

Onunla mənim də armada anlaşmazlıqlar olub – zarafat deyil, birigid ömründən artıq müddətdir tanıyırıq bir-birimizi; ancaq hər ikimiz anlaşmazlığın düyünə dönməsinə müsaidə etməmiş, mükün olan ən qısa zaman kəsiyində, daha yaxşı günlərə adlamışıq. Türk şairi Atila İlhanın üslubunda desək, dartışmalar dostluqlara daxil…

Səlim maneələr aşmaqda səbr yiyəsidir, bir neçə situasiyada şahid olmuşam. Şair və səbr – bax, bu heç də tez-tez rastlaşdığımız olay deyildir. O, yaradıcılığında da öz təmkinini əks etdirən yazarlardandır. Bu məziyyətlər onda 50 yaş ərəfəsində daha çox müşahidə edilmiş ola bilər amma mən bunu illər öncədən görmüşəm və bu özəlliklərlə o, mənə yaşından irəli təsir bağışlayıb. Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsini daşıdığından bərisə, daha qucaqlayıcı, daha barışdırıcı görmşəm onu.

Səlim Babullaoğlu miqyaslı düşünür, xırda işlərə ömür sərf etmir. Belə bir məşhur deyim var, “İnsan böyük işlərlə məşğul olduqca, böyüyür, xırda işlərlə uğraşınca, özü də hiss etmədən xırdalanmağa başlayır”… Yubilyar dostumuzun imzası olan layihələrə, adı keçən kitablara baxıb, onun düşüncə miqyasını, fəaliyyət sferasını aydın görmək olar. “Şuşaya salam”, “Xalq əmanəti”, “Dünya ədəbiyyatı”, beynəlxalq ədəbi əlaqələr… və s…

O, Azərbaycan Yazıçılar Birliyi Qəbul komissiyasının başqanı olduğu müddətdə illərdir qəbul növbəsində gözləyən neçə yazarın sevincinə səbəbkar oldu. Necə? – Çox sadə şəkildə: obyektiv, tərəfsiz, qərəzsiz olmaqla! O, hər kəsin sənədlərinin komissiya üzvləri tərəfindən dəyərləndirilməsinə münbit ortam yaratdı. Dedi ki, üzvlük üçün müraciət edən yazarda istedad işartısı varsa, uğur qazanacaq, yoxdursa, vəsiqə ona istedad verəsi deyil. Bu, özünəxas ədalətli yanaşmadr. Həm insanların könlü qırılmır, gözü yoldan yığılır həm də mühit qazanır, qabında bir şey varsa, üstə gəlir, yoxsa, xəlbirlə su daşımağın mümkünsüzlüyünü özü görür, özü özünü dərk edir. İdrak etməyənlərin işi isə Tanrıya qalıb, onu bəndələr komissiya ilə, iclasla, qərarla, vəsiqə ilə çözə bilməz zatən…

Yubilyarın bir neçə kitabı gün üz görüb, məncə, onların içində “İlyas Göçmənin şeir dəftəri” əlahiddə yerə malikdir. Bu nəcib kitabda Səlim şair-rəssam, etüd ustası kimi çıxış edib. İlyas Göçmənin çəkdikdlərini Səlim sözə çevirib. Rənglə Sözün qardaşlığı, İstanbulla Bakının anlaşması, Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi bir nəcib kitabda da boy atıb, çiçəkləyib…

Səlim qədirşünas aydınlarımızdandır. Çox çox təəssüflər ki, qədirbilənlik bir dəyər olaraq xeyli sarsılıb və onu qoruyan insanları görəndə elə bil gözümə işıq gəlir.

Yubilyar öz nəsildaşlı olan şairlər haqqında hələ 10-15 il öncədən ürəkgenişliyi ilə “görkəmli” sözünü (təyinini) işlədirdi, özüm şahidəm. Elə o vaxt düşündüymü bura yazım: məncə, bu, ilk növbədə öz nəsildaşlarının təəssübünü çəkməkdir; ikincisi, nəsildaşlarını məsuliyyətli fəaliyyətə motivə etmək, özgüvənə və böyük düşüncəyə dəvətdir: özünüzə bir də belə baxın, özünüzə yaxşı titulları yaraşdırın və eqolu yox, doğrudan-doğruya görkəmli olun – görkəmli dediklərimizdən nəyiniz əskikdir?..

Heç şübhəsiz ki, Səlim Babullaoğlunun ədəbi fəaliyyətində ən böyük yeri tərcüməçilik tutur. Söhbət yalnız öz tərcümələrindən getmir, o, ümumən bədii tərcümə və ədəbi əlaqələr işində illərdir külüng çalır. Külüng çalmaq sözü də təsadüfən düşməyib bura: o bu işin həm rəhbəri həm (sözün müsbət emosiyası ilə) qara fəhləsi olub: həm tərcmə et, həm redaktə et, tərtib et, həm təşkil et, təqdim et, həm də bütün bu əməli fəaliyyətlərin maddi əsaslarını bul! – Bunlar bir yazar üçün fədakarlıq əsəridir. O, bu fədakarlığı az qala “Dünya ədəbiyyatı”nın hər sayında, bu məzmunlu hər layihədə edir. Belə yerdə deyərlər, qazavatın qutlu olsun! Mən qazavatın yanıbaşında yubileyini də qutlayıb, şair qardaşımıza yeni yaradıcılıq uğurları, möhkəm can sağlığ diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.