Elçin İsgəndərzadə - professor, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin "Metrologiya və Standartlaşdırma" kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiri və hamısı ilə yanaşı, lirik və vətəndaş şeirləri ilə qəlb oxşayan gözəl şair. Bu sentyabr günlərində Elçin İsgəndərzadə ömrünün 57-ci ilinə qədəm qoydu.
“Əgər taleyində 16 sentyabr 1964-cü ildə Şuşada doğulmaq, 8 may 1992-ci ildə Ata ocağını 28 illik tərk etmək, Xocalı soyqırımını canlı yaşamaq və yaşadığın dünyanın ədalətsiz ikili standartlarla idarəedilməsində acizcəsinə qovrulmaq varsa, Nazim Hikmət demiş: “Yaşamak çok zor, kardeşim.” Amma bunu da Nazim Ustad söyləmiş: “Dünya şu kadar güzelken, insanlar nasıl öle bilirler?!” – Bu sözləri söyləyən Elçin İsgəndərzadə yeni – qələbə ovqatlı şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. Buyurun, şairin dünyası ilə baş-başa qalın.
Növbəti buraxılışlardan birində şairin lirik şeirlərini də oxucularımıza təqdim edəcəyik.
Vətən
Nəğmə də bitir, şeir də, yol da… Hələ arzular da - bircə sən, bircə sən bitmirsən, Vətən!
Şükranlıq türküsü
İllərin həsrətini yerə vurdu bu görüş, Uzanan yad əlləri elə qırdı bu görüş, Qaranlığın bağrını yardı, yardı bu görüş, Şükür, bizi bizlərə qovuşdurana Şükür! Başımızdan dərdləri sovuşdurana Şükür!
Harda isə gümanlar gümana düşüb getdi, Çin çıxmayan yuxular dumana düşüb getdi, Şuşasız zamanımız zamana düşüb getdi, Şükür, bizi zamanla barışdırana Şükür! Şükür, bizi Şuşaya qovuşdurana Şükür!
Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu, Payızların içindən bahar doğdu, yay doğdu, Başımızın üstündə mutlu, mavi göy doğdu, Şükür, bizi bu göyə yaraşdırana Şükür! Şükür, bizi Şuşaya qovuşdurana Şükür!
Ha tərəfə yön aldıq, yönümüz çiçəklədi, Səsimiz qönçə tutdu, ünümüz çiçəklədi, Sabahın gətirdiyi günümüz çiçəklədi, Şükür, bizi bizlərə qovuşdurana Şükür! Ayrılığı Şuşadan sovuşdurana Şükür!
Şuşam!
O bizim ağaclarıydı, o bizim küləkləriydi, o bizim yağışlarıydı... Duruşundan tanıyırdım qoxusundan tanıyırdım, yağmasından tanıyırdım.
Ağac da boynubüküydü külək də qırıq-qırığıydı bulud da cilik-ciliyiydi...
Ağacına qurban olum, dedim buluduna qurban olum, dedim, daş yoluna qurban olum dedim… O qədər qurban oldum ki, - gördüm anam da qurbandı, gördüm balam da qurbandı…
Qurbanlarını qəbul elə, Şuşam!
Şuşam necəsən?
Elə nigaranam küçələrindən, gecələr düşəndə gecələrindən, suyundan, havandan, sərçələrindən, elə nigaranam, Şuşam, necəsən?
Gəzdiyim talalar yenə dururmu, səsim dincliyini yenə yorurmu, bir uşaq arada məni sorurmu, elə nigaranam, Şuşam, necəsən?
Uçduğum budaqlar yuvasızdımı, sağalmaz dərdlərin dəvasızdımı, indi səhərlərin havasızdımı, elə nigaranam, Şuşam necəsən.
Yazların içində o yaza bəndəm, hələ də könlümdə bir qıza bəndəm, bu Cıdır ömürdə bir Düzə bəndəm, elə nigaranam, Şuşam necəsən!
Evimizə gedirəm
Akif Səmədə
Ürəyim elə atır, evimizə gedirəm. İlahi, nə mutluluq, bu gün bizə gedirəm.
Qollarım qoşa qanad, uçacağam yolları. Yaralarıma təpib qucacağam yolları.
Bənövşə qoxusunun içindən keçəcəyəm. Məni məndə gizlədən Elçindən keçəcəyəm.
Bu ayrılıq, bu həsrət Şükür ki, başa çatır. Evimizə gedirəm, evimiz Şuşadadır.
Ağdam camisində yazılan şeir
Darıxacaq burnumun ucunda ayrılıqlar. Qəfildən gün çıxacaq itəcək qaranlıqlar.
Bir uşaq yüyürəcək xəyallardan üstümə. Baxacağam bu uşaq, özümmüşəm sən demə.
Qəmər nənəm gələcək boyumu oxşamağa. Bir ömür başlayacaq yenidən yaşanmağa.
Cıdır düzündən etüd
Cıdır Düzünə düşən axşamların aydınlığında qeyb oluram... Qollarımı yana açıb ən gözəl uçuşunu yaşamaq istəyirəm geriyə qalan ömrün.
Bu uçuş bitsin, istəmirəm, bu aydınlıq qaralsın, istəmirəm.
Bütün tərk edilmiş evlərin sevincini yaşamaq istəyi var ruhumda, canımda.
Bütün qaranlıq yolları işıqla doldurmaq həvəsim var, bütün qırıq yolları bir-birinə bağlamağım gəlir, yenidən, yenidən qollarımı yana açıram, uçuram, uçuram, - unutmamaq üçün, xatırlamaq üçün, yaşamaq üçün.
Cıdır düzündə Rəsul Rzanı xatırlarkən
Yaşılından sarısına düşürük ömrün, ağından qarasına, mavisindən qırmızısına.
Hər günü bir rəngə batır vaxtımız, bir rəng boyayır bizi, ya da biz bir rəngi boyayırıq ovqatımızla, halımızla..
sonra rəngləri qurtarır ömrün, - bir göy qurşağı asılır göydən.
Ağdamda ilk şeir
Bir ötən günün qoxusu burnumda, havası başımda və neçə vaxtdır ki, o günü yaşamaq istəyim burnumun ucunda alça çiçəyi tək açılır, alça çiçəyi tək solur.
Burnumun ucunda darıxır Olanlar, unudulanlar, ötənlər, bir də mən, Ən çox mən darıxıram hamıdan ötrü - hamı da o gündə, o ötən gündə.
... burnumun ucundan keçir külək, alça çiçəklərini sovuraraq...
Bir şəhərlik sükut
Ağdamıma
İndi bir şəhər susuram, bir uzaq şəhər…
Bütün unutduqlarım küçələrində, yollarında, yaddaşında…
Xəyallarımda kor olmuş əllərim bir divar gəzir üstü kömür yazılı, təbaşir yazılı adımın baş hərfi o divarda unudub sevdalı olduğunu…
Və bütün sevdalar unudulur, bildim amma ayrılıqlar unudulmur, unudulmur…
Və o boşluqda ən çox notlara möhtacam bir şəhərin nəğməsini susuram qum saatının boşalmış şüşəsində…
İstanbulda Şuşa yuxuma girdi
İstanbulda Şuşa yuxuma girdi – Köhnə məhəlləmiz... dəmir darvaza... Bu necə yuxudu, ah bu nə sirdi – Boz dağlar təzəcə çıxmışdı yaza.
Xanın səsi gəldi Qala tərəfdən, Buludlar axırdı – bəyaz buludlar... Bir qaya üstündə dayanmışdım mən, Gözümdə könlümdə böyük umudlar.
Yuxudan oyandım, - gecə yarıydı, Quyruqlu bir ulduz düşdü dənizə. Həsrət ürəyimi sancan arıydı, - Şuşa ilğım kimi göründü gözə.
Dəniz sahilində poyraz əsirdi, İstanbul yuxusuz, İstanbul oyaq. Boğazda qərib bir xəyal gəzirdi, Qız qülləsi yaxın... Şuşa çox uzaq...
|