“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan nümayəndımiz, təbrizli şair Əli Çağla sizləri Xan Sənəmim şeirləri ilə tanış edəcək.
Xan Sənəm kimi tanınmış Ruqiyyə Haşımzadə 1982-ci ildə Əhər şəhərində doğulmuşdur. O, Klinik Psixologiya magistrini bitirmişdir. 2002-ci ildən şeir yazmağa başlamış, 2013-cü ildən ədəbi fəaliyyətini yüksək səviyyəyə çatdırmışdır. Şairənin “Qırmızılar (2014)” və “Orda məni danışırlar (2017)” adlı şeir kitabları çap olunmuşdur. O, şeirdən savayı nəsr və hekayələr yazarı kimi də tanınmışdır.
1.
Bu sevgi halımı çox dolandırır,
Bir öncül insana döndərir məni.
Vəhşicə maşının alır üstümə,
Yeni dünyalara göndərir məni.
Bu sevgi bitməyən bir həyəcandır,
Rəvamı içimdə sıxıb boğam mən?
Məryəm öz əsrində doğan İsaya,
Vaxtıdır indi bir bacı doğam mən.
Vaxtıdır dilimə silah bağlayam,
Qalxana çevirəm şeri, bitiyi.
Bütün tabloları düzüb yan-yana,
Gözümü qırpmadan çəkəm tətiyi.
Sarı saçlarımı sapand eyləyib,
Doğunun göbəyin atam batıya.
Köhnə düşüncəni qoşub tarixə,
Bütün muzeyləri qoyam xataya.
Bu sevgi halımı çox dolandırır,
Çəkir qanadsızca məni göylərə.
Səadət qoxuyur, azadlıq doğur,
Bu sevgi sığmayır, sığmayır yerə.
2.
Metabolizm idi, nəydi bilmədim,
İçimdə fırtına qopardı ancaq.
Cinsimin birinci kötəyin yedim,
Şirin günlərimi apardı ancaq.
Elə tez gəldi ki, ağzımda qaldı,
On üç yaşlığımın oyuncaq dadı.
Erkək arxadaşlar qəribə oldu,
Hələ də bilmirəm bu nə qaydadı.
Ayda bir gələnə mən necə satım –
Babamın gündəlik dizlərin axı?
Hayanda oturum, hayanda yatım?
Dilimdə dolaşmır sözlərin çoxu.
Darıxan anlarım yerikləyəcək,
Abimin sım-sıcaq qoynuna canım.
Görəsən ona da anam deyəcək?!
Görəsən onu da qəribə sanım?!
Təbiət gör necə dərdə salıb ki,
Nə təhər yazıram, şerim utanır.
Qələmimdən gücü elə alıb ki,
Şəriət odunda mənliyim yanır.
Günahkar günahın gizlədən kimi,
Özümü sandığa qoyuram hər ay.
Utancı gözümdən oxuyur hamı,
Görəsən neçə qız vardı mənə tay?
Klasmen edirəm qadınlığımı,
Deyirəm bu hansı bölümdür görən?
Mələklər qutlayan yeni doğumu,
Mən niyə sanıram ölümdür görən?
Bir daha otuz gün yaxınlaşıram,
Anamın sızlayan gəlinliyinə.
Xanlığın dağların bir-bir aşıram,
Qan dolur şerimin bağrına yenə.
Yenə hiss edirəm başqa bir mənəm,
Yenə güllər bitir yanaqlarımdan.
Babam gəlsə deyin: “Yatıbdır Sənəm”,
Anama deyirəm yenə arımdan.
3.
Durağın saatı beşi göstərir,
Hələ beş yarıma neçə il qalır.
Bu cansız saatın işinə bax sən,
Bir sürü canlıdan necə can alır!
Gözləmək insanın nəfəsin kəsir,
Asılı boyunu ip kəsən kimi.
İntizar canımdan elə kam alır,
Macal da vermir ki, içəm çayımı.
Hayanda qaldı bəs bu qatar allah?
Söylənə-söylənə içini yeyir.
Yolunu gözləyir əsgər oğlunun,
Bağrına basdığı o şəkil deyir.
Hayanda qaldı bəs... Bu harasandır,
Buğların çeynəyib, əllərin ovur.
Sevgi dolu gözləriylə amansız,
Amana yol sürən saatı qovur.
Hayanda qaldı bəs bu qatar... Mənəm,
Bu səfər mənəm ki... Gəldi, gəldi, gəl...
İzdiham içində ha boylanıram,
Nə bir tanış düşür, nə qalxır bir əl.
Yenə də gəlmədin, gəlməyəcəksən,
Əh bu köynəyin də yaxası dardı!
Ümidimin qalan son parçasın da,
Qatardan son düşən adam apardı.
Adamlar, həyəcan, duraq, çay, masa,
Bu sayaq başıma fırlanırdı yer.
Biri: “Çayınızı dağıltdım bağış...”
Mənim dünyam idi dağıldı, boş ver!
4.
“Yox” demə son qərarıma,
Otur yaxşı düşün gedək.
“Bu dünya daş dünyasıdır”,
At buranın daşın, gedək.
Ürəyimiz daş olmamış,
Dünyaya oynaş olmamış,
Gəl işimiz yaş olmamış,
Sil gözünün yaşın, gedək.
Qalan ömrü verək yelə,
Vidalaşaq gülə-gülə,
Ya mən köçüm sizin elə,
Ya sən mənə daşın, gedək.
5.
Səhərdən-axşama danlaq altdayam,
Anam qurtarınca babam başlayır.
“Qızdamı bu qədər?” “Qızdamı belə?”
Kəlmələr ruhumu yenə daşlayır.
Dolğun yaşlarıma çatsam da hələ,
Xəyalım qapıdan uzaq getməyib.
Ramizin şerində “atam balası”,
Belə mənim qədər söz eşitməyib.
Saxlaya bilmirəm asi ruhumu,
Boy atıb, gəlişib, uçmaq istəyir.
Nadanlıq devinin əsarətindən,
Qurtarmaq istəyir, qaçmaq istəyir.
Yaman darışlıqdı evin dünyası,
Dırmaşıb divardan aşır marağım.
Pambığam, qınımı yırtaram, əgər –
Qapıdan o yana keçsə ayağım.
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)