Xarici müəlliflərdən ən çox Corc Oruelli oxuyan bakılıların zövqünə söz ola bilməz

 

Bakının ən populyar kitab məkanlarından biri və birincisi Bakı Kitab Mərkəzidir. Bəs ora üz tutanlar daha çox hansı ədəbiyyata üstünlük verir, xarici müəlliflərdən kimləri oxuyurlar?

 

Bakı Kitab Mərkəzində 2022-ci ildə ən çox oxunan xarici əsərlərin siyahısı ilə maraqlansaq nə məlum olar? O məlum olar ki, bu məkanda ən populyar kitablardan biri Corc Oruellin “1984” klassik antiutopiyasıdır. Sənətkarın şah əsəri sayılan “1984” ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından birinə çevrilib, ən məşhur siyahıların ön pillələrində yer alıb. “1984” diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında yazılan aforizmlər, bənzətmələr müəllifin iti müşahidələrindən, dərin zəkasından xəbər verir.

Ceyn Ostinin “Qürur və qərəz” əsərində qədim ingilis cəmiyyətinin xarakterik xüsusiyyətləri əks olunub. Beş qızını evləndirməkdən ötrü özünü oda-közə vuran Missis Bennet üçün kürəkəninin necə bir insan olması maraqlı deyil, təki oğlan kübar ailədən çıxsın, var-dövləti aşıb-daşsın. XIX əsr ingilis cəmiyyətində qadının ictimai mövqeyi onun ailə qurub-qurmaması ilə təyin olunurdu. Buna görə də valideynlər ictimai təzyiq altında əzilməmək üçün qızlarının hisslərinə əhəmiyyət vermədən onları evləndirməyə çalışırdılar.

İngilis romançılığını formalaşdıran böyük yazıçı Ceyn Ostin “Qürur və qərəz” romanında istehzayana üslubu ilə ictimai təbəqələşmənin yaratdığı nöqsanları və qadına hakim baxışı tənqid edir.

Digər kitablardan biri də Aleks Mixaelidesin “Səssiz pasiyent” romanıdır. Alisiya Berenson adlı məşhur rəssam həyat yoldaşı Qabrieli öldürəndən sonra danışmır. Hətta məhkəmədə də özünü müdafiə etmək üçün kəlmə kəsmir. Fikrini ifadə etmək məqsədilə o, “Alkesta” adlı avtoportret yaradır. Şəkilə nə üçün “Alkesta” adı verməsi uzun müddət qaranlıq qalır. Məhkəmə Alisiyanın psixi vəziyyətini nəzərə alıb onu ruhi xəstəxanaya göndərir. O, orada heç kimlə ünsiyyət qurmur. Teo Faber adlı psixoterapevt onu danışdıracağına söz verir. Gec də olsa, istəyinə nail olur. Alisiya qətldən bir neçə ay qabaq yazmağa başladığı gündəliyi Teoya verir. Bu gündəlik çox şeyi açıb göstərir...

AzərTAC-ın sorğusuna görə, xarici bestsellerlər arasında, həmçinin “Sonunda ikisi də ölür” (Adam Silvera), “Королевство гнева и тумана” (Sara J Maas), “Dorian Greyin portreti” (Oskar Uayld), “On zənci balası” (Agata Kristi) və “Atomik vərdislər” (Ceyms Klir) əsərlərinin də adları çəkilir.

Bəs yerli müəlliflərdən Bakı Kitab Mərkəzində ən çox kimi oxuyurlar? Bu suala isə öncəki günlərdə cavab vermişdik.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.