“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri gənc və istedadlı şair Kamran Su ilə başbaşa buraxırıq.
Sevmə məni
Mən tanıdığın əclaflardanam
İnanmırsan
İnanmamağa davam et
ama sevmə məni
Gözlərim xoşuna gələ bilər
ama nə olsun?
bütün əclafların gözləri qəşəng olur
gözümü neynirsən?
ağlın olsun
sevmə məni
Sevmə məni
Diqqətlə baxsan qrup yoldaşın
eynəkli uşaq
dəli kimi sevir səni
sən də onu sev
qurban olum
bircə sevmə məni
Sevmə məni
Heç gözləmədiyin bir qış günü
atıb gedəcəm səni
Soyuq parkda yiyəsiz itlər kimi
ağlayacaqsan o günü
Ən yaxşısı
Sevmə məni
*
Yağışın damlaları pəncərimi döyəcləyir
az sonra kiçik damlalar böyüyür
böyüdükcə
damlalar
çoxaldıqca
arzular
daşır
arzuların ağırlığından
sahilə çatmağa az qalmış
gəmi batır.
Sahildə yorğun matros
əynində cırılmış matros maykası
üzü günəşdən yanmış halda
saçları islaq
mədəsində dəniz suyu
dayanıb dənizə tərəf baxır
amansız dalğalar
acıq verir ona
Kiçik taxta parçaları
dalğaların qoynunda
bir də cəsədlər
bir də xatirələr…
Donmuş durmuş matros
indi o susqun
indi o pərt
Adamlar uzaqdan yaxınlaşır
Kiçik şəhərdə qadınlar ağlaşır
Yağışın damlaları pəncərəmi döyəcləyir
az sonra kiçik damlalar böyüyür
böyüdükcə
damlalar
çoxaldıqca
arzular
daşır
arzuların ağırlığından
sahilə çatmağa az qalmış
gəmi
batır
Yağan yağış mənə
saçlarından damcılar süzülən
matrosu xatırladır...
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)