Virtual şeir məclisi İki qardaş ölkənin şairlərini bir araya gətirib

 

Keçmişdə şeir məclislərinə qoşulmaq üçün şairlər minlərlə kilometr məsafəni arabalarda, sonradan avtomobillərdə qət edirdilər. İndi isə kompüterin arxasına keçməklə uzaqları yaxınlaşdırırsan. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar birlikləri, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından start verilən Azərbaycan və Özbəkistanın gənc şairlərinin “Məclisi - fəramuşan” adlı növbəti poeziya görüşü keçirilib.

Onlayn formatda keçirilən poeziya görüşündə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi Mərkəzin layihəsi və “Şuşa İli” ilə əlaqədar iki əsrdən sonra bərpa olunan Azərbaycan və Özbəkistanın gənc şairləri arasında keçirilən “Məclisi - fəramuşan” poeziya görüşləri haqqında məlumat verib. 

Samir Abbasov “Məclisi - fəramuşan” şairlər yığıncağının rəsmi açılışının bu ilin aprelində Azərbaycan və Özbək şairlərinin iştirakı ilə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində keçirildiyini söyləyib. O, gələn ildən Azərbaycan Mədəniyyət Nazirliyi, Türk Tarixi və Mədəniyyəti Fondunun dəstəyi ilə sözügedən şairlər məclisinin xüsusi yığıncağının Şuşada bütün Türk dövlətlərinin iştirakı ilə təşkil ediləcəyini vurğulayıb. 

S.Abbasov “Şuşa İli” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış şairəmiz Xurşidbanu Natəvanın əsərlərinin Azərbaycan və özbək dillərində nəfis şəkildə nəşr edildiyini bildirib. 2022-ci il “Məclisi - fəramuşan” şairlər yığıncağına qoşulan və şeirlərini səsləndirən Azərbaycan və özbək şairlərinin əsərlərinin toplanaraq növbəti ildə nəşr olunacağını qeyd edib. 

Özbəkistan Ali Məclisinin deputatı, Xalq şairi İqbal Mirzə bu tarixi layihənin bərpası və təşəbbüsə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. 

“Məclisi - fəramuşan” şairlər yığıncağını Türk dünyasının ədəbiyyatı, ədəbi əlaqələrin inkişafı üçün gözəl platforma adlandıran İqbal Mirzə məclisin gələcəkdə yeni-yeni istedadların üzə çıxmasına dəstək olacağına inandığını söyləyib. İqbal Mirzə çıxışında Azərbaycan xalqını öz əzəli torpaqlarını erməni işğalından azad etməsi münasibətilə təbrik edib, növbəti il tədbirin Türk dünyası şairlərinin iştirakı ilə Şuşada keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. 

Azərbaycanın Xalq şairi Vahid Əziz “Məclisi - fəramuşan” şairlər yığıncağını yüksək qiymətləndirib, xalqlarımız arasında ədəbi əlaqələr və tarixi dostluqdan danışıb. O, tədbiri bir poeziya bayramı adlandırıb, harada şeir, sənət, söz, poeziya varsa orda anlaşma, sevgi, xoşbəxtlik olduğunu vurğulayıb. 

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov bu tarixi layihənin bərpasını möhtəşəm ədəbi hadisə kimi dəyərləndirərək zəngin poeziyaya malik xalqlarımızın öz ədəbiyyatları ilə fəxr etməli olduğunu bildirib. 

Sonra hər iki ölkənin şairləri şeirlərini oxuyub və fikirlərini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.