“Cığır Pedaqoji Universitetdə təqdim olunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Tarix və Coğrafiya fakultəsinin Azərbaycan tarixi kafedrasında "Şuşa ili" çərçivəsində Elmi Seminar baş tutub. Seminarda  yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalının verdiyi məlumata görə, tədbirdə ADPU-nin rəhbərliyi, TCF-nin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri açan ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman  haqqında məlumat verib. N.Əhmədova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında seminar iştirakçılarına məlumat verildikdən sonra professor Xəqani Məmmədov, dosent Şubay Nuruzadə və dosent Zakir Kərimov "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. 

Tədbirdə  yazıçı-publisist Yunus Oğuz tələbələrin suallarını cavablandırıb, iştirakçılara yazıçının "Cığır" romanı hədiyyə edilib.

Sonda "Sözün bitdiyi, həyatın başlandığı yer!" adlı sənədli film nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.