Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycan şairi, mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anım günü ilə bağlı tədbir təşkil edilib.
“Ədəbiyyt və incəsənət” portalı Baş İdarənin mediaya açıqlamasına istinadən məlumat verir ki, oxuculara xidmət şöbəsinin Abonement bölməsinin müdiri Lalə Səlimova şairin vəfatından 170 il ötdüyünü qeyd edərək, onun yaradıcılığından danışıb və Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazdığını, eləcə də bu dillərdə poeziya ənənələrini inkişaf etdirdiyini vurğulayıb.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Mirzə Şəfi Vazehin Azərbaycanın görkəmli şairi və maarifçisi olduğunu deyib: “Şairin təsis etdiyi "Divani-hikmət" ədəbi fəlsəfi məclisi Gəncə şairlərinin, ziyalılarının böyük marağına səbəb olub. Onun həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü Tbilisi şəhəri ilə bağlı olub və o, "Tiflislə əlvida" şeirində öz düşüncələrini qələmə alıb”.
Tədbir iştirakçıları M.Ş.Vazehin zəngin yaradıcılığından danışaraq onun Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirdiyini qeyd ediblər.
Sonda Mirzə Şəfi Vazehə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)