Zəfər qurultayında düşüncələr Featured

 

Elxan Zal Qaraxanlı yazır

 

Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı, mənim iştirakçısı olduğum öncəki qurultaylardan bir sıra əhəmiyyətli xüsusiyyətlərinə görə xeyli fərqli keçdi. Birincisi, tədbirə sədrlik edən böyük yazıçımız Anarın açılış nitqində qeyd etdiyi kimi, bu qurultay qalib xalqın, əsir yurdları azadlığa qovuşmuş xalqın yazıçılarının müstəqillik illərində keçirdiyi ilk qurultayı idi. Zəfər günündən iki il keçməsinə baxmayaraq, iştirakçiların gözlərindəki bəxtiyarlıq şövqü hələ də parıltısını itirməmişdi, bir zaman milli məğlubiyyətə görə başına ləçək bağlayıb gəzən şairi artıq kimsənin xatırlamaq həvəsi yoxdu. 

Burada iştirak edənlərin əksəriyyəti qələm və fikir əhliydi, böyüklük iddiasında olan insanlarıydı. Böyüklük hissi insanların içində böyük işlər görmək həvəsi yaradır və bu hiss böyük hadisələrin gətirdiyi hərəkətlənmənin fonunda yaranır adətən. Bu düşüncə - yaranışdan bu günə qədər insan cəmiyyətini irəliyə aparan bir həyat düsturudur. Böyük ədəbiyyat da bu düsturdan kənarda deyil. Ellinlilərin Troya zəfəri Homeri doğurdu, Səlcuq-İslam ordusunun zəfərlərindən Nizami günəşi parladı, fransız və rus inqilabları ədəbiyyat səmasında onlarla, bəlkə də yüzlərlə ulduz parlatdı. İndi bu zala yığışan insanlar da, böyük hadisələrin başlanğıc dövründə yaşayan insanlardır, onların içlərində yaşatdıqları fərəh fontanlarının Qarabağ zəfəri də başlamaqda olan böyük hadisələrin yalnız başlanğıc nöqtəsidir. Amma bu başlanğıc nöqtəsi də yetərli oldu ki, qələm adamlarımız bu qədər xöşbəxt olsunlar. 

Şuşada düzənlənən Vaqif və Natəvan poeziya günləri müxtəlif yaşdan olan yazarların sənət dünyasında  əsil ədəbiyyat rəqabəti, ədəbiyyat bumu yaratdı. Mən həmişə düşünmüşəm ki, böyük sənəti, əsil sənətkarı Tanrı bəsirətindən başqa, yaşadığı mühit formalaşdırır. Hər bir yazıçı, sənətkar öz zamanının oğludur, dövrün reallıqları, yaşam tərzi, musiqisi, arxitekturası, davranış qaydaları - bunların hamısı insanların düşüncə tərzinin, dünya duyumunun formalaşmasında çox mühüm rol oynayır. Dünya fırlanır, insan və cəmiyyət dəyişir, inkişaf edir və yeniliklərə doğru can atır. İnsanlar keçmişlə bağlı həmişə nostalji hisslər keçirsələr də, daim yeniliklər arzusundadırlar. Şuşada keçirilən ədəbiyyat festifalları da ölkəmizdə dərin ənənələri olan bir janrın daha təkmil bir forması kimi yaddaşlarda qalacaq. Düşünürəm ki, çox tezliklə Vaqif poeziya günləri yalnız Azərbaycanın deyil, dünyanın ən nüfuzlu poeziya festivallarının biri olacaq. Mən o günləri indidən görürəm, çünki ədəbiyyat festivallarının təşkilatçısı Heydər Əliyev Fondunun və onun qurucu-rəhbəri möhtərəm Mehriban xanım Əliyevanın gördüyü işləri artıq 30 ilə yaxın bir müddətdir müşahidə edirəm. Düşünürəm ki, Heydər Əliyev Fondunun mövcud olduğu bu 30 il bütün Türk-İslam dünyasında Azərbaycan mərkəzli mənəvi-mədəni bir sıçrayış üçün hazırlıq dövrü olub və biz böyük hadisələrin astanasındayıq, Allah riza görsə iştirakçısı da olarıq yəqin.

Son dövrdə Azərbaycan mədəniyyəti sözün əsl mənasında öz intibah dövrünü yaşayır. Cənab Prezidentin və xanım Birinci Vitse-prezidentin uzun illər ərzində hazırladıqları alt yapı və mədəniyyətə xüsusi önəm vermələri bu sahədə böyük canlanma yaradıb. Bu gün Azərbaycan nəinki regionun, deyərdim, dünyanın mədəni mərkəzlərinin birinə çevrilməkdədir. Burada ümumdünya konfransları, festivallar keçirilir, Azərbaycan gerçəklikləri dünya mediasında işıqlanmağa başlayır və bütün bunların cəmiyyətdə yaratdığı effekt ölkənin mədəni həyatında böyük aktivlik yaradıb. Bundan əlavə, dövlətin, şəxsən dövlət başçısının ədəbiyyat və sənət adamlarına göstərdiyi qayğı onlara yeni yaradıcılıq stimulları verməyə bilməz. Prezidentimizin ədəbiyyatla bağlı söylədiyi bir fikir düşdü yadıma: “Uzun illər boyu dövlətçiliyini itirən və müstəmləkə halında yaşayan Azərbaycan xalqının milli varlığının qorunmasında, şairlərin, aşıqların, yazıçıların  xüsusi rolu olub”. Bu gün ölkədə ədəbiyyata göstərilən dövlət qayğısının mayasında məncə bax bu düşüncə durur. Postsovet ölkələrinin əksəriyyətində ədəbiyyata belə qayğı yoxdur, mən bunu bu ölkələrin kifayət qədər nüfuzlu yazarlarından eşitmişəm. Bizdə ədəbi nəşrləri nəksəriyyəti dövlət tərəfindən dəstəklənir, ədəbi tədbirlərin keçirilməsinə, ədəbiyyatçıların özlərinə yardımlar olunur və bizim dövlətin, onun rəhbərinin yeritdiyi mədəniyyət siyasəti qardaş ölkələrdəki həmkarlarımız tərəfindən də alqışlanır.  

Bir xeyli il öncə Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi Cənab Prezidentə Azərbaycan ədəbiyyatına göstərdiyi xüsusi qayğıya görə təşəkkür məktubu ünvanlamışdı. Məktubda Onu digər türk ölkələrinin dövlət başçılarına örnək gösrərirdilər. Əlbəttə bu, bizim üçün çox sevindiricidir.

Qurultay iştirakçılarının salona özləri ilə gətirdikləri bayram əhval-ruhiyyəsi yəqin ki, ölkədə gedən proseslərin yaratdığı müsbət auranın təsirindədir. Öncəki iki qurultaydan fərqli olaraq salonda, necə deyərlər, bir milli həmrəylik atmosferi hökm sürür. Sənət adamları adətən iddialı adamlardır, hərənin içində bir “allahlıq” iddiası yatır. Bir neçə min iddialını bir araya gətirmək hər adamın işi deyil, xüsusən aralarında xeyli məşhur və fəxri ad sahibi insanlar olanda. Amma Anar müəllim bir ağsaqqal kimi bunu gözəl bacarır. 

Müstəqillik illərində Azərbaycanda bəzilərinin söylədiyi kimi ədəbiyyat ölmədi, əksinə, xüsusən poeziyada təkrarsız sənət nümunələri yarandı və onlar bu gün ədəbiyyatımızın yeni sifətinin bariz nümunələridir. Qurultayın məruzəçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında bunu xüsusi qeyd etdi. Qurultay ərəfəsində AYB üzvünün Elmlər Akademiyasının prezidenti seçilməsi də tarixə bir ilk kimi düşdü. 

Müstəqillik illərində ölkəmizdə yalnız həyat səviyyəsinin, şəhərlərin siması dəyişmədi, o cümlədən, insanların dünya duyumu, zövqü, estetikası da dəyişdi. Azərbaycan Yazıçılar Birliyi də cəmiyyətin mənəvi mərkəzlərindən biri kimi, bu proseslərdən kənarda qalmadı. Uzun illər ərzində bu təşkilata rəhbərlik etmiş, böyük çətinliklərə baxmayaraq onun bütövlüyünü qoruya bilmiş Anar təlatümlü bir dövrdən keçmiş, sistem dəyişikliyi yaşamış AYB-ni bu günlərə zamanın yaratdığı problemlərə sinə gərə-gərə, amma rahat bir şəkildə gətirib çıxara bildi. Əgər bu gün AYB-dən, onun qurultayından  danışırsansa, onun çoxillik sədri, ölkədə mədəni-mənəvi məkanın ağsaqqalı Anardan bir az geniş danışmamaq mümkün deyil. Çünki Anar istər ədəbiyyatımız tarixində, istərsə də AYB-nin tarixində böyük bir epoxanı simvolizə edən bir şəxsiyyətdir. Əlbəttə, yaranışından bu günə qədər  Azərbaycan Yazıçılar Birliyinin sıralarında çox böyük və məşhur adamlar təmsil olunub, bu təşkilata Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi görkəmli və işıqlı adamlar rəhbərlik ediblər. Anar müəllim də artıq uzun illərdir ki, mədəniyyət tariximizdə dərin izlər qoymuş bu böyük insanların ləyaqətli xələfi kimi yazıçılar qurumuna ağsaqqallıq edir. Məncə, Azərbaycan mədəni-mənəvi mühitinə göstərdiyi göstərdiyi böyük müsbət təsirə görə Anar yalnız AYB ilə assosasiya olunmamalıdır, o yalnız ədəbiyyatımızda deyil, ümumən mədəniyyət tariximizdə böyük bir mərhələdir. O, şübhəsiz ki, böyük yazıçıdır, amma mədəniyyətin digər sahələrində də böyük izlər qoyub. Kino, dram, dil, rəssamlıq, tərçüməçilik, tarix, esseistika, naşirlik... - mədəniyyətin hansı sahəsinə baş vursan Anarın  izinə rast gələcəksən. Ölkədə onun əsərləri, filmləri ilə böyüyən artıq üçüncü nəsil yetişməkdədir. Atalarımız, özümüz, uşaqlarımız, indi də nəvələr böyüyür. Bunlardan əlavə, ölkənin ziyalı elitası, ünlü və fəxri titul sahibi insanlarımız Anar müəllimi müdrik bir ağsaqqal olaraq qəbul edir, ehtiramını saxlayır. Bir dəfə söhbət zamanı ünlü qazax şairi Oljas Suleymenov mənə dedi ki, “Biz çevrəmizdə həmişə Anarı özümüzə ağsaqqal bilmişik, SSRİ-nin Qurultaylar sarayında Azərbaycanla bağlı elədiyim o məşhur çıxış da, Anarın məsləhəti ilə olub.” 

Deyirəm, Oljasların çevrəsində ağsaqqal olmaq elə də asan iş deyil, xüsusən onlar səndən yaşlı olanda...

Sözün düzü, mənim özümü də AYB-yə bağlayan Anar şəxsiyyətidir. Mən heç zaman bu qurumda bir vəzifə almaq həvəsində olmamışam, çünki aparat intriqalarından zəhləm gedir. Mahmud Kaşqari Fondumdakı fəaliyyətim də, ölkəyə, türk birliyinə xidmətdən əlavə Anara kömək göstərmək istəyindən irəli gəlir, çünki o, “Ağ qoç, qara qoç” adlı yarı-fantastik əsərində gələcəkdə görmək istədiyi qurumların sırasında Mahmud Kaşqari Fondunu da təsvir edib, yəni onun inkişafında ümidlidir.  Mən onun bu arzusunun gerçəkləşməsi üçün indiyə qədər əlimdən gələni eləmişəm, yaradıcı fəaliyyətimi buna görə yürütmüşəm və düşünürəm ki, çox yaxın gələcəkdə bu qurum dünyanın çox yerində özündən söz etdirəcək. 

Eyni zamanda Anarın sədr olduğu AYB üçün də əlimdən gələni eləməyə çalışmışam, çünki Anar müəllimlə mənəvi dəyərlər sisteminə baxışlarımız çox yaxındır. Bir zamanlar bir çox beynəlxalq güclər, Soroslar, onların xidmətçiləri Anarın üzərinə səlib yürüşü təşkil eləmişdilər, onu aradan götürmək üçün sözün əsl mənasında mənəvi terror üsullarından istifadə edirdilər ki, Anarı aradan götürüb Yazarlar Birliyini Avropa ölkələrində olduğu kimi bir LQBT qürumuna çevirsinlər. Amma bacarmadılar, çünki, planladıqları qasırğanın önündə Rəsul Rzanın Ulu çinarı, zamanımızın Dədə Qorqudu  vardı. Düşmən qasırğasının Ulu çinara gücü yetməyəndə, hucumun istiqaməti onun qol-budağına yönəldi. Anarın köməkçilərindən ən çox hucuma məruz qalan isə ünlü yazıçı Çingiz Abdullayev oldu. Anti-milli qüvvələr Çingiz Abdullayevi də “anti-millilikdə” ittiham etməyə çalışırdılar və mən onda dəstək olaraq onun barəsində “Məxfi savaşın cəngavəri”, “Türk dünyasının birinci detektiv yazarı” kimi məqalələr yazdım, çünki Çingiz Abdullayev də Anar kimi bu ölkənin milli sərvətidir. Milli sərvət qorunmasa millət də məhv olar. İkinci Qarabağ savaşı zamanı bir çox “psevdomillətçilərin” səsləri çıxmayanda, Ç.Abdullayev Vladimir Solovyovun erməni-daşnaq bandasının üstünə tək getdi və onları darmadağın elədi. Anar məktəbi böylə olar, Çingiz Abdullayev öz söz səltənətinin yeganə padişahı olsa da, Anar səltənətində yalnız ən yaxşı öyrəncilərin birincisidir. 

İndi AYB-nin Zəfər Qurultayında Anarın və onun tutduğu xəttin növbəti zəfərini seyr edərkən, düşünürəm ki, böylə nəhəng bir təşkilatın, bu qədər qələm və fikir adamını özündə birləşdirən bir qurumun bütövlüyünü Anardan sonra kimsə saxlaya biləcəkmi? Bunun üçün bu qədər əks qütbləri öz ətrafında saxlaya biləcək, tutumuna görə Anar qədər olmasa da, ona yaxın cazibə mərkəzi ola biləcək bir şəxsiyyət meydana çıxmalıdır. Hələlik isə AYB postsovet məkanında parçalanmaya məruz qalmayan yeganə yazıçı təşkilatıdır. Yəqin ki, Anar müəllim də bir müdrik ağsaqqal kimi qurduğu bu nəhəng təşkilatın gələcəyi barədə məndən də çox düşünür. Buna görə də o, Rəşad Məcid, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Azər Turan, Səlim Babullaoğlu, Qulu Ağsəs, Pərvin, Xəyal Pza, Varis, İbrahim İlyaslı, Əkbər Qoşalı  kimi yeni nəsildən olan idarəçilər yetişdirməyə çalışır, bu da təşkilatın gələcəyinə nikbin baxmağa imkan verir.

 

“Ədəbiyyat və incəsənət” (28, 11, 2022)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.