Kompartiyanın qılıncının kəsən vaxtı Abbas Zamanovun antierməni çıxışı hamını heyrətləndirmişdi… Featured

 

Etibar Əbilov yazır

 

Bəzən hansısa bir alimin elmi fəaliyyəti haqqında "O bir institun işini təkbaşına gördü" deyirlər. Çox vaxt bu sözü gəlişigözəl söz kimi ifadə edirlər. Bu sözdə hardasa mübaliğə də var... Amma istisnalar da var.

Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov öz fəaliyyəti ilə doğrudan da bir institutun işini görmüş böyük elm xadimi idi.

Mən Abbas müəllimin adını ilk dəfə təbii ki, atamdan eşitmişdim. 1960-cı ildə Elmlər Akademiyasının iclas zalında Səməd Vurgunun yubileyi keçirilərkən Abbas müəllimin adı çıxış edənlərin siyahısında olmasa da o, söz alıb trubinaya keçmiş, bir neçə kəlmə Səməd Vurğundan danışandan sonra heç kəsin gözləmədiyi halda söyləmişdi:

-Bir neçə gün bundan əvvəl eşitdiyim bir xəbərdən hələ də özümə gələ bilmirəm. Ermənistan rəhbərliyi Naxçıvanı  Ermənistana birləşdirmək istəyirlər, hətta işə də başlayıblar. Təcili bu məkrli niyyətin qarşısı alınmalıdır.

Həmin gecədə iştirak edən Azərbaycan yazıçılarının, alimlərinin 90 faizi Abbas müəllimin bu cəsarətli çıxışını alqışlarla qarşılasar da bu cəsarətli çıxış həmin gecədə iştirak edən dövlət rəsmilərinin qorxusuna, həyacanına səbəb olmuşdu və islasa sədrlik edən akademik: -Abbas müəllim hissə qapılır, o, öz səhvini tezliklə başa düşəcək -deyəndə, artıq yerində əyləşmiş Abbas müəllim yüksək və əmin səslə: -Əsla- demişdi.

Və təbii ki, Abbas müəllimin bu qeyri-adi, cəsarətli çıxışına görə başı çox ağrımışdı. Amma Abbas müəllim əsla sınmamışdı. Əslində Abbas müəllim kimi mərd,

cəsarətli insanları sındırmaq qeyri mümkündür.

Abbas müəllim atamın müəllimi olmuşdu.

Amma məni Abbas müəllimlə ilk dəfə tanış edən tərcüməçi Səyavuş Məmmədzadə olmuşdu:

-Abbas müəllim, bu cavan oğlan Neftçaladan İmamverdi Əbilovun oğludur-demişdi.

-Bizim Rəsulun (Rəsul Rzanın) tədqiqatçısı-demişdi Abbas müəllim. Sonra da əlavə etmişdi:

-İmamverdinin müdafiəsində təklif etdim ki, yazdığı elmi işinə görə ona birbaşa doktorluk elmi dərəcəsi verilsin.

Abbas müəllim Rəsul Rza ilə yaxın dost idi. Bunu Rəsul Rza da, Anar da, Abbas müəllimin özü də yazıblar. Onların dostluğunun mən də şahidiyəm.

1978-ci il idi (hansı ay olduğu yadımdan çıxıb). Rəsul müəllim atamı ənənəvi Sabir poeziya günlərinə dəvət etmişdi (Rəsul müəllim Sabir poeziya günlərinin rəhbəri idi). Həmin gün Sabirin heykəlinin qarşısında baş tutan tədbirdə atam da çıxış elədi. Tədbir sona çatdı. Rəsul müəllim bir nəfərin qoluna girib (ayaqlarında problem var idi) asta addımlarla Nizami muzeyinə tərəf gedirdi. Bu zaman bir nəfər orta yaşlı şəxs ona yanaşdı. Həmin adamın yanında bir uşaq var idi. Həmin adam Rəsul müəllimə salam verib əlindəki fotoaparata işarə edərək:

-Rəsul müəllim, olarmı Sizin bu uşadla şəklinizi çəkim?-demişdi. 

Rəsul Rza:

-Niyə olmur- demişdi. Sonra ətrafa boylanıb: -Abbas...Abbas Zamanov -deyə söyləmişdi. Abbas müəllim bir qədər kənarda kiminləsə söhbət edirdi. Rəsul müəllimin səsini eşidib yaxın gəlmişdi. 

Rəsul Rza:

-Abbas, yaxıb gəl, yanımda dayan bu gözəl bala ilə şəkli birlikdə çəkdirək - söyləmişdi. 

Bu həm xoş münasibət, gəm etibar, doğmalıq jesti idi. 

Abbas Zamanov böyük tədqiqatçı idi. Onun Mirzə Cəlil, Sabir, ümumiyyətlə "Molla Nəsrəddin ədəbi məktəbinin" nümayəndələri haqqında tədqiqatları sadəcə olaraq heyrətamızdir. Toplayıb nəşr etdiyi "Sabir müasirlərinin xatirələrində" kitabını dönə-dönə, zövq alaraq oxumuşam. Həmidə xanımın xatirələrini də rus dilindən tərcümə edib çapa hazırlayan Abbas müəllimdir.

Sovet dönəmində Türkiyə ilə Azərbaycanın mədəni, ədəbi əlaqələrinin inkişafı sahəsindəki fəaliyyəti də əvəzsiz olub. Öz puluna aldığı nə qədər kitabı Ərzurumdakı Atatürk universitetinə göndərmişdi və

həmin universitetdə "Abbas Zamanov kitabxanası" fəaliyyət göstərirdi.

...Həmin o uzaq illərdə rəhmətlik atam Bakiya getmişdi. Kiçik bacımı da özü ilə aparmışdı. "Azərbaycan qadını" jurnalında Baş redaktorla - unudulmaz Xalidə xanım Hasilova ilə görüşürlər. Xalidə xanım bacıma bir necə kitab bağışlayır. Bir qədər söhbət edib görüşüb ayrılırlar. Vestibüldə Abbas Zamanovla qarşılaşırlar. Abbas müəllim atamla nə barədəsə söhbət edir. Bacım deyir, birdən Abbas Zamanov mənə:

-Qızım, kitablarına baxmaq olar?- dedi və kitabları məndən alıb bir-bir baxmağa başladı. Həmin kitablardan birini ayırıb:

-Qızım, bu kitabı Abbas müəllim səndən xahiş edəcək, əvəzində sənə çoxlu kitablar göndərəcək- dedi.

Bu, Məcid Şamxalovun məşhur "Qaynana"əsəri imiş. Sonra atama izah edib: “Türk dostlarımızdan biri neçə vaxtdır ki, bu kitabı məndən iştəyir. Tapa bilmirdim. İndi rahat oldum. Bu kitabı Türkiyəyə göndəcəm.”

Atamın arxivində Abbas müəllimin atama yazdığı çoxlu sayda məktubları, avtoqrafla göndərdiyi kitabları var. O məktublarda ifadə olunan fikirlər Abbas  müəllimin böyük şəxsiyyətindən, böyük vətəndaşlığından, böyük İnsanlığından xəbər verir. Bu məktublardakı fikirlər həm də Abbas Zamanovun Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə sonsuz,

aşırı sevgisinin yüksək ifadəsidir...

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.