“Ədəbiyyat və incəsənət” portalı Ədəbi qiraət rubrikasında oxucularına Mingəçevirdə yaşayıb yaradan şair Elşən Əzimin “Qapılar” şeirini təqdim edir.
Bilir gedən qışdı, gələn bahardı,
açılır budaqda yarpaq qapılar.
Qara bir üzündə, ağ bir üzündə,
işığa, zülmətə ortaq qapılar.
Bir də görürsən ki, çırpılır üzə,
bir işıq süzülüb sancılır gözə.
Əyilib keçməyi öyrədir bizə,
boyu boyumuzdan alçaq qapılar.
Ürək kəlmə-kəlmə süzülüb gedər,
dünya ağızlarda söz olub gedər.
Söz ayaq altında toz olub gedər,
olmasa dillərə dodaq qapılar.
Kağız qapıları döyür bu qələm,
döyür ki, bir mətləb üstünə gələm.
Açılsa nə fayda, örtülsə nə qəm,
sürtük astanası tapdaq qaılar.
Hardan açılırsa, ora bağlanır,
dönür çərçivələr tora, bağlanır.
Bütün qapılardan sonra bağlanır,
daş qıfıl altında torpaq qapılar.