Xalq yazıçısı Mehdi Hüseynin şəxsi mənşəli arxiv sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib

 

Xalq yazıçısı Mehdi Hüseyn yaradıcılığının pərəstişkarları üçün şad xəbərimiz var. Ədibin şəxsi mənşəli arxiv sənədləri daimi mühafizə məqsədilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Milli Arxiv İdarəsinin mediaya açıqlamasına istinadən xəbər verir ki, 2110 sənəddən ibarət olan arxiv Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində müvafiq qaydaların tələbinə uyğun olaraq qəbul edilərək arxiv qaydalarına uyğun işlənilib. 355 saxlama vahidindən ibarət fondun sənədləri 1926-2009-cu illəri əhatə edir. Sənədlərin əsasını müəllifin əlyazmaları (roman və dramlar, pyes və povestlər, ssenari və kinodramlar, hekayələr, məqalələr, xatirələr, məktublar və s.), tərcümeyi-hal və digər təsviri sənədlər təşkil edir.

Təhvil verilmiş sənədlərdən müəllifin “Səhər”, “Qara daşlar” və s. romanlarının əski əlifba ilə olan əlyazmaları, “Səhər” ədəbi ssenarisi, “Fətəli xan” kinodramı və s. ssenariləri, kiçik və böyük həcmli hekayələri, eləcə də klassik və müasir ədəbiyyatın mühüm problemlərinə dair elmi-nəzəri məqalələri diqqəti cəlb edir.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.