Bu gün dünyada qara cümə günü kimi qeyd edilir. Hər il noyabr ayının son cüməsi qara cümə sayılır. Əslində, bu gün qara yox, al-əlvan gündür, çünki böyük endirimlər günüdür, insanlar alış-verişdən yaxşıca pul qazanırlar. Bizimsə mövzumuz bu Qara Cümə günündə kitablardır. Bilik mənbəyi olan kitablar. Dünyanın ən böyük onlayn kitab satışı platforması olan “Litres” Qara Cüməyə böyük kitab endirimləri təklif edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı platformanın rəsmi satış səhifəsinə istinad edərək məlumat verir. Belə ki, bu gündən başlayaraq noyabrın 27-dək hətta ayrı-ayrı kitablara 90 faiz endirim təklif olunur.
Bu arada platforma həm də oxucularına ən çox satılan, ən böyük təlabat duyulan kitabların siyahısını da təqdim edir. Gəlin bu siyahıya göz gəzdirək.
Edit Yeva Eger.”Vergi. Daxili azadlığın 12 açarı”. Janr: Praktik psixologiya və antistress.
Həyatını müsbətə dəyişmək istəyən hər kəs üçün çox vacib bir kitab. Gələcəyinizi dolu edin, keçmişinizi boşaldın deyir müəllif. Həyatı yaxşılığa doğru dəyişməyin yolunda çox şey əngəl ola bilər: nifrət, qorxu, utanc, günah, dərd, bədbəxtçiliklər. Amma bu daxili destruktiv hallarla mütləq barışmaz mübarizə aparmaq mümkündür.
Faciəli həyat yaşayan, doğmalarını itirən, karyera uğursuzluqları ilə üzləşən, amma sınmayan, əyilməyən bu xanım öz həyat yolunu oxucusuna örnək gətirir. Deyir, nə olursa olsun, bircə, təslim olmayın.
Mark Menson. “Pofiqizmin zərif incəsənəti. Xoşbəxt yaşamağın paradoksal üsulu”. Janr: Psixologiya və özünüinkişafetdirmə.
Müəllif nəyi iddia edir? Onu ki, xoşbbəxtliyə qovuşmaqda əsas son hədəf deyil, əsas gedilən yoldur. Qəribə məntiqdir, deyilmi? Müəllifədn başqa bir məsləhət. Bir cüt əsas şeyləri seçib digər şeylərdən vaz keçməlisiniz ki, həm az yorulasınız, həm də məqsəddən yayınmayasınız.
Sonda isə o deyir ki, mən ironik tonda yazsam belə, insanları hardasa sırtıqlığa, hər şeyi ürəyə almamağa, daha az həssaslığa çağırsam belə, hər halda haqlıyam. Çünki bu cür olmağı bizdən dövr tələb edir.
Bəs siz necə düçünürsünüz?
Fil Nayt. “Ayaqqabısatan. Nike kompaniyasının tarixini onun banisi danışır”. Janr: Bioqrafiya, memuar.
Ameriaklı milyarder, biznesmen, dünyaşöhrətli Nike brendinin yaradıcısı, şəxsi əmlakı 40 milyard dollar olan Fil Nayt öz həyat hekayətini o qədər rəvan və aydın nəql edir ki, oxuyan onun yolunu məmnuniyyətlə getmək istəyir.
Haçansa o, adi mühasib olub. Ancaq çox şey istəyib. Bilib ki, istəklərinə nail olmaq üçün ölkələr gəzməli, fərqli mədəniyyətlərlə tanış olmalıdır. Və Asiya ölkələrinə səyahət edərkən idman ayaqqabılarının - krossovkaların maraqlı modellərini görüb. Onda ki, Avropa və Amerika hələ bu ayaqqabıları geymirdi, elə Avropa və Amerikada ən sevilən idman ayaqqabısı da Çin ketaları idi. Fil Nayt öncə krossovkaları ucuz alıb Amerikada baha satmaq planı quraraq bu planla fəaliyyətə başlayıb, zaman yetişəndə isə öz fabrikini açıb.
Çətinliklər hər tərəfdən üstünə yerisələr də bu inadkar və fədakar şəxs yolundan dönməyib.
Corc R.R.Martin. “Taxt-tac oyunu”. Janr: Fentezi
Yeri gəlmişkən, Azərbaycanda da çox populyar olan bu əfsanəvi fentezi öz növbəsində superpopulyar serialın yaranmasına da şərait yaradıb, dünyada yüz milyonlarla insan hazırda həm eyniadlı kitabı oxuyur, həm də teleseriala baxır.
Hadisələr uydurma bir ölkədə cərəyan edir. Burada orta əsrlər əxlaqı bərqərardır. Vesteros materikini hakimiyyəti zəbt etmiş Barateon sülaləsi idarə edir. Tayvin Lannister Kralın dostu və himayəçisidir. Onun qızı Serseya isə Kralın həyat yoldaşıdır.
Uzun illər ölkə inkişaf edir, çiçəklənir. Zira, növbəti çevriliş baş verir. Kimlər bunu edirlər və nə yolla edirlər? Kitab buna cavab verir. Özü də teleserialdan fərqli şəkildə. Mütəxəssislər deyir ki, kitab filmdən daha dərindir.
Robert Kirosaki. “Varlı ata, kasıb ata”. Janr: Biznes.
Ən nəhayət, nömrə bir olan kitab: Zamanın sınağından çıxmış bu bestseller bütün satış reytinqlərində öz siqmentində birincilik əldə edib. Bu əsər insanlara ailə münasibətlərini necə qurmağı öyrədir. Müəllifin doğma atası sadə müəllim olub, az qazanıb və qazancını artırmağın yollarını da düşünməyib. Amma müəllifin dostununsa atası investisiyada fərlənərək sürətlə varlanmaqda olub. Kirosaki atasının acı təcrübəsində varlanmağın yollarını göstərir və deyir ki, “könlü balıq istəyən quyruğunu buzlu suya qoyar”.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)