Tural Turan yazır
Ermənistanda çap olunan azərbaycanlı müəllifləri ürəkdən təbrik edirəm! Böyük uğurdur. Ardı gəlsin.
İllər əvvəl bu haqda yazmışdım. Demişdim ki, düşməni məğlub etmək istəyirsənsə və ya onunla dostlaşmağı düşünürsənsə, qarşı tərəfə mədəniyyətlə, şeirlə, nəsrlə yaxınlaşmalısan.
Təəssüf ki, onlar bu dəfə də bizi qabaqladılar. Özlərini sülhə əl uzadan ilk tərəf kimi göstərə bildilər. Biz yenə də ermənilərə uduzduq.
Mən illərdir Yazıçılar Birliyinə, onun rəhbərliyinə bu barədə açıq müraciətlər etmişəm. Qulaqardına vurdular.
Onlara bu sərf etmirdi. Çünki Kreml qafalı adamlara bu cür unikal ideyalar lazım deyil.
Onlara ucuz tədbir keçirib şəkil paylaşmaqla görüntü yaratmaq sərf edir.
Ermənistanda Azərbaycan yazıçılarını çap etdiyinə görə Zara Hatutyana və digərlərinə təşəkkür edirəm!
Heç olmasa, ardını biz gətirək və gələn dəfə özümüzünküləri təbrik etmək diləyi ilə...
Redaksiyadan:
Bu mövzu ciddi fikir ayrılıqları yaradıb. “Düşmən düşməndir, heç bir yaxınlıqdan söhbət gedə bilməz” deyənlər də əksəriyyətdir. Biz əks fikirdə olanların da mövqelərini dərc edəcəyik.
“Ədəbiyyat və incəsənət” (24.11.2022)