“Bir qatar gələcəyə yollanır, buğda və qızılgül yükü ilə…” Featured

“Ədəbiyyat və incəsənət” portalı yunan şairi Yannis Riçosın şeirlərini təqdim edir. Şeirləri portal üçün Ümid Nəccari tərcümə etmişdir. 

 

 

 

HƏR UŞAĞIN RÖYASINDA BARIŞ VAR

 

Hər uşağın röyasında barış var,

hər ananın röyasında barış var,

Ağacların altında…

Sevgi sözü misali göyərəndir barış.

Qübar içində bir ata,

gözləri təbəssümlə dolu,

əlində bir səbət meyvə,

alnında tər damcıları,

ipək parça üstündə

Barış olacaq!

Dünyanın simasında

yaralar sağalan zaman,

yanmış ürəklərdə

ümid tumurcuqları açılan zaman.

Qanları haqsız olaraq yerə tökülməyib- xəbərini eşidəndən sonra,

ölülər şikayət etmədən

yuxuya gedən zaman,

dəqiq o zaman,

o zaman barış olacaq!

Barış,

günorta saatlarındakı yemək ətridir.

Barış yəni,

Küçədə saxlayan avtomobil

qorxu mənasını daşımır.

Yəni,

qapını döyən şəxsin adı

Dost olsun.

Yəni,

pəncərəni açmağın mənası

Göy üzü olsun.

Barış yəni,

gözlərin törəni

rəngli zənglərlə…

bəli, barış elə budur!

Barış bir bardaq isti süddür

bir kitabdır uşağın yatağında

Barış yəni,

Bir sünbül budağı ayrı sünbülə çatarkən “İşıq”- desin

Barış,

insanların düyünlənən yumruğudur.

Barış,

dünya masasında isti çörəkdir,

ana gülüşüdür.

 

Yeri şumlayan şəxs

yerə bir sözü yazmaq istəyir,

o da, barış sözüdür,

başqa heç bir şey.

Heç bir şey!

Fəqərələrimin qafiyəsində

Bir qatar gələcəyə yollanır,

buğda və qızıl gül yükü ilə…

Bəli, barış budur.

Qardaşlarım,

bütün aləm

təkcə barış ilə nəfəs alır.

Əllərinizi mənə verin,

Bəli,

Barış elə budur!

 

 

DƏNİZİ GÖRMƏK ÜÇÜN BİR PƏNCƏRƏ

 

Biz burada bəzi şeyləri təsəvvür etməyə məcburuq;

Məsələn bir pəncərə

dənizi görmək üçün…

biz dənizi pəncərədən başqa cür görürük

fərqli olaraq məftilli simlərin arxasından

başqa cür görünmədiyi kimi.

- Günorta saatlarında bir uşağın səsi…

Amma hanı o uşaq?!

- Bir qadın evinin qarşısında 

pillənin üstündə oturmuş

Amma hanı o ev?!

Bir şkaf dolu qış paltarlarından

bir zaman astaca divardakı saatdan damlayır

və bir gözəl əlin kölgəsi dibçəklərə gül əkir…

amma hanı o kölgə?!

Bir həftənin altıncı günündə,

günorta zamanı;

bir qrammofun pəncərənin kənarında oxuyur…

Və bir pişik qonşunun divarı üstündə dincəlir.

Bir alatoranlıq havada

unudulmuş bir qara pişik

Qonşunun divarı üstündə dincəlir…

Və bir gözəl sükut içində,

Qürub çağında addımlayır

və quyruğunu ağappaq Ayın canına sürtür.

Biz bunları təsəvvür etməyə məcburuq.

Burada soyuq gecələrin sayı çoxdur.

Bir dərin tənhalıq

qorxunun dərinliyində vardır 

Məhbusların ölümdən bir neçə saat öncəki qorxuları

o qorxunun dərinliyində vardır.

Və o masada oturub,

ayağını ayağının üstünə aşırıb

gözətçilərlə lotereya oynayır.

Burada pişiklər fərqlidirlər,

Hirsli, məhəbbətsiz, xəstə

Həm də bizim çiyinlərimizə 

çənələrini sürtmürlər.

Bizdən uzaqda otururlar

Bizi araşdırırlar…

Ölümün mənasından nələrisə öyrənirlər,

Ağrının mənasından…

İntiqamın, güzəştin mənasından

Eşq və sükutun mənasından 

nələrisə öyrənirlər.

Dustağın hirsli, acıqlı və sakit pişikləri

bizim gözlərimizi öyrənirlər,

və həyatı onun içində görürlər.

Başımızın üstündən aslanan Ay

həmin bir sözdür ki,

dilimizə gətirə bilmirik.

Bir sözdür ki,

Daş kimi gecənin boğazında tıxanıb.

 

 

FƏRYAD

 

Fəryad etmək istəyirdi,

daha artıq dayana bilməyəcəkdi,

səsini eşidəcək kimsə yox idi orada,

kimsə eşitmək istəmirdi.

Özü də səsindən qorxurdu,

içində boğurdu səsini.

Partlamağa doğru idi sükutu.

Birdən,

havaya uçdu gövdəsinin parçaları,

səssizcə toplayacaqdı bu parçaları…

hamısını bir yerə yığacaqdı,

deşikləri bağlamaq üçün.

Və yolunda bir sarı Zambaq görsə,

onu da götürəcəkdi.

Özünün bir parçası kimi gövdəsinə yapışdıracaqdır,

beləcə,

dəlik-deşik,

görünməmiş bir şəkildə çiçək açırdı indi…

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.