Bəzən şairlər öz əvvəlki şeirlərini paylaşmağa səbəb tapmaqda çətinlik çəkirlər. Amma sevilən şairimiz Vaqif Bəhmənli üçün bu səbəb rahatca tapılıb. O, öz facebook səhifəsində yazır:
“Hava olduqca təmiz və çox gözəldi. Elə bilirəm, qarşıda məni hansısa böyük bir bəxtiyarlıq ğözləyir. Bəlkə elə bu qəribə ovqat səbəbindən 3 sevgi şeirimi paylaşmağa cəsarət elədim. Şeirlər Vaqif Bəhmənli, “Əsərlər”, 3-cü cilddəndir.”
Həmin şeirlərlə biz də oxucularımızı tanış etmək istəyirik. Qoy saf sevgi ovqatı çilənsin ruhumuza.
1. Sevgi şeirlərimi
Bal eləyib dilimi
yazdım ömrün yazında.
Yoluşdurub telimi
yelə verdim... yazanda
sevgi şeirlərimi...
Doyulmaz dadla-tamla
çəkilib bir qırağa
gözümdən damla-damla
ələdim ağ varağa
sevgi şeirlərimi...
Söz dinirdi dərində,
Sevənə döz deyirdi,
Xatirə dəftərində
qızılgül bəzəyirdi
sevgi şeirlərimi.
Anası izləyirdi,
qız düşürdü təlaşa
Çaparaq gizləyirdi
alt üzündə balışın
sevgi şeirlərimi.
Bəyənir Kərəm lələ,
Məcnun da qollayırdı.
Oğlan xətt sala-sala
yarına yollayırdı
Sevgi şeirlərimi.
Yar sözümə qızıl dən,
gülab axdı, deyirdi...
Elə bil ürəyimdən
tikan çıxdı, deyirdi
sevgi şeirlərimə.
İndisə çəkib ahı
başın sallayıb dinmir...
Başıma kül, İlahi,
Arvadım da bəyənmir
sevgi şeirlərimi!
2. Amma, ancaq, və, lakin
Ovum gəlir hədəfə...
amma, ancaq, və, lakin...
Bu dəfə, bax bu dəfə...
amma, ancaq, və, lakin...
Qonhaqonda çaparaq
gül üstünə kəpənək
qopur qəfilcən külək -
amma, ancaq, və, lakin...
Ruhum avara gəzir,
“yar” deyib cara gəzir,
gəzir, dübarə gəzir -
amma, ancaq, və, lakin...
Gələn kimdi, yar ola,
Bağçasında bar ola,
Küllü-ixtiyar olam -
amma, ancaq, və, lakin...
Demə bir səfil batır,
Dərya gözdə fil batır.
Yarı görcək dil batır -
amma, ancaq, və, lakin...
Sevmək deyil ki, dərd, döz!
Boylanıb qalma dördgöz.
Bəlkə çarmıxdı dörd söz -
amma, ancaq, və, lakin?
...Qəlbimi əzirsiniz –
Çox da ki, əzizsiniz...
Ölsəm qannım sizsiniz,
Amma, Ancaq, Və, Lakin!
3. Əlbət
Gözümü yaş aparsa,
silib dözərəm əlbət.
Dizimi daş aparsa,
dəlib dözərəm əlbət.
Arif xəzinə bilər,
Qəmi yığar ipinə.
Nadan eşqi nə bilər? –
bilib dözərəm əlbət...
Hər qadasın alaram,
“Yox” desə, saralaram...
Arsızlığa salaram,
gülüb dözərəm əlbət.
Sübh yeməyim naz olar,
Axşamıma az olar.
Qəm bölünsə azalar –
bölüb dözərəm əlbət.
Günüm dava-şavalı,
Ollam başı havalı;
Götürərəm qavalı,
çalıb dözərəm əlbət.
Yalandı, kiri, dözməz;
Milyonda biri dözməz...
Bu dərdə diri dözməz,
Ölüb dözərəm əlbət!