“Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...” Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizlərə Nargis İsmayılovanın şeirini təqdim edirik. 

 

Bu gün bütün gün darıxdım...

Sabah da darıxacağam...

Yenə, yenə, yenə, yenidən...

Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən...

Valehedicidir,

Qucaqlaya bilmirəm...

Tökülürsən ürəyimdən

 

Vulkan külləri kimi boğucu və yandırıcısan.

Dəyərlim,

Əvəzedilməzim

Çalışıram,

əvəz olunmursan, bacarmıram.

Bacaracağam, bacarmalıyam...

Yoxluğunu əridib...

Davam edəcəyəm bomboz həyatıma

Bir qədəh şərab, bir siqaret... və kitablar...

Göz kölgələrim kimi yayılacaqsan yastığıma, kabusa çevrilib boşalacaqsan gözlərimdən...

Silib ata bilməyəcəyəm bəlkə də qoxunu 

13 kvadratmetrlik otağımdan...

 

Xəyalqırıqlığım!

Kölgələrə çevrilib addımbaaddım izləyəcəksən xoşbəxtliyimi...

Ən möhtəşəm qarabasmam olacaqsan,

asılacaqsan otağımın divarlarından...

Küləyə çevrilib əsəcəksən hər gün ağlıma...

Bilirəm, yenə, yenə, yenidən yellədib qapqara pərdələrimi şığıyacaqsan ürəyimə...

Bir siqaret laqeydliyi ilə əziləcəyəm barmaqlarında...

Közərə-közərə qalacağam, bilirəm...

Sonra qalib ədasıyla çırpılacaq qapıların üzümə...

Mən söykənəcəyəm xəyalının astanasına, biləcəyəm ki, ordasan...

Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq...

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.