Yazıçılar Birliyinin XIII qurultayına 330 nümayəndə seçilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da keçiriləcək.

 

“Ədəbiyyat və incəsənə” portalı AYB-yə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək qurultayda AYB-nin dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonağın iştirak edəcəyi də gözlənilir.

Qurultay nümayəndələrinin siyahısı oktyabrın 22-də qurumun saytında dərc edilib.

Məlumatda diqqətə çatdırılır ki, AYB-nin XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə, növbəti qurultaya nümayəndələr aşağıda göstərilən qayda ilə seçilir: AYB-nin rəhbərliyi (sədr, birinci katib, sədrin müavini, katiblər), Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, AMEA-nın həqiqi və müxbir üzvləri), bundan əvvəlki qurultayda seçilmiş AYB İdarə Heyətinin üzvləri, Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri, qurultaya AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) seçilən (hər on nəfərdən biri olaraq) digər nümayəndələr.

Bu qayda üzrə XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.

Xatırladaq ki, AYB-nin XII qurultayı 2014-cü il iyunun 17-də keçirilib. Həmin qurultaya 439 nəfər nümayəndənin seçildiyi, 364 nəfərin qeydiyyatdan keçərək tədbirdə iştirak etdiyi bildirilmişdi. Həmçinin qurultaya 20-dən çox ölkədən 60-dək qonaq qatılmışdı.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.