Orxan Fikrətoğlu: “Düşünürəm, ədəbi mühit yoxdur. Ədəbsiz bir mühit var” Featured

“Ədəbiyyat və incəsənət” portalının 3X3 rubrikasında çağdaş ədəbiyyatımızın 3 nümayəndəsinə 3 sualla müraciət edilib. Aqşin Yeniseydən, Orxan Fikrətoğlundan və Kənan Hacıdan əməkdaşımız Ümid Nəccari soruşub ki:

-Bugünkü Azərbaycan ədəbiyyatında ədəbi mühiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, ədəbi mühit varmı?

-Azərbaycanda yazıçıların əsas problemi olan kitablarının az sayda satılmasına, ədəbiyyata diqqətin azlığına başlıca səbəblər nə ola bilər? Və çıxış yolunu nədə görürsünüz?

Ölkəmizdə təşkil olunan kitab sərgiləri ədəbi mühiti canlandıra bildimi?

 

Orxan Fikrətoğlunun cavablarını təqdim edirik:

-Düşünürəm, ədəbi mühit yoxdur. Ədəbsiz bir mühit var. Bu ədəbsiz mühit necə şəkillənib: təsəvvür edin ki, fərqli-fərqli dəstələr təşkil olunub. Bu dəstələr məhəlli, bölgə və yaxud dostlar tərəfindən yaradılmış şəkilindədir. Onların öz aralarında seçdiyi və qəbul etdiyi, qəbul etmədiyi və gündəmə çıxartdığı “dahi”lər var, amma blok şəkilində “dahi”ləri var, “zəyif”ləri var, “irəli” gedənləri var.

Təəssüf olsun ki, ümumi Azərbaycan ədəbi mühiti mənzərəsini formalaşdıran, obyektiv qiymət verməyi bacaran ədəbiyatın elitası yoxdur. Xalqın yaddaşında Sovet dönəmindən qalmış yazıçı və şair adında tanınan insanlar var. O cümlədən, publisistik reallıqda, ədəbiyyatla junalistika arasında formalaşmış bir mühit. Mən şəxsən onların heç birini ədəbiyyat nümunəsi kimi qəbul etmirəm. Bu “yazıçı”lar hətta özlərindən sonra gələn yeni nəslə məsləhətlər verirlər. (gülür). Bu absurddur. Və konkret ədəbi mühitin olmadığına görə, küllü halda dəyərləndirmək mümkün deyil.  Məsələn, çox istedadlı insanlar var ki, sosial şəbəkə yazarlarına çevriliblər. Çox istedadlı yazarlar var ki, maddi baxımından məcbur olaraq jurnalistə çevriliblər və saytlarda işləyirlər. Çox istedadlı yazarlar var ki, ümumiyyətlə, gündəmdə deyillər və ona görə də, vahid ədəbi mühit haqqında danışmaq mümkün deyil

-Bir mənalı olaraq, bu gün kitaba qayıtmaq təhsilimizin problemidir. Kitaba qayıtmaq cəmiyyətimizdə ziyalıya verilən qiymət problemidir. Xalqın ədəbiyyatı sosial sifariş olaraq yazıçıya vermək problemidir. Ümumiyyətlə, xalqın müariflənmək istəmək problemidir. Təsadüfi deyil ki, bugünkü sosioloqlar, politoloqlar, siyasi texnoloqlar həm ruhani və həm mənəvi baxımdan ədəbiyyatın gərəksiz bir sahə olduğunu, yəni, gəlir gətirməyən bir sahə olduğunu bizə sırımaq istəyirlər. Əlbəttə, bütün ömrünü ədəbiyyata sərf etmiş bir adam kimi bu deyilənlərə inanmıram və qəbul etmirəm. Bununla belə, ədəbiyyat bazar reallığında özünü doğrulda bilməz. Ədəbiyyat dövlət himayəsində də özünü doğrulda bilməz, çünki dövlət əgər ədəbiyyatı sifariş verəcəksə, özünə uyğun bir şəkildə sifariş verəcək və özünə uyğun olanları yazdıracaq. Bazar da elədir. Bazarın şüuru heç yoxdur. Yenə dövlət sənə sifariş verirsə müəyyən ideolojini sifariş verir, bazar sənə düşünə bilməyən kütlənin küt maraqlarından qaynaqlanan bioloji sifarişlər verir. Tutaq ki, sevgi, səni gərginlikdə saxlayan detektiv janra aid bir şeylər... Düşünürəm ki, hər ikisi də ifratdır və ədəbiyyata aid deyil. Ona görə də, yazıçının bir nömrəli problemi onun kitabının satılması deyil, onun dəyərinin qaytarılmasıdır. Yazıçı cəmiyyətdə dəyər olaraq qəbul olunmalıdır. Ölkəni filosoflar idarə etməlidir, ədəbiyyatı ədəbiyyatçılar idarə etməlidir. Kapital gəlir deyil. Məsələn, mən şəxsən kitab sərgilərində öz kitabını satan yazıçı satıcılarını görəndə içimdən bir kədər keçir. Sizi əmin etmək istəyirəm ki, heç də xoş şəkillənmə deyil. Yazıçı daha elitdir, yazıçı daha yüksəkdədir və yazıçının etdikləri, yazdıqları millətin təməl prinsiplərinin formalaşmasına yönəlir. Əlbəttə ki, kitab satan yazıçı xalqın yaddaşında və gözünün qabağında heç vaxt hər hansı bir böyük fikiri söyləyən ziyalı kimi şəkillənə bilməz, mümkün deyil. Çünki arada bir bazar xətti var.

 

-Canlandıra bilmədi! Əlbəttə ki, canlandıra bilmədi. Ora dəvət olunan və kitabların seçilməsi, müəlliflərin çağırılması subyektivdir. Məsəl üçün, elə yazıçı var ki, ümumiyyətlə kütlə içinə çıxmaq istəmir. Və yaxud, kitabını oraya gətirib bu yeni qurallarla sərgiləmək istəmir. Amma bütün xalq bilir ki, o, ciddi yazıçıdır və onun ədəbiyatını istəyirlər.  O təşkilatçılar o yazıçıları müəyyən etməyə qadirdimi? Ümumiyyətlə, təşkilatçılar monitorinq aparmışdılarmı ki, hansı kitablar daha oxunaqlıdır? Ümumiyyətlə, bütün bunların arxasında Azərbaycan dövlətinin maraqları dururdumu? Mən sonuncu Beynəlxalq Kitab Sərginsində ən yüksək yerdə İran bayrağını gördüm. Mənə çox maraqlı gəldi, Azərbaycan bayraqları, Türkiyə bayraqları bir kənarda idi, amma ən yüksək yerdə bir İran bayrağı dalğalanırdı. Satılan kitabların otuz-qırx faizi dini zəmində kitablar idi. Bu gün bu bizə lazımdırmı? Əlbəttə ki, biz müsəlmanıq və müsəlman dəyərlərini paylaşmalıyıq. Amma tutaq ki, Azərbaycan dilçiliyi, Azərbaycan dövlətinin təməl prinsipləri ilə bağlı, vətəndaş inistutları, qeyri-hökümət təşkilatlarının təşviqi ilə bağlı varıydımı kitablar? Düşünürəm az idi. Gerçək ədəbiyyat- Xaqanidən üzü bu yana, klassik ədəbiyyatdır.

Şəxsən məndə çap olunmamış 350 Şirvan şairinin şeir var, nə zaman çap olunacaq? Məndə bütün Bakı tarixinə  dair sənədlər var, haçan çap olunacaq? Hansı nəşriyyat bu missiyanı üzərinə götürəcək? Ümumiyyətlə, düşünürəm, Azərbaycanda kitab işi formalaşmayıb, yazıçı ilə nəşriyyat münasibətləri qanun vasitəsilə tənzimlənməyib. Bunlar çox ciddi məsələlərdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.