Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Bakı Şəhər Baş İdarəsinin nümayəndələri, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Cənubi Rusiya Humanitar Universitetinin fəxri professoru Rasim Nəbioğlu, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfli, Hüseyn Cavid muzeyinin direktor müavini Lalə Əliyeva, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri iştirak ediblər.
Qonaqlar H.Cavid yaradıcılığı haqqında geniş məruzə ilə çıxış ediblər. İncəsənət gimnaziyasının şagirdlərinin ifasında kompozisiya təqdim olunub.
Eyni zamanda, tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış, Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən videoçarx və fotolardan ibarət sərgi nümayiş olunub.