“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Firudin bəy Köçərliyə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub.
Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoyub.
1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib. M.F.Axundovun, Cəlil Məmmədquluzadənin və başqa yerli və xarici yazarların əsərlərini digər dillərə tərcümə edib.
1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılıb. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sonradan Qazaxda ilk uşaq evi açır.
Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firudin bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilib.