“Yorulanda baş qoyasan, Bir qağayı qanadına…” Featured

“Ədəbiyyat və invəsənət” Poetik qiraət rubrikasında sevilən şair Əlizadə Nurinin “Getmək” şeirini təqdim edir. 

 

Hamıdan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Yer üzünü tapşırasan

Bu balaca uşaqlara.

 

Götürəsən qələmini

Son şeirinin varağından.

Hərdən əyilib öpəsən,

Çiçəklərin yanağından.

 

Bir qız çıxa yolun üstə,

O ağlaya, yol ağlaya.

Gedəsən  batan günəşi 

Soraqlaya-soraqlaya…

 

Dənizi içib gedəsən,

Su adına, qan adına.

Yorulanda baş qoyasan,

Bir qağayı qanadına.

 

Dalğaları çevirəsən,

O üzünə, bu üzünə.

Bat, ya batma-nə fərqi var,

Hamı çıxır su üzünə…

 

Qoy arxanca danışsınlar:-

Hara getdi, nəyə getdi?

Bir uşaq göyü göstərə-

Allahı görməyə getdi…

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.