“Qonağımız var” layihəsi çərçivəsində Zahid Xəlillə görüş

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində Nərimanov rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında görkəmli şair, yazıçı, professor Zahid Xəlil ilə görüş keçirilib.

 

Baş İdarədən mediaya verilən məlumata görə, tədbirdə Nərimanov rayon MKS-in əməkdaşları, oxucular, Nərimanov rayon Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin müəllimləri iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd uşaqları yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlilin həyat və yaradıcılığı ilə tanış etmək, eləcə də onların kitaba olan marağını və dünyagörüşlərini artırmaqdır.

İlk olaraq şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzi kitabxananın əməkdaşı Günel Eyvazova qonaqları salamlayaraq, uşaq yazarı Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, yazıçı yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” və digər şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.

Vurğulanıb ki, Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.

Şair Vətən müharibəsi dövründə xalqımızın böyük Qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir yumruq dastanı” əsəri haqqında ətraflı danışıb.

Daha sonra Zahid Xəlilin yazdığı şeirlər dinlənilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şairin şeirlərinə bəstələnmiş mahnılar isə hamıda xoş ovqat yaradıb.

Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.