300-dən çox şeiri yandırılmış kosovolu şair Lulzim Tafanın şeirləri Featured

Tərcümə Ümid Nəccarinindir

 

Lulzim Tafa professordur, Priştinada AAB Universitetinin rektorudur. Həm də şairdir.

1970-ci ildə Kosovo Respublikasının Lipcan şəhərində anadan olub. Priştina Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsilini alıb, Sarayevo Universitetində isə doktorantura təhsilini  başa vurub.

1999-cu il müharibəsi zamanı o, Kosovoda olub. Onun bütün əmlakı, o cümlədən kitabxanası, şəkilləri və ən əsası 300-dən çox şeiri olan əlyazması evi ilə birlikdə yandırılıb. Müharibədən sonra o, şeir yazmağa davam edib, insan haqları və azadlıqları sahəsində məşğul olmağa başlayıb.

O, çoxsaylı kitab və şeir toplularının müəllifidir. Şeirləri dünyanın bir neçə dilinə tərcümə olunub və müxtəlif müəlliflər tərəfindən bir çox antologiyalara daxil edilib.

İndiyədək onun əsərləri ingilis, alman, italyan, serb, xorvat, Monteneqro, Bosniya, makedon, rumın, fransız, ərəb, yunan, türk, İsveç, macar, rus, fars dillərinə tərcümə olunub.

O, dünyanın ən məşhur alban şairlərindən biri olmaqla yanaşı, həm də ən çox tərcümə edilən şairdir. Dünyanın hər yerindən nəşriyyatlar onun kitablarını tərcümə edib nəşr etdirirlər. Kosovadan olan müəlliflər və ədəbiyyatşünaslar onun bədii yaradıcılığını çox yüksək qiymətləndirirlər. Ədəbiyyat sahəsində ən məşhur beynəlxalq ədəbi jurnallarda da onun əsərləri dərc olunmaqdadır.

***

DAŞLAR İLƏ DANIŞIQ

 

Səninlə danışmaq istəyirəm,

inanılası bir şey üçün…

Buraya kimi hiss etmisənmi dərdi?

Günəş yandıracaq səni,

ürəyin özləyibmi onu?

Səni kim dondurdu?

Ona görə heç bir oddan söhbət gedə bilməz,

O, səni əridə bilərmi?

 

 

GÜNƏŞ İLƏ DANIŞIQ

 

Səninlə danışmaq istəyirəm,

yalnız səninlə.

Kimsə sənə toxuna bilibmi

əlləri ilə?

Gözlərin yaşla doludur.

 

 

BİZƏ DEDİLƏR

 

Buraya kimi gülmüsənmi,

yoxsa ağlamısan?

Doğulduğun gündən

qanlar sakit dayanmır.

Səni kəssələr belə,

kiminlə danışırsan,

sevgiyə çevrildimi?

Bir gizli sirrinmi var,

Nəyi min qıfıl altında gizlətmisən?

 

 

TAXTA İLƏ DANIŞIQ

 

Səbrinə görə sənə aşiqəm,

ağızdan çıxan bir səs ki,

eşitmirsən onu.

Baltadan çəkinirsən

səni gözlədiyini bildiyində,

oddan qorxursan,

yanacağını bildiyində

 

 

YER ÜZÜ KİMİDİR ŞEİR

 

Yer üzü kimidir şeir,

bir çox insanı var,

yorucu.

Okeanları var,

dağları, təpələri,

daş, taxta, meyvə,

şirin meyvə ağacları,

soyuq fəsillər və aşiqanə küləklər,

kədərli…

Su, torpaq, çiçək,

sarmaşıq gülləri,

məzarlıqda otları,

bataqlıqları…

Yer üzü kimidir şeir,

Bir azca böyük…

 

 

ÜZÜNÜ XATIRLAYIRAM

 

Üzünü xatırlayıram,

gözyaşı qana dönüb

mənim üzərimdə….

Dilini xatırlayıram,

bir ilandır qara zəhəri ilə

taleymi özünə düyünləyib.

Sən yatarkən,

yuxudan dururam,

xatirələrinlə baş-başa qalıram.

 

 

BİR XOŞ GECƏ YAĞIŞLA

 

Bir xoş gecə yağışla,

şəhərin sükutu öldürür məni,

gecikmiş fəsillər,

islaq və nəm bir şəhərdə…

Bir xoş gecə yağışla,

yalqız bir qonaq,

islaq və nəm bir şəhərdə,

bir yerdə uzanıb yatacaq.

Bir xoş gecə yağışla,

ayaq izlərimi silməyəcəkdir,

qan qoxusu verən bir şəhərdə…

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.