“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Muzeyin mediaya açıqlamasına istinadən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, milli dramaturgiyamızın inkişafında, peşəkar teatrımızın təşəkkülündə və tərəqqisində müstəsna rolu olan yazıçı-dramaturq, maarifçi Nəcəf bəy Vəzirova həsr olunub.
Nəcəf Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin aprel ayının 2-də Azərbaycanın səfalı guşələrindən biri olan Şuşa şəhərində anadan olub. O, əslən bəy nəslindən olsa da, ailə artıq müflisləmişdi. Bir tərəfdən də atası Fətəli bəy əmək qabiliyyətini erkən yaşlarından itirdiyindən ailənin dolanışığı çətin idi. Bu səbəbdən də Mina xanım ömür-gün yoldaşının yükünü azaltmaq üçün təsərrüfat işlərini görməyi öz öhdəsinə götürmüşdü. Elə bundan sonra da onlar Nəcəfi mədrəsəyə göndərməyi imkanlaşdırırlar. Balaca Nəcəf iti zehni və çalışqanlığı sayəsində tez zamanda Quran oxumağı, ərəbcə sərbəst yazmağı öyrənir. Bir il sonra şəhərin mülkiyyə məktəbinə daxil olmasına baxmayaraq müəlliminin kobud rəftarı onu oradan uzaq salır. Lakin oxumaq və öyrənmək həvəsi onu tərk etmir. Yaxın bir qohumundan rus dilini öyrənir və kənddə mirzəlik edərək artıq kiçik yaşlarından ailəsinə maddi yardım göstərməyə başlayır. Gündən-günə elmə, maarifə marağı artan Nəcəf yarım qalmış təhsilini davam etdirmək məqsədilə 1868-ci ildə doğma Şuşadan ayrılıb Bakıya gəlir. Burada şəhərin ən mötəbər təhsil ocaqlarından sayılan realnı gimnaziyaya daxil olur. Çox keçmir ki, o, öz bacarığı və biliyi ilə bütün müəllimlərin rəğbətini qazanır. Böyük mütəfəkkir Həsən bəy Zərdabi ilə tanışlığı isə onda yeni mütərəqqi ideyaları formalaşdırır. Elə o vaxtlardan N. Vəzirov H. Zərdabinin məsləhəti ilə həm təbiət elmlərinə xüsusi maraq göstərir, həm də rus klassik yazıçılarının əsərlərini mütaliə etməyə başlayır. Artıq 1873-cü ildə Bakı realnı məktəbinin şagirdləri ilə birlikdə ana dilində tamaşa hazırlamaq qərarına gələrək fikrini müəllimi, "Əkinçi" qəzetinin redaktoru və naşiri H.Zərdabiyə bildirir. Həsən bəy ona Mirzə Fətəli Axundzadənin "Təmsilat"ını oxuyub tanış olmağı və oynamağa bir məsxərə seçməyi tapşırır. Gənc Nəcəf dramaturqun “Lənkəran xanının vəziri” komediyasını seçib, əsəri tamaşaya hazırlamağa başlayır. H. Zərdabi hazırlıq prosesinə məsuliyyəti öz öhdəsinə götürərək məşqlərdə iştirak edir. Beləliklə, Novruz bayramı ərəfəsində mart ayının 10-da “Nəciblər klubu” binasında (“Sobraniye” binası da adlanıb) xeyriyyə məqsədilə ilk tamaşa oynanılır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu tamaşanın Tiflisdə M.F.Axundzadənin şəxsi arxivindən tapılan afişası bu gün nadir eksponat kimi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunur və afişada əsərin adı “Sərgüzəşti-vəziri-xani Sərab” kimi göstərilib. Bayram ərəfəsində oynanılan bu tamaşa ilə həm milli peşəkar teatrımızın əsası qoyulur, həm də bundan sonra teatr tamaşalarından yığılan pulun xeyriyyəyə sərf olunması, kasıb şagirdlərə məsrəf edilməsi bir ənənə şəklini alır. N. Vəzirov elə həmin il aprel ayının 17-də yenidən realnı məktəbin şagirdlərilə M. F. Axundzadənin irsinə müraciət edərək “Hekayəti-sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyasını səhnələşdirir. O, gimnaziyanı gümüş medalla bitirib 1874-cü ildə məşhur Peterburq Universitetinə qəbul olunur. Lakin şəhərin rütubətli havası onun səhhətinə mənfi təsir göstərir. Həkimlərin məsləhəti ilə məkanı dəyişmək məcburiyyətində qalan N. Vəzirov Moskvadakı Petrovski Akademiyasına daxil olur. Ali təhsilini başa vurduqdan sonra 1878-ci ildə vətənə qayıdan N. Vəzirov əvvəlcə müxtəlif bölgələrdə meşəbəyi kimi işləyir. 1895-ci ildə Bakıya köçüb vəkilliklə məşğul olduğu zaman kəsimində mətbuat səhifələrində publisistik yazılarla çıxış edir. Onun məqalələri 1905-1918-ci illərdə “Həyat”, “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”, “El həyatı”, “Açıq söz”, “Mirat” qəzetlərində çap olunur.
Moskvanın teatr mühiti ilə, habelə klassik rus və dünya ədəbiyyatı ilə yaxından tanış olan N. Vəzirov dramaturgiyaya da ciddi maraq göstərməyə başlayır. O, hələ gimnaziyada oxuduğu illərdə hazırladığı ilk teatr tamaşasından təsirlənərək birpərdəli “Əti sənin, sümüyü mənim” və “Qaragünlü” məzhəkələrini yazmışdır. Ardınca “Ev tərbiyəsinin bir şəkli”, “Gəmi lövbərsiz olmaz”, sonralar isə “Daldan atılan daş topuğa dəyər”, “Sonraki peşmançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük” (və ya “Hacı Qəmbər”) komediyalarını, “Müsibəti-Fəxrəddin” faciəsini və “Pəhlivanani-zəmanə” (“Zəmanə pəhlivanları”) dramını tamamlayıb. O, özünün “Müsibəti-Fəxrəddin” əsərilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. Teatrşünasların fikrincə bu əsər həmçinin romantik dramaturgiyanın, teatrın və romantik aktyor məktəbinin təməli də hesab olunur.
Ədəbi yaradıcılığı ilə yanaşı teatr fəaliyyəti ilə də məşğul olan dramaturq müxtəlif teatr truppalarında bəzən rejissor, bəzən də həvəskar aktyor kimi görünüb. Bununla kifayətlənməyərək teatrların repertuar kasadlığı çəkdiyi bir dövrdə “Ağa Kərim xan Ərdəbili”, “Vay şələküm-məəlləküm”, “Nə əkərsən, onu biçərsən”, “Keçmişdə qaçaqlar”, “Pul düşkünü Hacı Fərəc”, “Keçmişdə qaçaqlar”, “Təzə əsrin ibtidası” kimi pyesləri ilə milli teatrımızın inkişafına böyük töhfələr verib. Onu da qeyd edək ki, 1913-cü il noyabr ayının 15-də “Səfa” mədəni-maarif cəmiyyəti Tağıyev teatrında (şəhər teatrında) dramaturqun ədəbi fəaliyyətinin 40 illiyinin yubiley təntənəsini keçirib. Yubiley mərasiminin bədii hissəsində Cahangir Zeynalovun rejissorluğu ilə ədibin “Hacı Qəmbər” komediyası oynanılıb.
Təəssüf ki, ömrünün sonlarına yaxın yazdığı “Mehdi xan Tabasarani” pyesini tamamlamaq dramaturqa nəsib olmayıb. Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləyən N. Vəzirov 1926-cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxının Çuxuryurd kəndinə gedir və iyul ayının 9-da orada ürək tutmasından vəfat edir. Dramaturqun məzarı Bakıda birinci Fəxri xiyabandadır.