“Ədəbiyyat və incəsənət” portalı cəlilabadlı şair Əlizadə Nurinin “Mən də sevinc alacaqdım…” şeirini “Poetik qiraət rubrikasında təqdim edir.
Yüz yerə böldünüz məni-
Nə qaldı qalıq yerinə?
İlahi, kimdən yapışım
Tutum yaxalıq yerinə?..
O sevirsə- hələ sağdı,
Bəxtim qara, üzüm ağdı.
Mən də sevinc alacaqdım,
Düşdüm bahalıq yerinə.
Söz atdım o qarğalara,
İş düşəcək darğalara…
Tor atdılar dalğalara
Tutdular balıq yerinə.
Nə ev tikdim, nə dam gördüm,
Yaxına da yadam, gördüm.
Yüz ildə bir adam gördüm-
And içdim xalıq yerinə…