“Ədəbiyyat və incəsənət” portalı populyar “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə oxucularına Musa Yaqubun “Yoxluğumdur sənə nifrət etməyim” şeirini təqdim edir.
Dedin, bu qanadla necə uçarsan,
Özünü ələ al, könlünü uyut.
Deyirsən, nifrət et mənə bacarsan,
Nifrət et, bu vaxtsız sevdanı unut.
Sarmaşıqdan çəpər çəkmişəm ki mən
Nə baxım, nə görüm, nə yetim sənə.
Şuluq uşağını tənbeh eyləyən
Ana qəzəbidir nifrətim sənə.
Bulud yağışını əsirgəyəndə,
Torpaq cadarlanıb "yandım" deyəndə,
Baxma o torpağın qarğışlarına;
O yenə üzünü
Bir vüsal günü
Sürtər o buludun yağışlarına.
Mənim də nifrətim, qarğışım belə,
Mənim də qəzəbli baxışım belə.
Bülbül yuvasına toxunsa biri
Daha o budağa dönməz quşcuğaz.
Sızıldar canında bir yuva yeri
Amma yuvasına nifrəti olmaz.
Mənim də küsməyim, dönməyim belə.
Könlüm yana-yana sönməyim belə.
Çəmən ayrısının, çöl ayrısının
Mənim o çəməndən gülümü göndər.
Nifrəti ölümdür bal arısının
Sancdımı, özü də məhv olub gedər.
Buludum, yağışım, yuvam, pətəyim,
Yoxluğumdur sənə nifrət etməyim.