“Səni başqasıyla görmək də gözəl” – Güneyli Elnaz İslamvəndin şeirləri Featured

 “Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri Elnaz İslamvəndin şeirləri ilə tanış edəcək.  Köylü Qız adıyla tanınmış güneyli şairə Elnaz İslamvənd  1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə Təbriz Universitetinin pedaqoji fakültəsini bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci ildə və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.

 

SALAM VERDİYİM GÜNƏŞ

 

Köçəri quşları sevdin həmişə,

Gəlib qonaq qalıb gedən quşları.

Gələnin cütlədin başmaqlarını,

Bir an dayanmaya belə qıçları.

 

Bir buxça bələdin xatirələrdən,

Olub keçənləri silib-süpürdün.

Sanki biz heç zaman tanışmamışdıq,

Sanki sən deyildin məni öpürdün.

 

Şəhərdən şəhərə boylanmadaydıq,

Mən sizin günəşə salam verərdim.

Görərdin sən orda bir ağac əkdin,

Mən burda meyvəsin əl atıb dərdim!

 

Bilirdim azanız haçağ səslənər,

Kölgənə quş belə qonsa bilərdim.

Baharı dizimə çökdürürdün sən,

Hanı mən gördüyüm? -

                            Borandı, qar, qış!

 

“Sənə gül alımmı?” dediyin gündən,

Gül nədi, başıma kül ələyirsən.

Mən gedən deyildim, özün bilirsən,

Sən məni bu yola itələyirsən.

 

Köçəri quşları sevdin həmişə,

Gəlib qonaq qalıb gedən quşları.

Gələnin cütlədin başmaqlarını,

Bir an dayanmaya belə qıçları.

 

QIVRILAN YOL

 

Mən yoruldum, gözün aydın,

Bu sən, bu verdiyin ürək.

Artıq tanrının əlindən,

Heç iş belə gəlməyəcək.

 

Kim deyir ki, ömür boyu,

Yora bilməz yollar məni!

Fəsillər aldadır bizi,

Təqvimlər oynadır səni.

 

Birisi köçürtdü səni,

O fəsildən bu fəsilə.

Yuxu da görməzdim belə,

Ayağım səndən kəsilə.

 

Mən yoruldum, gözün aydın,

Dönürəm, bu imza, bu qol.

Sonunda zəhrini tökdü,

İlan kimi qıvrılan yol…

 

QADIN

 

Harada quyulanarsa;

Oyaq gözlərlə baxar qadın!

Üfürər tanrı, gözlərindəki torpağı,

Gömülməz!

Yeddi can var köksündə

Çıxmaz,

Canı can doğurar, bitməz!

Mətbəxdəki duz qabında mumyaya dönər

Tablolarında gül pənbə rəngi görünər

 

Getməz!

Yaşarmış gözlərində,

Cavanlaşar şəhər.

Süpürər yanağını

Quyulanar, quyulanar.

Doldurar ancaq

Erkəklərin çanağını

Gözlərindən

Göyərçinlər uçar öföqə sarı.

Qartal qanadlarını gizlədərək “dikdabanlarında”

Sərçələri qonaqlamağa çırmalanar dik-dik

Atlanar… Atlanar…

Sığalsızkən saçları

Dördnala çapar əzik-əzik

Yol!

Özündə başlayıb, özündə bitər

İki ayaq yeriyər onda, görməzsən!

İki ayaq uzaqlaşar səndə, bilməzsən!

Sevgi,

Malikanəsidir qadının!

Səsi qapı səsi,

Gülüşü pəncərə

Hazır ol!

İşkilləməsin dodağını qadın!...

 

 URMU

 

O qədər dedilər: “Dənizdir, dəniz”,

Deyirəm bəs sənə göz dəydi, Urmu!

Dərdi təzələsəm hənizdi həniz,

Bilirəm yarana duz dəydi, Urmu.

 

Al bu göz yaşları Təbrizdən gəlir,

Qıymasan üzünə baxmaram, Urmu!

Biz ana torpağın övladlarıyıq,

Gərəkdir paylaşaq çətin durumu.

 

Gördün babaların sözü düz çıxdı,

Dedilər: “İçindən yeyilər ağac”.

Duz yeyib duzqabı sındıran oldu,

Daraşdı üstünə hər ac yalavac.

 

Pisliyi pis etmək ayıbdır, ayıb,

Əti dırnağından ayırmazlar ki?!

Döyüşdə arxadan vurana lənət,

Əsgəri qurşunla doyurmazlar ki?!

 

Dərdi təzələsəm hənizdi, həniz,

Nə bilim, bəlkə də bir zaman oldu.

İndi duzlağında oynayan uşaq,

Gələcək günlərə Səttarxan oldu!

 

GİZLİNPAÇ 

 

Səni başqasıyla gördüyüm anda,

Özümdən sabaha yol yerimişdim.

O qədər yerinə utanmışdım ki,

Səhər açılınca lap ərimişdim.

 

Toxundu saçıma süpürgəçimiz,

Vitrində matışka güldü üzümə.

Biraz buraxılmış siqar qutusu,

Biraz da qəhqəhə dəydi gözümə!

 

Səni başqasıyla görməyə nə var?

Hər zaman deyəndə: “Alma”, gəlmişəm.

Biraz gecənizdən heyva tökülüb,

Heyva yəni gəlmə, özüm gəlmişəm.

 

Səni başqasıyla görmək də olur,

Bu da ki, bir tordur, bu da bir biçim.

Mən gərək zamanın durduğu yerdə,

Bu kefli nağıldan adlayıb keçim.

 

Səni başqasıyla görmək də gözəl,

Dağ kimi səsimi qaytarır odam.

Ömür var sevərəm məni buraxsan,

Bir yerdən başlayıb gərək unudam…

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.