Azərbaycanın dostu Arye Qut vəfat etdi Featured

 

Bəziləri onu İsrail – Azərbaycan dostluğunun təkanvericisi kimi, bəziləri antierməni fəaliyyətinə görə fəal siyasi və ictimai xadim, jurnalist kimi tanıyırdı. Bəzilərinə o Xocalı soyqırımından bəhs edən “Ağrı” romanının müəllifi, yazıçı kimi tanış idi. Söhbət Arye Qutdan - xərçəng xəstəliyindən əziyyət çəkən, nəhayət ona təslim olan işıqlı, gözəl bir şəxsdən gedir.

 

“Ədəbiyyat vəincəsənət” portalı xəbər verir ki,o, "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi idi.

Arye Qut 1975-ci ilin 2 iyununda Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirmiş, sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilmişdi. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri olmuşdu. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi vardı. Arye Qut Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışırdı.

Atası azərbaycanlı, anası yəhudidir, 2000-ci ildə o, İsrail Dövlətinə köçmüşdü. 2002–2009-cu illər ərzində tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri vəzifəsində çalışmışdı.

2007–2009-ci illərdə Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsini daşımışdı.

Bununla yanaşı, Arye Qut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınırdı. Eyni zamanda, İsrailin dövlət radiosunda "Radio reka”,"Reşet Bet" verilişlərini aparırdı, İsrailin 10 televiziya kanalında daimi siyasi şərhçi kimi çıxış edirdi.

Son beş ildə Arye Qut İsrailin hərbi sənaye kompleksində çalışırdı və bu strukturda postSovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunurdu. O, İsrailin müdafiə nazirliyində siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəsislərdən biri sayılırdı.

Arye Qut tək İsrail yox, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi. Arye Qut Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığına aid, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biriydi. İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasının rəsmi əlaqələndirici idi.

Uzun sürən xərçəng xəstəliyi bu gün onu bizim sıralarımızdan qopardı. Allah ona rəhmət eləsin.

 

ZƏRURİ QEYD:

İsrailin Təl-Əviv şəhərindəki "Medial" nəşriyyatında "Ağrı" bədii-sənədli romanı ilk olaraq ingilis dilində çapdan çıxmışdı. Arye Qutun atası Əmir Qutla birgə yazdığı bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda  törədilən soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.

 

"Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub. O hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb. Bu qanlı faciədən iyirmi ildən çox keçdiyinə baxmayaraq həmin hadisələr sanki möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”.

"Ağrı" romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtıblar. Müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürək ağrısı ilə təsvir ediblər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq ediblər.

Məlumata görə bir il öncə isə "Ağrı" romanı İsraildə rus dilində nəşr olunmuşdu. Kitabın ilk nüsxəsi Arye Qut tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilmişdi. "Ağrı" bədii-sənədli romanı artıq rus, ingilis və italyan dillərində də çapdan çıxıb.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.