“Gəlinlər qorxurllar oğlan doğmağa” - Vəfa Qafarovanın şeiri Featured

 

 

 

Atanı çiynində oğul daşıyar,

Çiynində daşımaz adam balasın,

Deyirlər ki, həyat davam eyləyir,

Heç nə davam etmir, atam balası!!!

 

Bəs necə oxşasın, necə ağlasın,

Bu qərib atalar qərib oğlunu,

Ata var qürbətdə çörək qazanıb,

İldə bircə dəfə görüb oğlunu.

 

Turqutun gülüşü, Elçinin səsi,

Əkbərin baxışı ağlımdan getmir,

Biz bitdik, tükəndik, öldük, ilahi,

Nə dava qurtarmır, nə şəhid bitmir!

 

Bu gün məzarlarda rahatlıq tapan,

Gecələr gözünü yummayanlardır,

Vətənə dağ boyda oğul verənlər,

Vətəndən bir qəpik ummayanlardır.

 

Ürəkdə saxlayın, göz üstdə tutun,

Əzrayıl dadanıb oğul yığmağa,

Bir gecədə ölüm fərmanı  gəlir,

Gəlinlər qorxurllar oğlan doğmağa.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.