İnsan qocalmalıdır, bu təbii prosesdir. Bunu faciə saymaq da düzgün deyil. Hər yaşın öz gözəlliyi var, deyirlər. Və hər yaşın da öz yaşantıları, düşüncələri, arzu və ümidləri var.
“Həvəskar yazarlar” rubrikasında sizə peşəcə müəllim olan Şəbnəm Əbdurəhmanovanın “Həmidə” şeirini təqdim edirik.
Yaşlanmışam, bilirəm...
Artıq saçım da ağdır.
Qırış düşüb üzümə,
Əlim qabar-qabardır.
Daha vücudum incə,
Yerişim nazlı deyil.
Düyün düşüb boğaza,
Səsim avazlı deyil.
Artıq çiçək qoxmuram,
Yoxdur o xoş ətirlər.
Kimsə məni vəsf etmir,
Boş qalıbdır sətirlər...
Günbəgün qocalıram
Yaş üstünə yaş gəlir.
Bir zaman gülən gözdən
Hər dəqiqə yaş gəlir.
Hər səhəri açıram
Yuxusuz şişkin gözlə.
İçimdə son bir ümid,
"Həmidə, bir az gözlə!"
"Gözlə, bəlkə girəcək
Övladın o qapıdan,
Ya da yarın duracaq,
Yatdığı torpağından."
"Bəlkə də sən yenidən
Lap cavan olacaqsan…”
…Sən demə, ümidlərmiş
İnsanlığı yaşadan.