“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın hikmət boxçasından növbəti kəlamları dərc edir.
*Ağıllı kasıb varlı, ağılsız varlı kasıb görünər...
*Vara yox demək -- hiyləgərlik,
Yoxa var demək -- hünərvərlik...
*Yuxarı mərtəbəyə qalxmaqla aşağıya enmək arasında bəzən bir nəfəs dərimi qədər zaman məsafəsi olur...
*Alimlər etiraz etməsəydilər, kainatda yeganə hərarət mənbəyinin Günəş olması faktına mən sevən insan qəlbini də əlavə edərdim...
*Cahildən də artıq cahil varsa, o da aqillə cahili bərabər tutan kəsdir...
*Əsası hörmətlə qoyulan sevgini ayrılıq da bitirə bilməz...
*Yamana yaxşılıq edib yaxşılığı yaman etmə...
*Yaxşılıqla olunan pislik pisliklə olunan yaxşılıqdan yaxşıdır...
*Yaltaqlıqla ofis rəhbəri, filial müdiri, müavin də, müşavir də, qəyyum da olmaq olar, amma sənətkar yox...
*Gəlişin, gülüşün, sevincin bir yana, qəzəbini belə sevməyənin sevgisinə inanma...
*Gülüşlərinə gülümsədiyinin göz yaşlarını da öpməlisən...
*Səndən qaçanın nə arxasınca düş, nə də qabağına qaç...
*Könlünü sındırdığının könlünü almaq neçə-neçə Kəbə ziyarətinə bərabərdir...
*Vicdanlı və ədalətli kəs bütün səhv addımlarının səbəbini özündə axtarandır...
*Hətta haqlı olsa belə, incidən inciyəndən daha çox əzab çəkir...
*Hər şeyə hakim olan zaman təkcə sevgiyə hökm edə bilmir...
*Adını münasib siyahıdan çıxaran çıxdaşların sənin möhtəşəmliyindən qorxduqlarına əmin ol...
*Günah səni görməyənlərdə yox, sənin görə bilməyənləri görə bilməyindədir...
*Ömür qısa olsa da, əməl uzundur...
*Ümid xəyalın tanışı, məqsədin dostudur...
*Təsəlli real istəkdən doğulan layiqli köməkdir...
*Ən böyük güc də peşimanlıq qarşısında acizdir...
*Məqamında əsəbini cilovlaya bilən adamın sağlamlığına şübhə yoxdur...
*Vətən eşqi Allah eşqidir!..